Məhkəmə qərarları › İş №e-2(001)-367/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-367/2023

10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-367/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manatın, hüquqi yardıma görə ödənilmiş 200 manatın, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5270 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh mülkiyyətində olan “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitisinin alınması məqsədi ilə 2021-ci il tarixdə, ümumilikdə 5.000,00 manat vəsait ödəmişdir. Sonradan həmin avtomobil 2022-ci ilin yanvar ayının sonunda Cavabdeh geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsinə görə İddiaçı almış olduğu vəsaiti geri qaytaracağını vəd versə də, həmin pul vəsaitini iddiaçıya geri qaytarmamışdır. İddiaçı Cavabdeh qanunsuz əməlləri ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Polisİdarəsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayevin 21 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nəqliyyat vasitəsinin satışına görə 5.000,00 manat pul vəsaiti almış, həmin pul vəsaitini qaytarmamışdır. Həmin qərarla İddiaçı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliklərini hazırkı müddətə kimi icra etməkdən yayınmaqdadır, bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda Cavabdeh İddiaçı ödənilməli olduğu pul vəsaiti 5.000,00 manat təşkil edir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 2021-ci ilin sentyabr ayında şifahi razılaşma olmuş, iddiaçı avtomobilə görə 3300 manat ödəniş edib, 24 aylıq isə ayda 500 manat olmaqla, ümumilikdə 13300 manata razılıq əldə edilmişdir. Lakin tərəfindən ilk 3 ay ərzində 500 manat olmaqla, ümumilikdə 1500 manat ödəniş etmişdir. Avtomobillə bağlı qeydiyyat xərcləri üçün 200 manat ödəniş edilib. Avtomobili 2022-ci ilin yanvar ayından qaytarıb. Cavabeh 5000 manat pulunu qaytarmağa söz versə də, qaytarmamışdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, avtomobili iddiaçı özü seçib. Avtomobil seçilən zaman onun hansı vəziyyətdə olduğunu müəyyən etmək olardı. Avtomobilə görə tam ödəniş edildikdən sonra, avtomobil onun adına keçirilməli idi. İddiaçı tərəfindən maşın qaytarıldıqdan sonra müəyyən edilmişdir ki, avtomobil saz vəziyyətdə deyildir. Avtomobilin təmirinə 1400-1500 manat xərc çəkilmişdir. Hətta avtomobil satılan zaman üstündə 439 manat cərimə olduğu müəyyən edilmiş, həmin cərimələr də onun tərəfindən ödənilmişdir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə aralarında şifahi razılığa gələrək, ona məxsus “Opel” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobili 3000 manat ilkin ödəniş etməklə, 24 ay müddətinə 500 manat ödəmək şərtilə etibarnamə əsasında iddiaçıya satmışdır. Avtomobili satdıqdan sonra İddiaçı hər ay 500 manat olmaqla, 3 ay müddətində ümumilikdə 1500 manat məbləğində pul almışdır. Lakin sonradan avtomobil 2 ay İddiaçı qalmasına baxmayaraq, avtomobil üçün ödəniş edilməmişdir. Avtomobili iddiaçıdan aldıqdan sonra təmirinə 1500 manat pul xərcləmiş, 500 manat cərimələr üçün ödəniş etmiş, avtomobili dəyərindən 700 manat daha ucuza satmalı olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, tələb edilən pul məbləği ilə bağlı mötəbər sübut yoxdur. İddiaçıdan 3300 manat pul vəsaiti depozit kimi alınıb. Aralarında heç bir müqavilə olmasa da, lizinq şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 3 ay ardıcıl olaraq 500 manat ödəniş edilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixində qaytarılmışdır. Dekabryanvar aylarında isə maşın ödəniş edilmədən, əlavə olaraq iddiaçının istifadəsində qalmışdır. Tərəflər arasında heç bir öhdəlik münasibəti olmamışdır. Hətta maşının təhviltəsliminin aparılması ilə bağlı hər hansı akt tərtib edilməmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən ödənilmiş 3300 manat məbləğində pul vəsaiti maşına dəymiş zərərin əvəzi kimi hesablanmalıdır. Maşının dəyəri iddiaçının hesabı ilə 10000 manat, cavabdeh tərəfin hesabı ilə 15300 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Binəqədi RPİnin 6-cı PB-nin baş təhqiqatçısı polis mayoru İsmət Musayev tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı ərizəsi üzrə toplanmış materiallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

9. Qərarda göstərilir: X1 izahatında göstərmişdir ki, 2021-ci ilin sonlarında İddiaçı ilə öz aralarında razılığa gəlmişlər ki, “Opel” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomaşını ilkin ödəniş olunmaqla, 24 ay müddətində aylıq 500 manat ödəməli və İddiaçı şərti qəbul etdikdən sonra ondan 3300 manat pul alaraq avtomaşını idarə etmək üçün etibarnamə ilə avtomobili ona təhvil vermişdir. O, avtomaşını İddiaçıa satdıqdan sonra 3 ay hər ay 500 manat olmaqla, ümumilikdə 1500 manat pul almış, lakin sonradan 2 ay avtomaşın İddiaçı qalmasına baxmayaraq, ödəniş edəcəyini bildirmiş və maşını yanvar ayının sonunda geri qaytarmışdır. Avtomaşını təhvil aldıqda sonra ustaya aparıb, 2000 manat təmirə xərclədiyini və 7000 manat cəriməsini ödədiyini bildirmişdir.

10. “SMS Radar” xidmətin vasitəsilə göndərilən sms-lərin məzmunundan aydın olur ki, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında və 2022-ci ilin yanvar fevral aylarından İddiaçı 400 manatdan çox məbləğdə cərimə edilmişdir.

11. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 33 saylı Vəkil bürosunun hesabına 200 manat ödəniş edilmişdir.

12. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixində 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olmuş və 2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar ayı da daxil olmaqla iddiaçının etibarnamə əsasında istifadə və sahibliyində olmuşdur. Bundan başqa iddiaçı cavabdehlə razılığına əsasən ilkin olaraq 3300 manat, 24 ay müddətində isə hər ay 500 manat ödəməklə avtomobilin mülkiyyətçisi olacaqdır. İddiaçı ilkin olaraq 3300 manat, 3 ay isə 500 manat ödəməklə, cəmi 4800 manat cavabdehə ödəmişdir.

14. Göstərilən hallar tərəflərin mübahisəsiz hal kimi birdiyi məsələlər olmaqla, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla, tərəflərin telefon yazışmaları ilə, tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır.

15. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddia edir ki, iddiaçı avtomobilə görə 2 ay ödəniş etmədən ondan istifadə etmiş, qaytardığı zaman avtomobil saz vəziyyətdə olmamış, təmirinə 1400-1500 manat xərc çəkilmişdir. Avtomobil satılan zaman isə İddiaçı tərəfindən törədilən inzibati xətalara görə yazılmış 439 manat məbləğində cərimələri ödəmək məcburiyyətində qalmışdır.

16. Avtomobilə görə cavabdehin istifadə və sahibliyində olduğu dövrdə 439 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi və həmin cərimənin cavabdeh tərəfindən ödənilmiş olması mübahisə doğurmasa da, avtomobilin saz vəziyyətdə qaytarılmaması, avtomobilin təmirinə xərc çəkilməsi işin mübahisə doğuran məqamları olmuş və bununla bağlı tələb olmadığına görə məhkəmə araşdırmasının predmetinə aid olmamışdır.

17. Hazırda “Opel Astra” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobil cavabdeh X1 tərəfindən satılmışdır və cavabdeh avtomobili təxminən 9300 manata satdığını bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;

20. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

21. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır;

22. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

23. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

24. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

25. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır;

26. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

27. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

28. 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmənin mövqeyi:

29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında lizinq müqaviləsinin təbiətinə uyğun münasibət yaranmışdır. Belə ki, cavabdeh iddiaçının seçdiyi avtomobili alaraq, iddiaçının istifadə və sahibliyinə vermişdir. Tərəflər arasında olan razılığa əsasən iddiaçı cavabdehə ilkin olaraq 3300 manat, daha sonra 24 ay müddətində hər ay 500 manat ödəniş etdikdən sonra cavabdeh avtomobili iddiaçının mülkiyyətinə keçirməli idi. Lakin iddiaçı ilkin olaraq 3300 manat ödəniş etmiş və avtomobildən 5 ay istifadə etdikdən sonra avtomobili cavabdehə qaytarmışdır. İstifadə etdiyi 5 ay müddətində 3 dəfə hər ay 500 manat olmaqla, cəmi 1500 manat ödəniş etmişdir. İstifadə etdiyi iki ay müddət üçün iddiaçı hər hansı ödəniş etməmişdir.

30. İddiaçı hazırda 5000 manatın cavabdehdən tutulmasını xahiş etsə də, avtomobilin rəsmiləşdirilməsi ilə bağlı əlavə olaraq 200 manat ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Yəni hazırda iddiaçı ilkin olaraq ödədiyi 3300 manatın, 3 ay üçün ödədiyi 1500 manatın və avtomobilin rəsmiləşdiilməsi üçün ödənilmiş 200 manatı iddiaçıdan tələb edir.

31. Cavabdeh isə iddianı qəbul etmir, belə ki, o hesab edir ki, ilkin olaraq ödənilmiş 3300 manat depozit üçün verilmişdir və avtomobilə dəyən zərər, inzibati xətalara görə ödənilən cərimələr, iddiaçının istifadə etdiyi lakin ödəniş etmədiyi müddətə görə ödənilməli olan haqq iddiaçının tələbini kompensasiya edir.

32. Əvvəla qeyd edilməlidir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün onlar arasında etibarlı müqavilə, mülki hüquq pozuntusu hesab edilən əməldən irəli gələn zərər və ya hər hansı hüquqi əsas olmadan əldə edilən əmlak olmalıdır.

33. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə(vindikasiya iddiası) istinad etsə də, iddiaçının tələbinə münasibətdə işin halları ilə müəyyən edilir ki, tərəflər arasında lizinq müqaviləsinin şərtlərinə uyğun şifahi müqavilə bağlanmışdır, lakin həmin müqavilə etibarlı hesab edilə bilməz. Belə ki, lizinq müqaviləsinin yazılı formada bağlanılmalı olması tələbinə tərəflər riayət etməmişdir.

34. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o, cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. Göstərilən maddələrin təhlilindən belə nəticə hasil olunur ki, qanunverici MMin 157.3-cü maddəsində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir.

36. Odur ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməli və etibarsız əqdin nəticələri(ikitərəfli restitusiya) tətbiq edilməlidir. Yəni tərəflərdən hər biri etibarsız əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Bu baxımdan yanaşdıqda iddiaçının cavabdehə ödənildiyi sübut edilən 4800 manatı, cavabdehin isə avtomobildən istifadəyə görə razılaşdırılmış 2500 manat iddiaçıdan geri almaq hüquq vardır.

38. Bu səbəbdən də qarşılıqlı tələblər əvəzləşdirilməklə cavabdehdən 2300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

39. Cavabdehin etirazının digər dəlilləri isə müstəqil tələbin predmetidir və iddiaya etiraz formasında həll edilə bilməz. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

45. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Kamil oğlundan 2300 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir.

48. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələbi baxımından iddiaçı məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır.

49. Belə ki, iş materiallarında hüquqi yardım üçün iddiaçı tərəfindən 200 manat xərcin çəkilməsi müəyyən edilir və həmin məbləğ ağlabatandır.

50. Dövlət rüsumu ilə bağlı isə qeyd edilməlidir ki, iddia qismən təmin edildiyindən 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 32 (otuz iki) manat məbləğində hissəsi Cavabdeh Kamil oğlundan tutularaq İddiaçı ödənilməlidir.

51. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Kamil oğlundan 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 32 (otuz iki) manat məbləğində hissəsi Cavabdeh Kamil oğlundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar