Məhkəmə qərarları › İş №e-2(001)-338/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-338/2024

28.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-338/2024 28.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi və Binəqədi Rayonu M.Ə.X11 cəlb edilməklə) “cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində çıxarılması və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək, sahənin ilkin vəziyyətə qaytarılması və həmin sahə üzərində iddiaçının istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi və Binəqədi Rayonu M.Ə.X11 cəlb edilməklə) “cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində çıxarılması və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək, sahənin ilkin vəziyyətə qaytarılması və həmin sahə üzərində iddiaçının stifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 324saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış və həmin qərara əsasən həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 512 saylı Müqaviləyə əsasən ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən həmin cavabdehlərin çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş hasarın və digər özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək sahənin ilkin vəziyyətə qaytarılması, həmin torpaq sahəsi üzərində onun istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə işə baxarkən hazırki iş üzrə cavabdehlərin əməllərində Cinayət Məcəlləsinin 222-1 maddəsində (Özbaşına tikinti işləri aparma) nəzərdə tutulmuş və ya digər cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1də istifadədə olan 0,298 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 56,3 kv.m olan qeyri-yaşayış binası (“AVEY” kafesinin filialı) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 510 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli (Seriya MH N 0019698) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmçinin ünvan 1 ünvanda yerləşən "AVEY” kafesinin filialının TEXNİKİ PASPORTU xx.xx.2003-cü il tarixdə tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 22.11,2006-cı il tarixli 324 saylı qərarı ilə 7-ci mikrorayon, Xarici Dairəvi küçəsində, X20 məhəlləsində “Üç qardaş” kafesinin yanında 400 kv.m torpaq sahəsi ona fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. Həmin 400 kv.m torpaq sahəsi onun mülkiyyətində olan ünvan 1də yerləşən qeyri-yaşayış binasının qarşısında yerləşir. Bundan sonra, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 512 saylı Müqavilə bağlanmışdır. Eyni zamanda ona fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin (400 kv.m) Situasiya planı tərtib və təsdiq edilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli AJV N 063892 saylı kassa mədaxil orderinin qəbzi ilə həmin 400 kv.m torpaq sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir. Həmin hallar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-cü il tarixli arayışı və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Bundan başqa, hazırkı ərizəyə əlavə edilən Binəqədi Bələdiyyəsinin 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsindəki ona məxsus torpaq sahəsinin vergi ödəyicisi olması barədə “Tədiyə Bildirişi”, onun həmin torpaq sahəsinin vergisini ödəməsi barədə “2023-cü il üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin ŞƏXSİ HESAB VƏRƏQƏSİ” və onun tərəfindən 2023-cü il üçün vergilərin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli elektron ödəniş qəbzindən göründüyü kimi, həmin 400 kv.m torpaq sahəsinin vergiləri də 17 il ərzində onun tərəfindən tam ödənilmişdir. Həmin sahə onun tərəfindən mişar daşı ilə hasarlanmış, lakin maddi imkanı olmadığına görə fərdi yaşayış evi inşa edilməmiş, həmçinin qapalı olğuğundan ora uzun müddət baş çəkməmişdir. Təqribən iki il bundan əvvəl o, həmin sahəyə baş çəkmiş, həmin vaxt məlum olmuşdur ki, həmin torpaq sahəsinin təqribən 60 kv.m hissəsi sol divar qonşusu - Cavabdeh2 (onun şəxsiyyəti Binəqədi RPİ İŞ-də araşdırma zamanı müəyyən edilmişdir) tərəfindən mişar daşı ilə hörülmüş hasarın bir hissəsi sökülərək dəmir tor çəkilmişdir. Belə ki, həmin vaxt oradan çıxan bir nəfər qadın (Cavabdeh2 anası) ona bildirmişdir ki, mişar daşı ilə hörülmüş hasarı o, sökülərək dəmir toru da o çəkmiş, orada toyuq-cücə saxlayır. O, həmin qadına öz iradını bildirərək, sahəni əvvəlki vəziyyətə qaytarmağı tələb etmiş, qadın da razılaşmış, bundan sonra o, həmin qadının sözlərinə inanaraq çıxıb getmişdir. O, xx.xx.2022-ci il tarixdə yenidən həmin ünvana gəlmiş, bu zaman orada dəmir torun sökülərək zəbt edilmiş sahənin mişar daşı ilə hasarlanmasının şahidi olmuşdur. Həmin vaxt o, həmin qadın ilə əlaqə saxlayıb öz iradını bildirmiş, qadın isə ona həmin torpaq sahəsini onlara satmağı təklif etmiş, o, həmin qadına torpaq sahəsini satmaq istəmədiyini bildirmiş, qadın isə ondan mobil nömrəsini istəmiş və onunla əlaqə saxlayacağını bildirmiş, o da mobil nömrəsini vermiş, lakin onunla heç kim əlaqə saxlamamışdır. Həmin sahənin bir hissəsi də Cavabdeh2 digər qonşusu X9 və X4 tərəfindən sahənin bir hissəsi zəbt edilərək, mişar daşı ilə hörülmüş və orada “əldamı” da tikilimişdir. Bundan sonra onun tərəfindən Binəqədi RPİ-yə müraciət edilmiş, Binəqədi RPİdə iki ilə yaxın araşdırma aparılsa da, iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, nəticədə Binəqədi RPİ İŞ-nin müstəntiqi X5 HK-1/1755 saylı xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar edilmişdir Həmin qərardan göründüyü kimi, dəfələrlə müvafiq qərarlardan şikayətlər verilməsinə baxmayaraq, bu günə qədər obyektiv araşdırma aparılmamış, yeri və şəxsiyyəti müəyyən olunmasına baxmayaraq, X2 izahatının alınması belə təmin edilməmiş, hətta dəfələrlə tələb etmələrinə baxmayaraq, işin nəticəsi barədə ona heç bir məlumat verilməmiş, həmin qərarla mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla belə, həmin araşdırma zamanı Cavabdeh2 və həmin torpaq sahəsini zəbt etdiyini etiraf etmiş, həmçinin X10 da atası X6 tərəfindən sahənin bir hissəsinin zəbt edilərək, mişar daşı ilə hörülmüş və orada “əldamı” da tikildiyini etiraf etmişdir. Belə olan halda, o, cavabdehlərə qarşı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hesab edir ki, ona məxsus torpaq sahəsi və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlər Cavabdeh2, X10 və X2 çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş hasarın və digər özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir. Bundan başqa, işdən göründüyü kimi, iş üzrə cavabdehlər tərəfindən onun mülkiyyətində olan torpaq sahəsi zəbt olunaraq, orada özbaşına hasar və qurğular tikilmiş, mövcud tikililər, o cümlədən mövcud olmuş hasar sökülərək, sahənin konstruksiyasında dəyişikliklər edilmişdir. Hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin əməllərində müvafiq cinayətin əlamətlərinin olması faktını da Məhkəmə işə baxarkən araşdırmalı, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində Cinayət Məcəlləsinin 222-1-ci maddəsində (Özbaşına tikinti işləri aparma) nəzərdə tutulmuş və ya digər cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul edir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, ona qarşı verilmiş iddianı qəbul edir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçıya Bələdiyyə tərəfindən xx.xx.2006-cı il tarixli, 324 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin cavabdehlər həmin torpaq sahəsinin 77 kv.m zəbt etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, cavabdehlər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023 il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış HK-1/1755 saylı materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmiş və müraciətin mülki xarakterli olması izah edilərək aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. **********7969 nömrəli tədiyə bildirişinin surətindən görünür ki, İddiaçı 7-ci mikrorayon, X.Dairəvi küçəsi, F.Məlikov məhəlləsində yerləşən torpaq sahəsinə görə 25,8 manat məbləğində torpaq vergisi hesablanmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 25,21 manat məbləğində vergi ödəmişdir. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 324 saylı qərarın surətindən görünür ki, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə (hər kv.m üçün 4,16 manat ödəmək şərti ilə) ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 063892 nömrəli xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən 1664 manat torpaq haqqı ödənilmişdir. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1də istifadədə olan 0.00601 ha torpaq sahəsində yerləşən 56.3 kv.m ümümi, 45.3 kv.m əsas, 11 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (“Avey” kafesinin fialialı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 510 nömrəli vərəqində qeydiyyata alınmışdır. Texniki pasportun surətindən görünür ki, ünvan 1də yerləşən qeyri yaşayış binasının tikintialtı sahəsi 60.1, ümumi sahəsi 56.3, əsas sahəsi 45.3, köməkçi sahəsi kv.m-dir. xx.xx.2003-cü il tarixli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiq İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəllişdirilməsi Departamenti, direktor X15 ünvan 1də yerləşən “Avey” kafesinin fialialı auksiondan 18275000 manat satış qiyməti ilə X1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 324 saylı qərarına əsasən Bakı şəhəri, 7 mikrorayon, Xarici Dairəvi küçəsi, Fərman Məlikov məhələsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin cavabdehlər vətəndaş Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən sözügedən torpaq sahəsinin 77 kv metri qanunsuz olaraq zəbt etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara və situasiya planında qeyd olunan ölçülərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahələrinin iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Baxış zamanı əldə olunmuş məlumatlara və situasiya planında qeyd olunan ölçülərə əsasən, iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsinin 95 m² hissəsinin cavabdehlər Cavabdeh1 (50 m²) və Cavabdeh2 (45 m²) tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmış, həmçinin, həmin torpaq sahəsi məhz Binəqədi rayonu X8 sərəncamı ilə alqı-satqı yolu vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Əmlak hüquqularının siyahısı Mülki Məcəllənin 158.1-ci maddəsi ilə müəyyən edilmiş və mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqlarına aid edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddianın xüsusi qərardad çıxaırlması ilə bağlı hissəsində qeyd etməyi zərur hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və məhkəmə iclaslarında cavabdehlər iddianı etiraf etməklə, qəbul etmişlər. Bu səbəbə görə də, məhkəmə xüsusi qərardadın çıxarılmasına zərurət olmadığını hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə iddianın həmin sahə üzərində iddiaçının istifadə hüququnun təmin edilməsi hissəsində hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 324 saylı qərarı ilə 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə (hər kv.m üçün 4,16 manat ödəmək şərti ilə) ayrılmışdır. Həmçinin, MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1də istifadədə olan 0.00601 ha torpaq sahəsində yerləşən 56.3 kv.m ümümi, 45.3 kv.m əsas, 11 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli Qeyri yaşayış binası (“Avey” kafesinin fialialı) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 510 nömrəli vərəqində qeydiyyata alınmışdır. Belə olan halda da müəyyən edilir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış və onun adına qeydiyyata alınmışdır. Belə olan halda da məhkəmə hesab edir ki, həmin torpaq sahəsi iddiaçının adına qeydiyyatda olduğundan və qeydiyyat ləğv olunmadığından, yəni sözüqedən torpaq sahəsinə dair onun istifadə hüququ itirlmədiyindən iddia bu hissədə rədd edilməlidir. Beləlilə, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı sözügedən torpaq sahəsini alqı-satqı yolu ilə mülkiyyətinə ayrıldığına görə, torpaq sahəsinə dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq iddiaçıya məxsus torpaq sahəsindən çıxmadıqlarından iddiaçı özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş hasarın və digər özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək sahə ilkin vəziyyətə qaytarılmalıdır, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixli 324 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, “Üç qardaş” kafesinin yanında İddiaçı ayrılmış 400 m² torpaq sahəsin zəbt edilmiş hissəsindən çıxarılsın və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş hasarın və digər özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülərək sahə ilkin vəziyyətə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar