Məhkəmə qərarları › İş №e-2(001)-3638/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3638/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3638/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mülkiyyət hüququ, maneələrin aradan qaldırılması, neqator iddia) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı İddiaçının nümayəndəsi və vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindənAR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ünvan 1 ünvanında müvafiq ölçmə işlərinin aparılmasına şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi üzərində cavabdehlə paylı mülkiyyətimiz müəyyən edilmişdir. Mənə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsəm də, mənə imtina məktubu gəlmişdir. Məktubda imtinanın əsaslarından biri kimi də paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə digər payçı tərəfindən şərait yaradılmadığı göstərilmişdir. Belə ki, cavabdeh ona məxsus tikilinin ərazisindən istifadə edilərək ölçü işlərinin qəsdən aparılmasına imkan vermir, buna görə də əməkdaşlar tərəfindən həmin əraziyə baxış keçirmək və torpağın onun tikilisinin altında qalan hissəsində ölçülərin müəyyən etmək mümkün deyildir. Halbuki, həmin torpaq üzərində onun mülkiyyət hüquqları vardır və cavabdehin qanunsuz hərəkətlərinə görə bu hüquqları pozulur.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəməyə verdiyi izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda yaşadığı torpağa və evə çıxarış əldə etmək istəmişdir. Lakin müəyyən ölçüləri götürülməsinə cavabdeh tərəf maneə yaradır. Belə ki, tərəflərin yaşadıqları ərazi əvvəl bir olmuşdur. Daha sonra bölünərək satılmışdır. Hazırda iddiaçı özünə aid olan paya çıxarış əldə etmək istəmişdir. Bununla bağlı əvvəlki paylara bölünmüş torpaq sahəsini ümumi planı çəkilməlidir buna da cavabdeh maneə yaradır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh verdiyi izahatında bildirmişdir ki, o, bu torpağı 21 il bundan əvvəl almışdır. O, evdə olmayanda həyətinə heç kəs girə bilməz. İddiaçı öz ərazisinə çıxarış əldə etməsinə etiraz etmir. Lakin onun həyətini niyə çəkirlər, bu səbəbdən etiraz edir. İddia qanunsuz və əsassızdır və bu səbəbdən rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisi və A tikilisindən 1 otaq y/s 19.8 kv.m olmaqla xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş, A tikilisindən 2 otaq y/s 37.6 kv.m isə Cavabdeh mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 04/3921 inventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. Fərdi yaşayış evinin ümumi sahəsi 81,7 kv.m təşkil edir. -xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, X2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi topraq sahəsi üzərində hüquqların reyestrdə qeydiyyata alınması barədə müraciətinə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeydiyyata alınmış B fərdi yaşayış evinin sökülməsinin müəyyən edildiyindən payçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməli, torpaq sahəsinə digər payçı tərəfindən şərait yaradılmadığından imtina edilmişdir.

İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 215.5. paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin B tikilisi və A tikilisindən 1 otaq y/s 19.8 kv.m olmaqla xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçməklə A tikilisindən 2 otaq y/s 37.6 kv.m isə Cavabdeh mülkiyyətindədir və əmlak tərəflərin paylı mülkiyyətindədir. İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı aidiyyatı üzrə müvafiq orqana müraciət etmiş, paylı mülkiyyətçi tərəfindən torpaq sahəsinə tezxniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə digər paylı mülkiyyətçi tərəfindən şərait yaradılmadığından ərizənin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdeh mütəxəssislərin torpaq sahəsinə baxış keçirdiyi müddətdə evdə olmadığını bildirsə də, məhkəmə iclasında verdiyi izahatında yerli baxış keçirilməsinə razı olmadığını qeyd etmişdir. Bununla da məhkəmə yuxarıda göstərilənlərə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneə aradan qaldırılmalı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ünvan 1 ünvanında müvafiq ölçmə işlərinin aparılmasına şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneə aradan qaldırılsın. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ünvan 1 ünvanında müvafiq ölçmə işlərinin aparılmasına şərait yaradılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elnarə vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar