Məhkəmə qərarları › İş №e-2(001)-3478/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3478/2022

18.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3478/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X12, X8 və X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cəlb edilməklə) “bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X12, X8 və X9 qanuni nümayəndəsi Qanuni nümayəndə cəlb edilməklə) “bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 31D saylı fərdi yaşayış evi üzrə İddiaçı1 məxsus 9/28 hissəsindəki və İddiaçı2 məxsus 9/28 hissəsindəki payların həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan bacıları X2 bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********35-10301 olan çıxarışa əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 31D saylı fərdi yaşayış evinə X10 1/14 hissə (payı açıq qalır), X6 1/14 hissə, İddiaçı1 9/28 hissə, Qanuni nümayəndə 1/14 hissə, X4 1/14 hissə, X1 1/14 hissə, İddiaçı2 9/28 hissədə mülkiyyət hüquqları tanınmışdır. Onlar öz paylarını bacıları X2 bağışlamaq üçün cavabdehə yazılı ərizə ilə müraciət etmişlər. Lakin onların müraciətlərinə 15 aprel 2022-ci il tarixli, X-89 saylı məktubla imtina verilmişdir. Məktubda qeyd edilir: “Sizin 79 nömrəli 15 aprel 2022-ci il tarixli yazılı ərizənizə cavab olaraq bildirilir ki, “Notariat haqqında” Qanununa əsasən daşınmaz əmlakın bağışlanması zamanı qeydiyyatda olanların razılığı tələb olunur. Qeydiyyatda olanların razılığı və eyni zamanda payçılar arasında hər hansı bir mübahisə varsa daşınmaz əmlakın bağışlanmasını rəsmiləşdirmək qeyri mümkündür. Yuxarıda yazılanları nəzərə alaraq arada yaranmış mübahisənin həlli üçün rayon məhkəməsinə müraciət etməyiniz xahiş olunur”. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız sayırlar. Ona görə də hesab edirlər ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 31D saylı fərdi yaşayış evi üzrə öz paylarının bacıları X2 bağışlanmasına dair bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsi cavabdeh, inzibati orqan – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı Notariat ofisinə həvalə edilməlidir. Cavabdeh ünvan 1 ünvanlayaraq bildirmişdir ki, “Notariat haqqında” Təlimatın 49cu maddəsinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evininin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılğını alır. Notariat haqqında təlimatın müvafiq maddəsini rəhbər tutaraq və mülkiyyətçilərin 15 aprel 2022-ci il tarixdə 79 nömrəli daxili ərizələrinə əsasən qeydiyyatda olanlar arasında yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tərəflərindən tövsiyyə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən onun cavabdehlik qismindən çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq, işlərin çoxluğunun nəzərə alınmasını və 18 iyul 2022-ci il tarixli məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 iddiaya etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 və X9 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D saylı evin (yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 1/14 hissəsinə X10 payı açıq qalmış, 1/14 hissəsinə X6, 9/28 hissəsinə İddiaçı1, 1/14 hissəsinə Qanuni nümayəndə, 1/14 hissəsinə X4, 1/14 hissəsinə X1, 9/28 hissəsinə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır; Bakı şəhəri 26 saylı Notariat ofisinin İddiaçı1 və İddiaçı2 ünvanladığı 15 aprel 2022-ci il tarixli məktubdan görünür ki, “Notariat haqqında” Qanununa əsasən daşınmaz əmlakın bağışlanması zamanı qeydiyyatda olanların razılığı tələb olunur. Qeydiyyatda olanların razılığı və eyni zamanda payçılar arasında hər hansı bir mübahisə varsa daşınmaz əmlakın bağışlanmasını rəsmiləşdirmək qeyri mümkündür. Yuxarıda yazılanları nəzərə alaraq arada yaranmış mübahisənin həlli üçün rayon məhkəməsinə müraciət etmələri xahiş olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin 12 aprel 2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X12, İddiaçı1, İddiaçı2, X14, X15 və X3 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D saylı fərdi yaşayış evində qeydiyyatdadırlar; 28 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində yerləşən (yeni qaydalarla AZ1054, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) 31D saylı fərdi yaşayış evinin 9/28 hissəsinə İddiaçı1, 9/28 hissəsinə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçılar Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək, qeyd olunan fərdi yaşayış evinə olan paylarının bacıları X2 bağışlamaları üçün notarial hərəkətlərin aparılmasını xahiş etmiş, notariat ofisi isə müraciətə imtina cavabı verərək daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin razılığını tələb etmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Mülkiyyət hüququ” insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Mülki qanunvericiliyin normalarından da göründüyü kimi, iddiaçılar daşınmaz əmlakın paylı mülkiyyətçiləri kimi öz paylarını başqa şəxsə bağışlaya bilər. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, bağışlama müqaviləsi də bu əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı bağışlayan şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 334.1, 334.2, və 668.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. (təlimatın 17, 38, 46, və 49-cu bəndləri). Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılığının olmaması notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törətməməlidir. Belə ki, daşınmaz əmlakın paylı mülkiyyətçiləri olan iddiaçıların mülkiyyət hüquqları həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyri-qanuni məhdudlaşdırıla bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Mülki Məcəllənin hüquqi qüvvəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatdan daha üstündür. O da qeyd edilməlidir ki, oxşar mövqe Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında da öz əksini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D saylı evi (yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) üzrə İddiaçı1 məxsus 9/28 hissəsindəki və İddiaçı2 məxsus 9/28 hissəsindəki payların həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X2 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı1 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D saylı evi (yeni qaydalarla: AZ 1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) üzrə İddiaçı1 məxsus 9/28 hissəsindəki və İddiaçı2 məxsus 9/28 hissəsindəki payların həmin ünvanda qeydiyyatda olanların razılığı olmadan X2 bağışlanması barədə müqavilənin təsdiq edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar