Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3481/2022 29.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (X15 və X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90.000 ABŞ dollarının manatın məzənnəsinə uyğun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X15 və X20 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh onun iş yoldaşı olmuşdur. Onun əvvəllər "xxxx" ASC-də işləmiş baldızının qızı X2 aparılan “Yığımyaşam” kampaniyasına uyğun olaraq, pul qoyub gəlir əldə edilməsinin mümkün olması barədə ona məlumat verdikdən sonra o, bu barədə cavabdehə məlumat vermiş və onlar həmin kampaniyaya 230.000 ABŞ dolları məbləğində pul qoymaq qərarına gəlmişdilər. Həmin pulun 90.000 ABŞ dolları hissəsi ona, 140.000 ABŞ dolları hissəsi isə cavabdehə aid olmuşdur. Həmin vəsait onun qızı X18 tərəfindən X9 verilmiş və qohumluq münasibətlərinin işə xələl gətirməməsi üçün bu pulun müəyyən hissəsinin ona aid olması gizlədilmiş və bütün məbləğin məhz cavabdehə məxsus olduğu bildirilmişdir. Lakin verilən pul vəsaiti ilə bağlı hər hansı hərəkət olmadığından bir müddət sonra cavabdeh ona məxsus olan pulun bir hissəsinin qaytarılmasını xahiş etmişdir. Cavabdehin müraciətinə əsasən ona məxsus olan pulun 50.000 ABŞ dolları hissəsi X7 alınaraq, cavabdehə qaytarlmışdır. Bundan sonra X1 dayandırıldığını və qoyulmuş vəsaitin itirilməsi ehtimalının olduğunu bildirdiyindən ondan pulun tam məbləğinin qaytarılması tələb edilmişdir. Lakin pulun qaytarılması ləngidilmiş və bununla bağlı yaranmış problemlərin həlli məqsədi ilə aparılmış çox saylı danışıqlardan sonra 25 sentyabr 2016-cı il tarixdə cavabdehlə X8 qardaşı X20 arasında yalnız 130.000 ABŞ dolları məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Halbuki, ümumilikdə 180.000 ABŞ dolları məbləğində pul qaytarılmalı idi. Müqavilənin məbləği ilə bağlı, o, cavabdehə irad bildirdikdə, cavabdeh ona müqavilədə əks olunmamış 50.000 ABŞ dolları məbləğində pulu da alacağı barədə ona zəmanət vermiş və bunu hər hansı rəsmi sənədin olması səbəbindən etdiyini bildirmişdir. Lakin müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və cavabdeh pulun ödənilməsini tələb etdikdə X20 həmin məbləği ödəyə bilməycəyini bildirmiş və məbləğ baxımından güzəşt edilməsini xahiş etmişdir. Bu zaman cavabdeh borc məbləğinin 90.000 ABŞ dolları hissəsinin ona, 40.000 ABŞ dolları hissəsinin isə İddiaçı aid olduğunu söyləmişdir. X4 130.000 ABŞ dolları məbləğində pulu cavabdehə tam ödəmiş və cavabdeh bu halı təsdiq edən ərizə yazmışdır. O, pulun qaytarılmasını xeyli müddət sonra bilmiş və bildikdən sonra məsələ ilə bağlı cavabdehə müraciət etdikdə, cavabdeh həqiqətdə X20 tərəfindən ona həmin pulun yalnız ona aid olan 90.000 ABŞ dolları hissəsinin qaytarıldığını, həmin vaxt X12 qalan 40.000 ABŞ dolları məbləğində pulun hissə-hissə ödənilməsi barədə qohumları İddiaçı oğu ilə razılıq əldə edəcəyi barədə ona vəd verdiyini və bu səbəbdən borcun tam ödənilməsi barədə ərizənin tərtib edilməsinin ondan xahiş etdiyini, onun da buna razılıq verərək, həmin ərizəni tərtib etdiyini qeyd etmişdir. Halbuki, o, cavabdehə bu barədə hər hansı razılıq və ya tapşırıq verməmişdir. X6 arasında da heç vaxt belə bir razılaşma olmamışdır. X20 da onunla cavabdeh arasında belə bir razılaşmanın olduğunu və cavabdehə 130.000 ABŞ dolları məbləğində borcun cəmi 90.000 ABŞ dolları hissəsini ödədiyini etiraf etmir, 130.000 ABŞ dolları məbləğində pulu tam şəkildə cavabdehə verdiyini bildirir. Pulun alınması mümkün olmadığınından aralarında məhkəmə mübahisəsi yaranmış və bütün pullar X9 onun qızı X18 tərəfindən verildiyindən 90.000 ABŞ dolları məbləğində pul cavabdehdən məhkəmə qaydasında məhz onun qızı tərəfindən tələb edilmişdir. Lakin qızının iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə aktlarında qeyd edilən məbləğin cavabdehdən tələb etmək üçün onun qızının subyektiv hüquqa malik olmadığı qeyd edilmişdir. Bu səbəbdən 90.000 ABŞ dollarının cavabdehdən tutulması tələbinə dair iddia onun tərəfindən qaldırılmışdır. Bu məsələ şikayət əsasında polis orqanları tərəfindən də araşdırılmışdır. Həm araşdırmanın nəticələrinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də qeyd edilən məhkəmə aktlarında cavabdeh 90.000 ABŞ dollarının ona məxsus olmasını etiraf edərək, bu barədə izahat vermişdir. Bundan əlavə bu münasibətlər çərçivəsində cavabdeh gəlir də əldə etmişdir. Lakin o, hər hansı gəlir əldə etməmiş, əksinə cavabdehin borc müqaviləsi bağlayarkən onun razılığı olmadan ona məxsus olan 50.000 ABŞ dolları məbləğində pulu güzəşt etməsi və yalnız 130.000 ABŞ dolları ilə bağlı borc müqaviləsi bağlaması, habelə sonradan borc müqaviləsində göstərilən 130.000 ABŞ dolları məbləğində pulu X10 almasına və bu halı təsdiq edən ərizə yazmasına baxmayaraq, ona aid olan 40.000 ABŞ dolları məbləğində pulu da ona qaytarmaması nəticəsində ümumilikdə ona 90.000 ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. Bununla belə, cavabdeh nəticə etibarı ilə həm kampaniyaya yatırdığı 90.000 ABŞ dolları məbləğində pulu geri almış, həm gəlir əldə etmiş, həm də ona məxsus pulu mənimsəmişdir, o isə pulundan məhrum olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı və İddiaçı mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti çərçivəsində iddia qaldırılmışdır. Belə ki, kampaniyaya yatırılmış pullar X9 iddiaçının qızı tərəfindən verildiyindən məhkəmə qaydasında cavabdehdən və həmin şəxsdən iddiaçının qızı tərəfindən tələb edilmişdir. Daha dəqiq deyilsə, iddiaçının oğlu tərəfindən tələb edilmiş, lakin işə məhkəmədə baxılan zaman həmin şəxs əsl iddiaçı, yəni iddiaçının qızı ilə əvəz edilmidir. Lakin iddia təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Həmin qətnamələrdə pulun hazırki iddiaçı tərəfindən tələb edilməsi qənaətinə gəlindiyindən, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli qətnaməsi onlara təqdim edildikdən sonra, yəni növbəti ay hazırki iddia qaldırılmışdır. Bununla belə, müddət ötürülməmiş və bu səbəbdən hazırki iddiaya müddət tətbiq edilə bilməz. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, cavabdeh məhz iddiaçının məlumatı və müraciəti əsasında "xxxx" ASC-də keçirilən “yığım-yaşam” kampaniyasına 140.000 ABŞ dolları, iddiaçı özü isə 90.000 ABŞ dolları məbləğində pul qoymuşdur. Qeyd edilən pullar kampaniyaya daxil edilməsi üçün iddiaçının oğlu və qızı tərəfindən həmin vaxt bankda işləyən digər qohumları X9 verilmişdir. Lakin gəlir əldə edilmədiyindən cavabdeh həmin pulun ilk olaraq 50.000 ABŞ dolları hissəsini geri almış, sonra isə qalan 90.000 ABŞ dolları məbləğində hissəsinin də ona qaytarılmasını tələb etmişdir. Buna uyğun olaraq, iddiaçı da X7 pulun qaytarılmasını tələb etmişdir. Lakin pulun ödənilməsi ilə bağlı çətinliklər yaranmış və məsələnin həlli məqsədi ilə X8 qardaşı X20, cavabdeh və iddiaçının iştirakı ilə görüş keçirilmişdir. Görüş zamanı X20 bütün məbləğin ödənilməsi üçün maddi imkanının olmadığını bildirmiş və nəticədə həmin şəxslə cavabdeh arasında 130.000 ABŞ dolları məbləğinə dair borc müqaviləsi bağlanmışdır. İddiaçı özü də bu pulun 40.000 ABŞ dolları hissəsinin ona, qalan 90.000 ABŞ dolları hissəsinin isə cavabdehə aid olduğunu bilirdi. Başqa sözlə, iddiaçı özünə aid 50.000 ABŞ dolları məbləğində pulu güzəşt etmişdir. Bu müqavilə üzrə də öhdəliklərin icra olunması təmin edilməmiş və bununla bağlı cavabdeh ona irad bildirdikdə X20 müəyyən edilmiş borc məbləğini ödəyə bilməyəcəyini söyləmiş və məbləğin aşağı salınmasını xahiş etmişdir. Cavabdeh də bu məbləğin 90.000 ABŞ dolları hissəsinin ona, qalan 40.000 ABŞ dolları hissəsinin isə iddiaçıya məxsus olduğunu bildirmişdir. X20 da cavabdehə 90.000 ABŞ dolları verdikdən sonra qalan 40.000 ABŞ dolları məbləğində pulun hissə-hissə iddiaçıya şəxsən qaytaracağına onu inandırmış və borcun tam ödənilməsi barədə ərizə yazmağı cavabdehdən xahiş etmişdir. Cavabdeh də ona inanaraq, notariat kontorunda borcun tam ödənilməsi barədə ərizə yazmış və həmin ərizə üzrə notariat kontoru tərəfindən müqavilə ləğv edilərək, borc öhdəliklərinə xitam verilmişdir. Bu münasibətlər çərçivəsində də cavabdehə gəlir olaraq ümumilikdə 20.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh müqavilə üzrə yalnız özünə məxsus 90.000 ABŞ dolları məbləğində pulu almasına baxmayaraq, iddiaçı, onun qızı və oğlu cavabdehə mütəmadi olaraq zənglər, ondan hüquq mühafizə və məhkəmə instansiyalarına şikayətlər etməyə başlamış və pulun qaytarılmasını tələb etmişdilər. Nəticədə onların şikayəti hüquq mühafizə orqanları, iddiaları isə məhkəmə tərəfindən rədd edilmişdir. Bu da öz növbəsində hazırki iddianın da əsassız olmasına dəlalət edir. Belə ki, kredit müqaviləsinin məhz 130.000 ABŞ dolları məbləğinə dair bağlanmasından və nəticədə cavabdehə bu məbləğin məhz 90.000 ABŞ dolları hissəsinin verilməsindən iddiaçının məlumatı var idi və cavabdeh kredit müqaviləsi bağlanan zaman qalan 50.000 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə iddiaçıya hər hansı zəmanət verməmiş, həmin pulu X16 məhz iddiaçının özü keçmişdir. Digər tərəfdən cavabdehlə X20 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Bununla belə, həmin mübahisənin bitməsindən 5 ilə yaxın bir müddət keçmiş və nəticədə iddia müddəti ötürülmüşdür. Bu səbəbdən hazırki iddiaya iddia müddəti də tədbiq edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və həm iddianın əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə iddianı rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 məhkəməyə ərizə ünvanlayaraq, himayəsində iki azyaşlı uşağın olduğunu və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, həmin ərizədə iddiaya münasibət bildirərək, qeyd etmişdir ki, pullar ona İddiaçı qızı X18 tərəfindən hissə-hissə və faiz ödəmək şərti ilə verilmiş və X18 ona pulların atasının iş yeri üzrə rəisi olan Cavabdeh məxsus olduğunu bildirmişdir. Bir il ərzində həmin pulun faizləri ödənilmiş, faizlərin ödənilməsi gecikdirildiyi təqdirdə deyilənə görə iddiaçı çatışmayan məbləği şəxsən düzəldib borc kimi özündə qeyd etmişdir. Lakin sonradan faizlərin ödənilməsində gecikmələr yarandığından İddiaçı Cavabdeh pulunu qaytarmağı tələb etmişdir. Bundan sonra onun atası Cavabdeh ilə görüşərək, borcun əvəzi olaraq ona əmlakın verilməsini təklif etmiş, lakin sonuncu bu təklifi qəbul etməmiş və bu söhbətdən sonra İddiaçı onun qardaşını Cavabdeh iş otağına aparmış və orada ona təzyiq göstərilərək, ondan 5 gün ərzində pulun qaytarılması tələb edilmişdir. Qardaşı da 5 gün ərzində 50.000 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Bir müddət sonra isə Cavabdeh, İddiaçı və X21 onun qardaşını notariat ofisinə aparmışlar və orada onunla Cavabdeh arasında 130.000 ABŞ dollarına dair borc müqaviləsi bağlanmışdır. Müqavilə imzalanan vaxtdan X5 Yaqub Şaban oğlunun onun atasını işdən çıxaracağını bildirərək, pulun qaytarılmasını israrla tələb etmişdir. Müqavilə müddətinin bitməsi ilə bağlı yenidən borcun əvəzi olaraq əmlakın verilməsi Cavabdeh təklif edilmiş, lakin o, bu təklifi də qəbul etməyərək, pulunun ödənilməsini tələb etmişdir. Lakin bu müddət ərzində İddiaçı, X18 və ya X21 pulun onlara məxsus olduğunu bildirməmişdilər. xx.xx.2017-ci il tarixdə qardaşı X20 digər şəxslərdən borc alıb müqavilə üzrə olan borcu Cavabdeh tam ödəmiş, bununla da müqavilə tam ləğv olunmuşdur. Borc qaytarıldıqdan sonra həm X21, həm də X18 öz narazıçılıqlarını bildirərək, pulun bir hissəsinin X13 baldızının əri Cəfər adlı şəxsə məxsus olmasını bildirdilər. Həmin Cəfər adlı şəxs də onun qardaşının yanına gələrək, Cavabdeh pulun X20 tərəfindən tam şəkildə ona qaytarıldığını söylədiyini bildirmiş və ondan pul tələb etmişdir. Bundan sonra X13 hüquq mühafizə orqanlarına şikayətləri üzrə də o, izahat vermiş, həmçinin sonuncunun ona qarşı iddiası məhkəmədə təmin edilməmişdir. Onun hazırki mülki işə hər hansı aidiyyəti yoxdur. 90.000 ABŞ dolları məbləğində pulun İddiaçı məxsus olması barədə məlumatı olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X20 məhkəməyə məzmun etibarı ilə bacısı X8 ərizəsinə uyğun ərizə ünvanlamış və onun ərizəsində göstərilən halları təkrarlamışdır. Məhkəmə, üçüncü şəxslər X12 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını, o cümlədən onların iddiaya münasibətini əks etdirən ərizələrini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, habelə üçüncü şəxslərin iddiaya münasibətini əks etdirən ərizələri nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh iş yoldaşı olmaqla, iddiaçı cavabdehin inzibati tabeliyində olmuşdur. İddiaçı cavabdehə bankda keçirilən (halbuki, "xxxx" ASC-də belə bir kampaniyanın keçirilməsini təsdiq edən hər hansı sübut mövcud deyil) yığım-yaşam kampaniyasına pul qoyub gəlir əldə etməyi təklif etdikdən sonra, sonuncu onun təklifini qəbul etmiş və bu kampaniyada iştirak etmək üçün iddiaçı 90.000 ABŞ dolları, cavabdeh isə 140.000 ABŞ dolları məbləğində pulu iddiaçının qızı X18 vasitəsi ilə həmin vaxt bank təşkilatında işləyən iddiaçının baldızı qızı (X11 xalası qızı) X9 vermişdir. Lakin sonradan gəlirin əldə edilməsi məsələsində tərəflər arasında narazıçılıq yarandığından cavabdeh ilk olaraq 50.000 ABŞ dollarını geri almış, daha sonra xx.xx.2016-cı il tarixdə isə X8 qardaşı X20 (borc alan) ilə cavabdeh (borc verən) arasında 130.000 ABŞ dolları məbləğində pula dair kredit müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixdə cavabdeh və X20 notariat ofisinə ərizə yazaraq xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 130.000 ABŞ dolları məbləğində pulun müvafiq olaraq tam alınmasını və ödənilməsini bildirmişlər və həmin müqavilənin ləğv edilməsini xahiş etmişdilər. Hazırda iddiaçı 90.000 ABŞ dolları məbləğində pulun ona məxsus olmasını X9 və onun qardaşı X16 bildirmədiyini, onlara bütün pulun Cavabdeh məxsus olması barədə məlumat verdiyini, bu səbəbdən həmin pulun Cavabdeh adından tələb edildiyini və kredit müqaviləsinin də onunla bağlandığını, lakin kredit müqaviləsinin 130.000 ABŞ dolları deyil, 180.000 ABŞ dolları məbləğinə dair bağlanmalı olduğunu, bununla bağlı cavabdehin 50.000 ABŞ dolları məbləğində pulun da sonradan alınması ilə bağlı ona zəmanət verdiyini, lakin nəticədə ona bu pulun verilmədiyini, habelə kredit müqaviləsi üzrə müəyyən edilmiş 130.000 ABŞ dolları məbləğində pulun cavabdehə X20 tərəfindən tam ödənilməsinə baxmayaraq, həmin pulun ona aid olan 40.000 ABŞ dolları hissəsinin də cavabdeh tərəfindən ona qaytarılmadığını, bununla belə ona məxsus olan 90.000 ABŞ dolları məbləğində puldan cavabdehin hərəkətləri nəticəsində məhrum olduğunu bildirir və bu məbləğin ondan tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, ona gəlir qismində cəmi 20.000 ABŞ dolları məbləğində pulun verildiyini, kredit müqaviləsinin 130.000 ABŞ dolları məbləğində pula dair bağlanması barədə iddiaçının məlumatlı olduğunu, qalan 50.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarması barədə hər hansı zəmanət vermədiyini, X20 tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğin yalnız ona aid 90.000 ABŞ dolları hissəsinin ona ödənildiyini, qalan 40.000 ABŞ dolları məbləğində pulun iddiaçıya hissə-hissə qaytarılacağı X20 tərəfindən ona vəd verildiyindən borcun tam qaytarılması barədə notariat ofisinə ərizə yazdığını, həmçinin ondan pulun tələb edilməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etməklə, həm iddianı əsassız olması səbəbindən, həm də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxs X20 cavabdehə 50.000 ABŞ dolları məbləğində pulu ödədiyini, qalan 130.000 ABŞ dolları məbləğində pula dair onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinin bağlandığını, müqavilə üzrə müəyyən edilmiş 130.000 ABŞ dolları məbləğində pulu isə tam olaraq xx.xx.2017-ci il tarixdə ödədiyini və bununla da kredit müqaviləsinin ləğv edildiyini bildirir. Üçüncü şəxs X15 da X14 mövqeyindən çıxış edir. Bundan əlavə iddiaçının oğlu X13 şikayəti üzrə Bakı şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 13 mart 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən X13 müraciəti əsasında toplanmış material üzrə pul tələbinin mülki mübahisə olduğu müəyyənləşdirməklə X8, X12 və Cavabdeh hərəkətlərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin şikayətdə X21 özünə məxsus 90.000 ABŞ dolları, habelə atasının tanışı olan və vergilər idarəsində rəis müavini işləyən Cavabdeh məxsus 140.000 ABŞ dolları, cəmi 230.000 ABŞ dolları məbləğində pulu "xxxx" ASC-də keçirilən yığım-yaşam kampaniyasına qoyulması üçün bu bankda işləyən xalası qızı X9 verdiyini və bütün pulun Cavabdeh məxsus olduğunu ona bildirdiyini, sonradan həmin pulun 50.000 ABŞ dolları hissəsinin geri alaraq atası vasitəsi ilə Cavabdeh qaytardığını, bankda kampaniya keçirilmədiyini öyrəndikdən sonra isə qalan 180.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını X7 tələb etdiyini və bununla bağlı aralarında mübahisə yarandığını, mübahisənin həlli məqsədi ilə onun atasının, xalası oğlu X12, xalası Zümrüd Hüseynovanın və Cavabdeh iştirakı ilə keçirilən görüşdə pulun 50.000 ABŞ dolları hissəsinin keçildiyini, qalan 130.000 ABŞ dolları hissəsi ilə bağlı X20 ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlandığını, müqavilənin müddəti bitdikdən sonra isə pulun ödənilməsi ilə maraqlandıqda X8 həmin pulun X20 tərəfindən Cavabdeh verilməsi barədə ona məlumat verdiyini, həmin vaxt bu pulun 90.000 ABŞ dolları hissəsinin ona məxsus olduğunu söylədikdə, X8 ona pulun Cavabdeh adından verilməsi səbəbindən bütün pulun da X20 tərəfindən məhz Cavabdeh verildiyini bildirəndən sonra Cavabdeh pulunu istədiyini, lakin Cavabdeh ona X10 yalnız özünə məxsus 90.000 ABŞ dolları məbləğində pulu aldığını göstərdiyindən, X8 Cavabdeh ilə birlikdə onu aldatdığını hesab etdiyini bildirmişdir. Araşdırma zamanı üçüncü şəxslər X8, X12, İddiaçı, Cavabdeh, habelə iddiaçının qızı X11 izahatı alınmışdır. Həmin izahatlarda olan eyni fikirlərə əsasən iddiaçı bankda keçirilən yığım-yaşam kampaniyasına qoyulması və gəlir əldə edilməsi üçün bankda işləyən baldızı qızı X9 ümumilikdə 230.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun 90.000 ABŞ dolları hissəsi İddiaçı, qalan 140.000 ABŞ dolları hissəsi isə Cavabdeh məxsus olmasına baxmayaraq, bu barədə X9 məlumat verilməmiş və ona bütün məbləğin cavabdehə məxsus olduğu bildirilmişdir. Sonradan cavabdehin tələbinə uyğun olaraq 50.000 ABŞ dolları X15 tərəfindən iddiaçı vasitəsi ilə cavabdehə qaytarılmışdır. Kampaniyanın keçirilməsi alınmadığından iddiaçı X7 pulun qaytarılması tələb edilmiş və bununla bağlı əldə olunmuş razılığa əsasən 50.000 ABŞ dolları nəzərə alınmamaqla qalan 130.000 ABŞ dolları ilə bağlı cavabdehlə X8 qardaşı X20 arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə pulun ödənilməsi əsası ilə xx.xx.2017-ci il tarixdə ləğv edilmiş və yalnız bundan sonra iddiaçı cavabdehin adından verilmiş pulun 90.000 ABŞ dolları hissəsinin ona məxsus olduğunu X9 və X16 bildirmiş və X7 və X10 özünə aid məbləği tələb etmişdir. Lakin həmin şəxslər bu barədə məlumatlı olmadığını, bütün pulun cavabdehə məxsus olmasını bildiklərini və bu səbəbdən ona verdiklərini bildirmişdilər. Eyni zamanda, cavabdeh istisna olmaqla bütün digər şəxslər izahatlarında X20 tərəfindən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 130.000 ABŞ dollarının cavabdehə ödənildiyini, habelə cavabdehə gəlir qismində də pulun verildiyini (iddiaçı və onun qızı bu məbləğin 54.000 ABŞ dolları olmasını, X15 və X20 57.000 ABŞ dolları olmasını qeyd edir) bildirir. Belə ki, cavabdeh həmin müqavilədə müəyyən edilmiş 130.000 ABŞ dollarının yalnız ona aid olan 90.000 ABŞ dolları hissəsinin X10 qəbul etdiyini vurğulayır, qalan 40.000 ABŞ dolları məbləğində pulun isə iddiaçıya hissə-hissə ödəyəcəyi barədə X12 onu inandırdığını qeyd edir. Gəlirlə bağlı hər hansı fikir söyləmir (lakin məhkəmə iclasında gəlir kimi, ona 20.000 ABŞ dolları məbləğində pulun verildiyini söyləyir). Şikayətdən sonra X21 2021-ci ilin sentyabr ayında iddia qaldıraraq, Cavabdeh 90.000 ABŞ dolları, X7 və X10 20.000 ABŞ dolları və cavabdehlərdən 30.000 ABŞ dolları məbləğində mənəvi zərərin tutulmasını tələb etmişdir. İşə baxılan zaman iddiaçı X21 əsl iddiaçı X18 ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7890/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən X11 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2510/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə, qeyd edir ki, iddiaçı cavabdehdən 90.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etsə də, iddianın “50.000 ABŞ dolları məbləğində pulun tutulması” hissəsi işin hallarına və hüquqi əsasına görə “40.000 ABŞ dolları məbləğində pulun tutulması” hissəsindən fərqlənir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk növbədə iddianın “50.000 ABŞ dolları məbləğində pulun tutulması” hissəsinə hüquqi qiymət verilməlidir. Məhkəmə, iddia tələbinin bu hissəsi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı və sair). Bu baxımdan iddiaçı iddia ərizəsində göstərilənlərə və nümayiş etdirdiyi mövqeyinə uyğun borc qalığının 180.000 ABŞ dolları olmasına baxmayaraq, onun razılığı (icazəsi) olmadan 50.000 ABŞ dollarınının nəzərə alınmadığını (güzəşt edildiyini) və nəticədə cavabdehlə X20 arasında 130.000 ABŞ dollarına dair kredit müqaviləsinin bağlandığını, habelə cavabdehin ona həmin 50.000 ABŞ dollarının da alınmasına dair zəmanət verdiyini sübut etməli idi (X13 iddia ərizəsində də eyni fikirlər əks etdirilmişdir). Lakin iddiaçı hüquqi nəticə etibarı ilə öz mövqeyini, o cümlədən qeyd edilən halların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının oğlu X21 Bakı şəhər Prokurorluğuna ünvanladığı şikayətində 180.000 ABŞ dolları məbləğində pulun X7 geri tələb edilməsi ilə bağlı yaranmış mübahisənin həlli məqsədi ilə atasının (iddiaçının), xalası oğlu X12, xalası Zümrüd Hüseynovanın və cavabdehin iştirakı ilə görüş təşkil edildiyini və həmin görüşdə pulun 50.000 ABŞ dolları hissəsinin onlar üçün keçilməsi və qalan 130.000 ABŞ dolları hissəsinə dair X20 ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına dair razılığa gəlindiyini bildirmişdir. Bu tərkibdə görüşün baş tutması və məhz həmin görüşdə 50.000 ABŞ dollarının keçilməsi (güzəşt edilməsi) nəinki X8, X12 və cavabdehin izahatları ilə, həmçinin İddiaçı özünün və qızı X11 izahatı ilə də təsdiq edilir. Hətta iddiaçı öz izahatında həmin görüş zamanı razılaşıb pulun 50.000 ABŞ dolları hissəsinin X9 güzəştə getdiyini (fərdi qaydada) qeyd etmişdir. Onun qızı X18 da eyni məzmunlu izahat vermişdir. Bununla belə, artıq müəyyən edildiyi kimi, 50.000 ABŞ dolları məbləğində pulun güzəşt edilməsi məsələsi iddiaçının iştirakı ilə keçirilmiş görüşdə müzakirə edilmiş və iddiaçı məhz ona aid 50.000 ABŞ dollarını öz iradəsinə əsasən güzəşt etmişdir. Belə ki, kredit müqaviləsinin 130.000 ABŞ dollarına dair bağlanmasından narazı olan iddiaçıya (həqiqətən də narazıçılıq olduğu halda) əlavə olaraq 50.000 ABŞ dolları ilə bağlı da kredit müqaviləsinin bağlanmasının təşkil edilməsinə (yenə də Cavabdeh vasitəsi ilə) hər hansı maneə yox idi. Bu səbəbdən məhkəmə iddiaçının mövqeyini və dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kredit müqaviləsinin məhz 130.000 ABŞ dolları məbləğinə dair bağlanması cavabdehin hər hansı təqsirli hərəkətinə, o cümlədən 50.000 ABŞ dollarının sonradan alınıb iddiaçıya verilməsi barədə vədinə deyil, iddiaçının öz iradəsinə söykənir. Bu da öz növbəsində iddianın bu hissədə rədd edilməsini şərtləndirir. Məhkəmə, iddianın “40.000 ABŞ dolları məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə X20 arasında xx.xx.2016-cı il tarixdə hüquqi nəticə etibarı ilə borcun etirafı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilənin predmeti olan 130.000 ABŞ dolları məbləğində pulun 40.000 ABŞ dolları hissəsinin ona məxsus olduğunu, lakin bütün bu məbləğin X20 tərəfindən cavabdehə ödənilməsinə baxmayaraq, cavabdehin həmin pulun ona məxsus olan 40.000 ABŞ dolları hissəsini ona vermədiyini iddia edir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş 130.000 ABŞ dolları məbləğində pulun 40.000 ABŞ dolları hissəsinin iddiaçıya məxsus olmasını etiraf edir, lakin X20 tərəfindən ona 130.000 ABŞ dolları deyil, yalnız ona məxsus olan 90.000 ABŞ dolları məbləğində pulun qaytarıldığını, qalan 40.000 ABŞ dolları məbləğinin isə hissəhissə iddiaçıya qaytarılması ilə bağlı onu inandırdığını qeyd edir. Halbuki, iddiaçının oğlunun şikayəti üzrə Bakı şəhər Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı cavabdehdən başqa, izahatları alınmış bütün digər şəxslər, xüsusilə də həmin müqavilənin tərəfi olan X20 cavabdehə məhz 130.000 ABŞ dolları məbləğində pulun verildiyini bildirir. X20 hazırki iş üzrə məhkəməyə ünvanladığı ərizəsində də bu mövqeydən çıxış edir. Bundan başqa, müqavilənin tərəfləri olan X20 və cavabdeh xx.xx.2017-ci il tarixdə 9 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, hər ikisi 130.000 ABŞ dolları məbləğində pulun geri qaytarıldığını bildirmişlər və müqavilənin ləğv edilməsini xahiş etmişdilər. Başqa sözlə, cavabdeh Notariat Ofisinə 90.000 ABŞ dolları deyil, məhz 130.000 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Bununla belə, mövcud sübutlar, o cümlədən notarial qaydasında təsdiq edilmiş ərizələr qarşısında cavabdehin dəlilləri hər hansı əhəmiyyət kəsb etmir və əsassız olur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə X20 tərəfindən cavabdehə məhz 130.000 ABŞ dolları məbləğində pul qaytarılmış, lakin buna baxmayaraq, cavabdeh həmin pulun iddiaçıya aid olan 40.000 ABŞ dolları hissəsini ona təhvil verməmişdir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər öz aralarında yaranmış münasibətləri necə adlandırılmasından asılı olmayaraq, iddiaçı ilə cavabdeh arasında hüquqi nəticə etibarı ilə şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçının tapşırığı əsasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman müqaviləyə özünə aid 90.000 ABŞ dolları ilə yanaşı iddiaçıya aid 40.000 ABŞ dolları məbləğini də daxil etmiş və müqavilə üzrə pulu X10 aldıqdan sonra iddiaçıya aid həmin 40.000 ABŞ dolları məbləğində pulu ona təhvil verməli idi. Belə ki, üçüncü şəxslər 230.000 ABŞ dolları məbləğində pulun bir hissəsinin iddiaçıya məxsus olduqlarını bilmədiklərini, iddiaçı, onun qızı və cavabdeh isə bu barədə onlara hər hansı məlumat vermədiklərini qeyd edir. 40.000 ABŞ dolları da bu müqaviləyə cavabdehin iddiaçıya olan müraciəti əsasında deyil, iddiaçının cavabdehə müraciəti və cavabdehin razılığı əsasında daxil edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlə X20 arasında yaranmış kredit münasibətlərinin predmetinə, həmçinin, iddiaçıya məxsus olan pulun daxil edilməsi iddiaçının tapşırığı əsasında həyata keçirilmişdir. Beləliklə, cavabdeh X6 arasında yaranmış kredit münasibətlərində, həmçinin iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış etmiş və 130.000 ABŞ dolları məbləğində pulu X10 alsa da, həmin pula daxil olan və iddiaçıya məxsus olan 40.000 ABŞ dolları məbləğində pulu nəticə etibarı ilə iddiaçıya təhvil verməmişdir. Bununla da tapşırığın icrası nəticəsində əldə etdiyi 40.000 ABŞ dolları məbləğində pulu iddiaçıya verməməklə, ona maddi zərər vurmuşdur. Bu səbəbdən cavabdeh iddiaçıya təhvil verməli olduğu 40.000 ABŞ dolları məbləğində pulu tam şəkildə iddiaçıya qaytarmalıdır. Məhkəmə, iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, 230.000 ABŞ dolları məbləğində pul iddiaçının qızı X18 tərəfindən X9 verilmiş, habelə tələbinə uyğun olaraq 50.000 ABŞ dolları, habelə gəlir kimi verilmiş pul məbləği də X15 tərəfindən Cavabdeh X18 vasitəsi ilə ötürülmüşdür. xx.xx.2016-cı il tarixli müqavilə xx.xx.2017-ci il tarixdə ləğv edilsə də, iddiaçı tərəf bu barədə həmin ilin sonu, növbəti ilin əvvəli məlumat əldə etmiş, lakin pulun tələb edilməsi nəticə vermədiyindən iddiaçının oğlu 2018-ci ilin mart ayında Bakı şəhər Prokurorluğuna şikayətlə, 2021-ci ilin sentyabr ayında isə cavabdehə və üçüncü şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı da pulların alınıb verilməsində iddiaçının qızı iştirak etdiyindən iddiaçı onun şəxsində əsl iddiaçı ilə əvəz edilmişdir. Lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının belə bir iddia ilə cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia rədd edilmiş və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu nəticə ilə razılaşmışdır. Bununla belə, hüquqi nəticə etibarı ilə hazırki iddia üzrə tələb edilən pulun tutulması tələbi ilə bağlı iddia müddəti ötürülmədən qeyd edilən münasibətlərin iştirakçısı olan iddiaçının qızı tərəfindən artıq müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmüş və hazırki iddianın iddiaçının qızı tərəfindən deyil, bilavasitə özü tərəfindən irəli sürülməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edildikdən və bu nəticə ilə Bakı Apellyasiya Məhkəməsi razılaşdıqdan qısa müddət sonra iddiaçı hazırki iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçının subyektiv hüququ məhz qeyd edilən qətnamələrlə müəyyən edilmiş, iddiaçı da bu halın müəyyən edilməsindən dərhal sonra iddia qaldırmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin inzibati tabeliyində olan şəxs olmuş və təbii ki, bu halın mövcudluğu da hazırki iddianın yalnız 2021-ci ilin sentyabr ayında qaldırılmasına səbəb olmuşdur. Bununla belə, iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddiaya iddia müddəti tədbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 40.000 ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 40.000 (qırx min) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-3481/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3481/2022
29.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver