Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3745/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri 11 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri 11 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X2 xx.xx.2024-cü il tarixli icra qeydi ilə X4 Xidmətindən tələbkar Cavabdeh1 MMC-nin xeyrinə 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, 502557907, ********* nömrəli müqavilələrə əsasən vaxtında ödənilməmiş 77.01 manat, habelə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 102.01 manat məbləğində pulun tutulmasını təklif etmişdir. Daha sonra icra qeydi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlama haqqında” qərarına əsasən X4 Xidmətindən tələbkar Cavabdeh1 MMC-nin xeyrinə 102.01 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında sözügedən icra qeydi X4 Xidmətinə məlum olmuş və Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən icra qeydi Xidmətə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Hesab edirlər ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, 502557907, ********* nömrəli müqavilələr üzrə hansı tarixdə və ya hansı qaydada borcun yaranması və ümumiyyətlə həmin müqavilələrin Xidmətə aid olub-olmaması tərəflərindən müəyyən edilə bilməmişdir. Cavabdeh1 MMC-nin onlara məlum olmayan sənədləri əsasında Bakı şəhəri 11 saylı notariat ofisinin icra qeydi ilə dövlət qurumundan hər-hansı məbləğin tutulmasını təklif etməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırki vəziyyətdə X4 Xidməti olaraq Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən hansı sənədlərə əsasən icra qeydinin verildiyi məlum deyildir. X4 Xidməti dövlət büdcəsindən maliyyələşən dövlət qurumudur və həmin büdcədən çıxılacaq hər bir məbləğin əsası ətraflı müəyyən edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1398 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, müqavilə bağlanarkən bütün şərtlər qeyd olunmuş, lakin öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdeh Bakı şəhəri 11 saylı Notariat ofisi hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 11 saylı notariat ofisinin 8İ-1398 saylı 12 fevral 2024-cü il tarixli icra qeydinə əsasən məlum olur ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4ndən 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, ********* və ********* nömrəli müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş 77.01 manat əsas və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.01 manat məbləğində pul vəsaitinin tələbkar Cavabdeh1 MMCnin xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarının surəti həmin tarixdə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti arasında bağlanmış GSM müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh1 MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti arasında müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, ********* və ********* nömrələri abunəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş cari hesab arayışlarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ümumilikdə ödənilməmiş faktura məbləği 71.20 manat təşkil etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə icra qeydinin ləğv edilməsi deyil, icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki işdə olan sübutlardan və tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, Cavabdeh1 MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti arasında müxtəlif tarixlərdə GSM müqavilələri bağlanmış, müqavilə şərtlərinə görə 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, ********* və ********* nömrələri abunəçinin, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin istifadəsinə verilmiş, iddiaçı tərəf Cavabdeh1 MMC-nin xidmətlərindən istifadə etmiş və həmin müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən 77.10 manat məbləğində borc yaranmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən 8İ-1398 saylı 12 fevral 2024-cü il tarixli icra qeydi verilərək, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4ndən 502557961, 502356576, 502557942, 502557915, 502557941, 502557849, 502557971, 502557800, 502356510, 502356571, 502557914, 502356505, ********* və ********* nömrəli müqavilələrə əsasən müddət üçün vaxtında ödənilməmiş 77.01 manat əsas və 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 102.01 manat məbləğində pul vəsaitinin tələbkar Cavabdeh1 MMC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4nə ünvanlanan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4ndən Bakı şəhəri 11 saylı notariat ofisinin 8İ-1398 nömrəli, 12 fevral 2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual normalara əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən 8İ-1398 saylı 12 fevral 2024-cü il tarixli icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi təsdiq edilmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri 11 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3745/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3745/2024
13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver