Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3669/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və icra edilməməli olması barədə iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və icra edilməməli olması barədə iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra – Bakcell) ilə Azərbaycan Qida X1 hüquqi şəxs (bundan sonra – İnstitut) arasında ***-**** nömrəli, xx.xx.2018-ci il tarixli Mobil rabitə xidmətlərinin göstərilməsinə dair abunə müqaviləsi imzalanmışdır. Müqavilə əsasında Bakcell siyahısı Müqaviləyə əlavə edilmiş nömrələri və telekommunikasiya xidmətləri ilə İnstitutu təmin etməyi, İnstitut isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Belə ki, Bakcell 06 yanvar 2023-cü il tarixli pretenziya məktubu ilə İnstituta müraciət edərək yuxarıda qeyd edilmiş Müqavilə şərtlərinin İnstitut tərəfindən pozulduğunu, göstərilmiş rabitə xidmətlərinə görə 2.587.77 manat məbləğində borcun yarandığını və bu borcun 10 iş günü müddətində ödənilməsini bildirmişdir. Müvafiq pretenziya məktubu ilə bağlı Bakcell ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, müqaviləyə 1 saylı Əlavədə öz əksini tapmayan əlavə nömrələr var və onların siyahısı “Excell” cədvəlində İnstituta təqdim olunmuşdur. İnstitut tərəfindən pretenziya məktubuna cavab olaraq Bakcell-ə xx.xx.2023-cü il tarixli, 3- 44-14/2-3/16-273/2022 saylı məktubla bildirilmişdir ki, Müqaviləyə 1 saylı Qoşmaya əsasən müəyyən olunur ki, İnstitutun işçilərinin xidmət istifadəsi üçün 60 ədəd əlaqə nömrəsi təqdim olunmuşdur. Lakin İnstituta təqdim olunan əlaqə nömrələrinin əks olunduğu “Excell” cədvəlinə və məktuba əsasən ödənilməli olan 2.587.77 manat borc məbləğinin, 402 ədəd əlaqə nömrəsinə mütənasib olaraq yarandığı müəyyən olunmuşdur. Pretenziya məktubunda qeyd edilən borc məbləğinin formalaşdığı tarix aralıqları ilə bağlı heç bir məlumat əks olunmamış və sözügedən məsələ ilə bağlı münasibət bildirilmələrini xahiş edilmişdir. Bundan sonra Bakcell tərəfindən yuxarıda qeyd olunan məktuba heç bir münasibət bildirilməmişdir. Lakin xx.xx.2023-cü il tarixində İnstitutun elektron informasiya sisteminə 26 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-5069 № reyestr nömrəli icra qeydi daxil olmuş və icra qeydində qeyd edilmişdir ki, İnstitutdan Bakcell-in xeyrinə Müqaviləyə əsasən ödənilməmiş 2.586.77 manat və Bakcell tərəfindən ödənilmiş 25 məbləğində dövlət rüsumu olmaqla cəmi 2611.77 pul tutulsun. İcra qeydi prosessual hüquq normalarının pozulması və borcun ümumiyyətlə olmaması baxımından mahiyyəti üzrə maddi hüquq normalarının pozulması ilə hazırlanmışdır. İcra qeydi Notariat haqqında Azərbaycan Respublikası Qanununun icra qeydinin aparılması qaydaları pozulmaqla verilmişdir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli Qərarı ilə təsdiq olunmuş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın qey hissəsində də XX başlığı ilə qeyd edilmiş Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin göstərilməsi ilə bağlı borcun alınmasına görə tələb olunan sənədlərin siyahısında göstərilir ki, icra qeydi almaq üçün tələbkar tərəfindən borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir və qeyd olaraq göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. Qanununun və Qərarın müvafiq maddədə göründüyü kimi icra qeydi göndərilməmişdən qabaq Bakcell bu barədə İnstituta 20 gün öncədən icra qeydi aparılacağı barədə bildiriş göndərməli idi, lakin İnstituta bu barədə bildiriş gəlməmişdir. Bu zaman sual yaranır, əgər icra qeydinin alınması üçün bildiriş və onun çatmasını təsdiq edən sənəd icra qeydinin alınmasına dair ərizəyə əlavə olunmalı idisə və bu bildiriş İnstituta göndərilməmişdirsə, 26 saylı notariat ofisi tərəfindən Bakcell-ə necə və hansı qaydada icra qeydi verilib? Məlum olur ki, 26 saylı notariat ofisi icra qeydini Bakcell-ə qanunvericiliyə ziddi olaraq, yuxarıda qeyd olunan müvafiq Qanun və Qərarı pozmaqla vermiş və buna görə də icra qeydi ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, müvafiq icra qeydi verilənə qədər Cavabdeh2 tərəfindən iddiaçıya pretenziya məktubu göndərilmiş və iddiaçı həmin məktunun tərəflərindən alınmasını inkar etmir. Belə olan halda icra qeydinin qanunvericiliyin tələbləri gözlənilmədən verilməsi barədə iddiaçının dəlili qəbuledilən hesab edilə bilməz. Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Bakı şəhəri 26 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş icra qeydi əsasında tərtib edilmiş notariat işindən və iş materiallarından Cavabdeh2 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə edilməsi və nəticə etibarilə notariusun qanunvericiliklə müəyyən edilmiş prosedura riayət etməsi öz təsdiqini tapmır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar xx.xx.2023-cü il tarixli bildirişin və həmin bildirişə cavabın mövcudluğuna istinad etmiş, lakin həmin sənədlər nə iddiaçı, nə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, nə də ki, notariat işində yoxdur. Cavabdeh2 tərəfindən isə İddiaçınə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda borc ödənilmədiyi təqdirdə məhz məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı pozuntuya yol verildiyindən, icra qeydi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iddia əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 8İ-5069 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin ikinci hissəsinin təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Belə ki, ləğv edilmiş icra qeydinin icra edilməməsi qəbul edilmiş qətnamənin məntiqi nəticəsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 8İ-5069 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3669/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3669/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver