Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3693/2025 25.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğvi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğvi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin 18 dekabr 2024-cü il tarixli, 8-i-12112 nömrəli icra sənədinə əsasən borclular İddiaçı və X1 308495.12 manat məbləğində pul vəsaitinin tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı məxsus əmlaka tutmanın yönədilməsi müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, zəruri icra tədbirlərinin görülməsinə başlanılmışdır. İddiaçı mübahisə predmeti olan mənzil və qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən müəyyən edilmiş qiymətlərindən narazıdır və o, hesab edir ki, MMC tərəfindən müəyyən edilmiş həmin məbləğlər reallığı əks etdirmir və icra məmuru tərəfindən yenidən qiymətləndirmə aparılması zəruridir. Beləliklə, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nəticə etibarı ilə nail olmaq istədiyi məqsəd icra məmuru tərəfindən təkrar qiymətləndirilmənin həyata keçirilməsindən ibarətdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir və məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə sözügedən qanunda bir sıra məcburi icra tədbirləri və eyni zamanda məhkəmə qərarlarının icra edilməməsinə görə məsuliyyət, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi imkanı nəzərdə tutulmuşdur. Bu tədbirlərin nəzərdə tutulmasının məqsədi məhz məhkəmə və digər səlahiyyətli orqanların qərarlarının icrasının təmin edilməsinə yönəlmişdir. “İcra haqqında” Azəraycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Bununla yanaşı, “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli Qərardadında qərara alınmışdır ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Göstərilənləri nəzərə alaraq, hesab edirəm ki, hazırkı ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və iddiaçıya təkrar qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı icra məmuruna müraciət etmək, əks halda icra məmurunun hərəkətlərindən icra icraatı qaydasında məhkəməyə şikayət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən X2 vasitəsilə 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 01 aprel 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 MMC-yə qarşı “qiymətləndirmənin ləğvi və yenidən qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən X2 vasitəsilə 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 01 aprel 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya təkrar qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı icra məmuruna müraciət etmək, əks halda icra məmurunun hərəkətlərindən icra icraatı qaydasında məhkəməyə şikayət etmək hüququ izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3693/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3693/2025
25.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver