Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-389/2022 26.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında 66558 manat, dövlət rüsumuna görə 30,40 manat tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh2 Cavabdehlər Paşa Sığorta ASC-yə və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli PS/AS- 11/21 saylı alqı-satqı müqavləsinin etibarsız hesab edilməsinə və subroqasiya qaydasında yararsız, tam itki kimi tam həcmdə dəyərinin ondan tələb olunan **-XX-*** qeydiyyat nişanlı 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin hadisə vaxtı mövcud vəziyyətinin işdə və Paşa Sığorta ASC-də olan sübutlarla dəyərini qiymətləndirməklə, qiyməti müəyyən edilməklə açıq hərracda realizə edilməsinə dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında 66558 manat, dövlət rüsumuna görə 30,40 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər Paşa Sığorta ASC-yə və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqavləsinin etibarsız hesab edilməsinə və subroqasiya qaydasında yararsız, tam itki kimi tam həcmdə dəyərinin ondan tələb olunan **-XX-*** qeydiyyat nişanlı 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin hadisə vaxtı mövcud vəziyyətinin işdə və Paşa Sığorta ASC-də olan sübutlarla dəyərini qiymətləndirməklə, qiyməti müəyyən edilməklə açıq hərracda realizə edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 mülkiyyətində olan Cavabdeh1 tərəfindən etibarnamə əsasında idarə olunan **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, sürücü yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Toyota Bakı Mərkəzi MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 89558 manat müəyyən edilmişdir. Paşa Sığorta ASCnin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 89558 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin sahibinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 89558 manat məbləğində vəsaitin Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Ziyan vurulan avtonəqliyyat vasitəsinin qalıqları xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 23000 manata Cavabdeh3 satılmışdır. **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobilin real bazar dəyəri olan 90000 manatdan 100 manat azadolma məbləği, polis üzrə daha öncə ödənilmiş 342 manat və qalıq hissələrin dəyəri olan 23000 manat çıxılmaqla 66558 manat cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə müəyyən edilmiş qiymətlər həqiqəti əks etdirmədiyindən bu qiymətlər vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi tam əsassız olduğundan təmin edilməməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, ilk iddia ərizəsinin təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə dəymiş ziyana görə 66558 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2, eyni zamanda ilk iddia ərizəsi üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:25 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 57-ci kilometrində sürücü Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi Kamaz markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü X1 idarə etdiyi Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolunun Bakı istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşmuş, nəticədə Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü X3 xəsarət almışdır. Faktla əlaqadar hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və fotoşakilləri çəkilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı X3 və Cavabdeh1 izahatları alınmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hadisədən əvvəl sürücü X2 idarə etdiyi Kamaz markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Quba-Dağıstan avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 57-ci kilometrində Bakı istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə hərəkətdə olarkən yolun icazə verilməyən hissəsindən sola dönmək üçün sürətini azaldaraq qəflətən sol hərəkat zolağına manevr etdiyi üçün arxada eyni istiqamətdə sol hərəkət zolağı ilə düzünə hərəkət edən sürücü X1 idarə etdiyi Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi ilə sürücü Cavabdeh1 idarə etdiyi Kamaz markalı **-ON-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ön sol hissəsi arasında toqquşma baş vermiş və toqquşma nəticəsində X1 idarə etdiyi Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıqarşıya hərəkət axınını ayıran metal təhlükəsizlik sədlərinə dəyərək yolun Bakı istiqamətində sağ tərəfində yerləşan boş səhəyə aşaraq dayanmış və **-XX-*** dövlət qeydiyyat nişanlı, 2014-ci il buraxılış ili olan Lexus GX 460 markalı avtomobilə zərər dəymişdir. Paşa Sığorta ASC tərəfindən ilkin iddia tələbi üzrə 89850 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu tələb edilmişdir. Prossesdə vəkillə təmin olduqdan sonra müəyyən edilmişdir ki, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil tam itki kimi, təmirə yararsız hesab edilmiş sonra dəyəri tam həcmdə subroqasiya qaydasında cavabdehlərdən tələb edilmişdir. Tam itki kimi nəzərə alınan **-XX-*** dövlət qeydiyyat nişanlı 2014-cü il buraxılış ili olan Lexus GX 460 markalı avtomobilin taleyinin necə olması sual doğurmuşdur. Paşa Sığorta ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədə qeyd edilən avtomobilin artıq hərrac vasitəsi ilə 23000 manata reailzə olunduğu və qeyd edilən məbləğin isə iddia tələbindən çıxmaqla, tələbi azaldılması barədə sonradan Binəqədi Rayon Məhkəməsinə ərizə vermişdir. Əgər əmlak Cavabdeh2 təqdim edilsəydi və o, əmlakı təhvil almasaydı belə onda əmlakın satışıyla bağlı məhkəmə qərarı olmalı, əmlak müstəqil ekspert tərəfindən əsaslandırılmalı, tam itki olması aktaşdırılmalı və əmlaka məhkəmənin təyin etdiyi ekspert ilkin satış qiyməti qoymalı idi və sonra açıq hərracda realizə olunmalı idi. xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsi Paşa Sığorta ASC tərəfindən məhkəmə posesi zamanı məhkəməyə təqdim edilmişdir. Müqaviləyə əsasən **-XX-*** dövlət qeydiyyat nişanlı, 2014-ci il buraxılış ili olan Lexus GX 460 markalı avtomobil Paşa Sığorta ASC tərəfindən Cavabdeh3 23000 manata satılmışdır. xx.xx.2021-ci il tarixli məhkəmə prosesinə qədər avtomobilin taleyi naməlum olaraq qalmışdır. Paşa Sığorta ASC-nin hansı əsasla əmlakın mülkiyyətçisi olduğu və qeyd edilən müqavilədə mülkiyyətçi kimi əmlak hüquqlarına dair hansı sərancam verdiyi də naməlum olaraq qalır. Belə ki, xx.xx.2021-ci il tarixli ərizədə əmlakın hərracda satıldığı qeyd edilmişdir, alındığı deyil. Müqaviləyə əsasən **-XX-*** dövlət qeydiyyat nişanlı, 2014ci il buraxılış ili olan Lexus GX 460 markalı avtomobil Paşa Sığorta ASC tərəfindən Cavabdeh3 23000 manata satılması bəlli olduqdan sonra iddia tələbi azaldılmışdır. Paşa Sığorta ASC-nin təqdim etdiyi sənəddə xx.xx.2021-ci il tarixli məlumat ərizəsində avtomobilin hərracla satılmasını və satışın artıq realizə olunmasını qeyd etmişdir. Bu müqailə ilə açıq hərracın yekunlarına dair alqı-satqı müqaviləsi ilə deyil, əmlakın alqı-satqı müqaviləsi olduğu aşkardır. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək Paşa Sığorta ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqavləsinin etibarsız hesab edilməsinə və subroqasiya qaydasında yararsız, tam itki kimi tam həcmdə dəyəri tələb olunan **-XX-*** qeydiyyat nişanlı 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin hadisə vaxtı mövcud vəziyyətinin işdə və Paşa Sığorta ASC-də olan sübutlarla dəyərini qiymətləndirməklə, qiyməti müəyyən edilməklə açıq hərracda realizə edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh3 qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, dayısından aldığı məlumata əsasən, Paşa Sığorta ASC-də qəzadan sonra yarasız hala düşən 2014-cü il buraxılşlı Lexus GX 460 markalı avtomobilin satılmasını öyrənmiş, bundan sonra Paşa Sığorta ASC-yə müraciət edərək həmin avtomobili almaq istədiyini bildirmişdir. Yarasız olan nəqliyyat vasitəsinin qalıq hissələri qiymətləndirilmiş və o, Paşa Sığorta ASC ilə həmin nəqliyyat vasitəsini 23000 manata alması barədə xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Aldığı nəqliyyat vasitəsini təmir etmək sərfəli olmadığından o, nəqliyyat vasitəsinin hissələrini satmış, nəqliyyat vasitəsinin mühərriki hələ satılmadığından avtomobil tam məhv edilmiş kimi adından çıxarılmamışdır. Qəzadən sonra yarasız hala düşmüş nəqliyyat vasitəsini alarkən mövcud bazar qiymətləri nəzərə alınmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.9.-cu maddəsinə əsasən sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən: Bənd 33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz. Bənd 33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: 33.2.1. avtomobilə qismən zərər dəydikdə: 33.2.1.1. zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 33.2.1.3. avtomobilin təmiri və ya bərpası; Bənd 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. AD N 136165 saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir. Sığortaçı Paşa Sığorta ASC ilə sığortalı X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli İ-MİC-8379/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər şərtsiz azadolma məbləği 100 manat, sığorta məbləği 90000 manat, sığorta haqqı 2880 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsində X1 mülkiyyətində olan **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Paşa Sığorta ASC-nin sığorta iddiaları departamentinin Ekspertiza şöbəsinin rəhbəri X4 və sığortalı X3 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasına dair aktdan müəyyən olunur ki, İ-MİC-8379/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və xx.xx.2020-ci il tarixdə qəzaya uğramış **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobil tam itkiyə uğramış və avtomobilin bazar dəyəri 90000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığortalanmış, xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 57-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam tam məhv olmuş **-XX-*** dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtomobilin real bazar dəyərindən 100 manat azadolma məbləği və polis üzrə daha öncə ödənilmiş 342 manat çıxılmaqla sığorta ödənişi 89558 manat müəyyən edilərək sığortalının şəxsi hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Paşa Sığorta ASC tərəfindən Nağıyev Vüqarın hesabına sığorta ödənişinə görə 89558 manat ödəniş edilmişdir. Toyota Bakı Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyan ehtiyat hissələrinə görə 64485,25 manat, zəhmət haqqına görə 24762,20 manat olmaqla cəmi 104997 manat, güzəştli məbləğ 89247,45 manat təşkil edir. Satıcı Paşa Sığorta ASC ilə alıcı Cavabdeh3 arasında müqavlə bağlanmış xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, 2014-cü il buraxılşlı Lexus GX 460 markalı avtomobil satıcı tərəfindən alıcıya 23000 manata satılmışdır. AD N 029069 saylı xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. ƏN-İV 697199 saylı xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz 55111 markalı avtonəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək idarə etməyi Cavabdeh1 etibar etmişdir. Azərbaycan Respublikası DİN Bİ və Tİ-nə bilavasitə tabe olan YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı H.Süleymanovun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, HK-1/923 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün BDYPİ-nin YPX alayına göndərilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada cərimə olunmuşdur. Paşa Sığorta ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunu ki, **-ON-*** dövlət qeydiyyat nişanlı Kamaz-55111 markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış 99-XX-5-5 dövlət qeydiyyat nişanlı Lexus GX 460 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Paşa Sığorta ASC tərəfindən 89558 manat məbləğində sığorta ödənişi həyata keçirdiyindən həmin məbləğin subroqasiya hüququ əsasında Paşa Sığorta ASC-yə ödənilməsi Cavabdeh1 xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8687-8/3058 saylı rəyindən müəyyən olunur ki, tədqiq edilən Lexus GX 460 markalı, **-XX-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 51000 manat (85000 m - 40%) müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, foto-video görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyacı olması haqqında konkret nəticəyə gəlmək mümkün olmur və nəqliyyat vasitəsinin foto-video görüntülərindən kənarda olan sahələrində, yəni nəqliyyat vasitəsinin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmlərində də zədələr ola bilər. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3997 saylı rəyindən müəyyən olunur ki, tədqiq edilən Lexus GX 460 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 51000 (85000 m - 40%) manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 85000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ilk iddiaçı Paşa Sığorta ASC Cavabdeh1 istifadəsində olan nəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə sığortalıya sığorta ödənişini ödəməklə zərərin əvəzini ödəmək vəzifəsi daşıyan Cavabdeh1 qarşı subroqasiya hüququ əsasında tələb hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Paşa Sığorta ASC-də sığortalanmış Lexus GX 460 markalı **-XX-*** dövlət nömrə nişanlı, real bazar qiyməti 85000 manat təşkil etmiş, avtomobilin hadisə nəticəsində əksər hissələrinin dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmamış və vurulmuş maddi ziyanın məbləği salamat qalan, avtomobilin dəyərinin 40% təşkil edən yararlı hissələrin dəyərini çıxmaqla (85000 – 34000 = 51000) qalan ziyan 51000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, sığortaçı sığortalıya 100 manat azadolma məbləği və polis üzrə daha öncə ödənilmiş 342 manat çıxılmaqla sığorta ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, sığortaçı sığortalıya sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh1 təqsiri sübuta yetdiyindən, dəymiş ziyanın məbləği 51000 manat olduğundan, sığortaçının sığortalıya 100 manat azadolma məbləği, polis üzrə 342 manat çıxılmaqla sığorta ödənişi etdiyindən ilk iddiaçının xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə Cavabdeh1 50588 manat tutulmalı, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlir ki, sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişinin formasını seçmək hüququ sığortaçıya aid olduğundan, avtomobilin tam məhv olması halında sığorta ödənişi etdikdən sonra avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin etmək və ya onları özü almaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək də sığortaçının hüququ olduğundan, hazırkı işdə sığortaçının subroqasiya hüququ nəqliyyat vasitəsinin mülkiyyətçisinə qarşı deyil, həmin nəqliyyat vasitəsinin qanuni sahibliyində olan Cavabdeh1 qarşı yarandığından Cavabdeh2 Paşa Sığorta ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli PS/AS-11/21 saylı alqı-satqı müqavləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə, ilk iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin Cavabdeh1 maddi ziyana görə 50558 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 50588,40 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh2 Paşa Sığorta ASC-yə və Cavabdeh3 qarşı xx.xx.2021-ci il tarixli PS/AS- 11/21 saylı alqı-satqı müqavləsinin etibarsız hesab edilməsinə, subroqasiya qaydasında yararsız, tam itki kimi tam həcmdə dəyərinin ondan tələb olunan **-XX-*** qeydiyyat nişanlı 2014-cü il buraxılışlı Lexus GX 460 markalı avtomobilin hadisə vaxtı mövcud vəziyyətinin işdə və Paşa Sığorta ASC-də olan sübutlarla dəyərini qiymətləndirməklə, qiyməti müəyyən edilməklə açıq hərracda realizə edilməsinə dair qarşlıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-389/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-389/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver