Məhkəmə qərarları › İş №e-2(001)-3482/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3482/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3482/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun, yəni İddiaçı övladı Memarlıq İnşaat Universitetinin Fövqəladə hallar və həyat təhlükəsizliyi ixtisasını bitirmişdir. Onun övladı 44 günlük Vətən müharibəsində də iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Xocavənd, Ağdam və Suqovuşanın azad olunması uğrunda medallarla təltif olunmuşdur. O, övladının ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək niyyətində olmuşdur. Bu səbəbdən də, dostları vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona bildirmişdir ki, öz oğlu Nihad da, Fövqəladə Hallar Nazirliyində işləyir və onun vasitəsilə onun övladını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə kömək edə bilər. Lakin bunun üçün 15.000 manat rüsum ödəmək lazım olacaqdır. O, şahidlər Hicran Həmzəyevin, Nazim Quliyevin, Hafiz Həmidovun və Abbas Nəğdəliyevin iştirakı ilə cavabdehlə görüşmüş və ona dövlət rüsumu adı ilə tələb etdiyi 15.000 manat pulu vermişdir. Bir neçə müddət keçdikdən sonra o, cavabdehlə əlaqə saxlayaraq övladını nə zaman işə götürəcəkləri barədə maraqlanmış, cavabdeh isə bir qədər gözləməyi və narahat olmamağı, yaxın zamanda məlumat verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, təkrar cavabdehlə danışmış, bu zaman cavabdeh bildirmişdir ki, işə düzəltmək alınmır və götürdüyü 15.000 manatı qısa müddət ərzində geri qaytaracaqdır. O, sonradan cavabdehin oğlu Nihadla da danışmış, o, da pulu geri qaytaracağını söz vermişdir. Cavabdeh və oğlu hər gün yalan vədlər verərək pulu geri qaytaracağını bildirsələr də, bu günə kimi qaytarmamışlar. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 15.000 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, iddiaçının ona 15.000 manat yox, 11.000 manat məbləğində pul vəsaiti verdiyini etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bununla yanaşı, Cavabdeh həmin 11.000 manat məbləğində pul vəsaitindən 5000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytardığını bildirmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Natiq Nəhmətli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığından rədd edilmiş və İddiaçı məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-58/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ərizəsində iddia tələbini qismən qəbul etməklə, iddiaçıdan 15.000 manat məbləğində deyil, 11.000 manat məbləğində pul aldığını, eyni zamanda, həmin məbləğin 5.000 manatını geri qaytardığını, qalan pulu isə qaytaracağını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həmzəyev Hicran Qənahət oğlu tərəflərin heç biri ilə qohumluq əlaqəsinin olmadığını bildirməklə yanaşı, iddiaçı tərəfindən cavabdehə 11.000 manat məbləğində pul vəsaitinin verilməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 tərəflərin heç biri ilə qohumluq əlaqəsinin olmadığını bildirməklə yanaşı, iddiaçının əvvəllər cavabdehi tanımadığını, lakin sonradan iddiaçı tərəfindən cavabdehə 11.000 manat məbləğində pul vəsaitinin verilməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 tərəflərin heç biri ilə qohumluq əlaqəsinin olmadığını bildirməklə yanaşı, iddiaçının cavabdehə onun yanında 4000 manat məbləğində pul vəsaitinin verilməsini, 11.000 manat məbləğində pulun isə onun iştirakı ilə verilmədiyini, bu barədə iddiaçı tərəfindən ona məlumat verildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının, onun nümayəndəsinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlar və şahidlərin ifadələri ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh həmin məbləğdən müxtəlif tarixlərdə 2500 manat olmaqla, ümumilikdə 5000 manatını qaytarmasını bildirsə də, həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı iddiaçının 4000 manat məbləğində tələbinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əlavə 4000 manat məbləğində pul vəsaitinin verilməsi faktını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 123 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar