Məhkəmə qərarları › İş №e-2(001)-3665/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3665/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3665/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icraatın dayandırılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində "xxxx" ASC-yə münasibətdə aparılan icraatın dayandırılmasını və "xxxx" ASC-yə məxsus olan və üzərinə həbs qoyulan ******* manat məbləğində pul vəsaitinin həbsdə saxlanılması və həmin məbləğin banklardan götürülməsi üzrə aparılan icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi iddiaçı icra icraatı qaydasında olan mübahisə ilə bağlı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş edir. Lakin iddiaçı məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulmuşdu. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması iddia ərizəsi olduğu halda, icra icraatı qaydasında məhkəmə iddia ərizəsi ilə müraciət edilməsi nəzərdə tutulmamışdır. Hansı ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Mülki məhkəmə icraatı qaydasında baxılan işlərin əksəriyyəti iddia icraatı qaydasında baxılır. İddia icraatı məhkəmənin maddi hüquq münasibətindən irəli gələn mübahisə üzrə mülki işə prosessual hüquq normaları əsasında baxılmasında və həll edilməsində ifadə edilən fəaliyyətidir. İddia icraatının başlanılması iddia hüququnun realizəsi ilə həyata keçirilir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Bununla yanaşı Mülki-Prosessual Məcəllənin 231-ci maddəsinin tələbi baxımından qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məsələlərə icra icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Bununla belə iddiaçı ərizəsində icra sənədi üzrə icraatın dayandırılmasını ona görə tələb edir ki, ******* manat pul vəsaitinin üzərinə həbs qoyulması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadından şikayət vermişdir və şikayətə hazırda apellyasiya məhkəməsində baxılır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsində göstərilmişdir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat icra məmuru tərəfindən məcburi olaraq dayandırılır. Buradan da göründüyü kimi, hətta ərizə icra icraatı qaydasında verilmiş olsaydı belə, qanunun 17-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icra sənədi üzrə icraatın dayandırılması məsələsinə icra məmuru tərəfindən baxılmalıdır. Odur ki, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbi baxımından ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsində qeyd edilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Odur ki, iddiaçıya göstərilən əsaslara görə icra sənədi üzrə icraatın dayandırılması barədə icra məmuruna müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da Mülki-Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən ödənişi edən iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icraatın dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra sənədi üzrə icraatın dayandırılmasının məcburi olduğu hallarla bağlı icra məmuruna müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar