Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3659/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin banklarda saxlanılan və üzərinə həbs qoyulmuş 1 250 000 (bir milyon iki yüz əlli min) manat məbləğində pul vəsaitinin həbsdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə, eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 8(103)-172/2023 saylı qərardadı ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(001)-184/2021 saylı icra sənədinə əsasən, borclular X4, X5 və "xxxx" MMC-dən müştərək qaydada 391891 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X8, 389974 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X9, 135800 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 193465 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq X11, 193909 manat maddi ziyan və 15 manat dövlət rüsumu tələbkar X1, 324866 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X6, 115083 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X10 və 107804,48 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Həmin icra sənədi icra olunması üçün borclu "xxxx" MMC-yə münasibətdə onun hüquqi ünvanı üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 8(001)-376/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(001)-184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1250000(bir milyon iki yüz əlli min) manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan maraqlı şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 8(103)-172/2023 saylı qərardadı ilə həmin şikayət üzrə apellyasiya mümkün hesab edilərək, iş məhkəmənin icraatına qəbul edilmiş və şikayətə yazılı icraat qaydasında xx.xx.2023-cü il tarixdə baxılması qərara alınmışdır. Göründüyü kimi, "xxxx" ASC-nin banklarda saxlanılan və 1 250 000 (bir milyon iki yüz əlli min) manat məbləğində pul vəsaiti üzərinə həbs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(001)-184/2021 saylı icra sənədinin icrası ilə əlaqədar məcburi icra tədbiri kimi qoyulmuşdur. Belə olan halda hesab edirəm ki, halhazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, pul vəsaiti üzərində həbs qoyulması ilə əlaqədar icra məmuru tərəfindən görülmüş tədbirlər icra sənədinin icra olunması ilə bağlı olduğundan, icra işi üzrə maraqlı şəxs icra məmurunun hərəkətlərindən müvafiq qaydada məhkəməyə şikayət verə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 87.1-ci maddəsinə tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, Binəqədi rayon İcra Şöbəsinə qarşı vermiş olduğu “icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması” tələbi ilə bağlı müvafiq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən şikayət kimi müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz) da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Binəqədi rayon İcra Şöbəsinə qarşı “icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, Binəqədi rayon İcra Şöbəsinə qarşı vermiş olduğu “icra sənədi üzrə tələbin yönəldiyi əmlakın həbsdən azad olunması” tələbi ilə bağlı müvafiq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən şikayət kimi müvafiq məhkəməyə müraciət edə bilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbz) onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3659/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3659/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver