Məhkəmə qərarları › İş №e-2(001)-390/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-390/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-390/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə olunan ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinə 29.09.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh2 barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, sürücü təqsirli bilinərək cərimə edilmişdir. Toyota Bakı Mərkəzi MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 2086,75 manat müəyyən edilmişdir. Həmin məbləğdən 50 manat azad olma çıxılmaqla qalan 2036,75 manatın yarısı olan 1018,37 manat Paşa Sığorta ASC-nin 09.02.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan olaraq Cavabdeh2 törətdiyi əmələ görə dəyən ziyanla bağlı 1018,37 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1018,37 manat məbləğində vəsaitin Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə dəymiş ziyana görə 1018,37 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsini 29.09.2020-ci il tarixdə etibarnamə ilə Lökbatan- Xocasən yolunda idarə edərkən eyni istiqamətdə qarşısında hərəkətdə olan ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinin sola dönməsini hiss etməyib həmin avtomobilin arxa sol buferinə toxunaraq əzmiş, nəticədə Toyota markalı avtomaşının arxa sol buferi, arxa sol stopu əzilərək sınmışdır. Barəsində tərtib olunan inzibati qərara əsasən təyin olunan cəriməni ödəmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə dair icbari sığorta müqaviləsi bağlansa da, bu barədə sübutunu məhkəməyə təqdim edə bilimir. Maddi imkanı olmadığından iddiaçının tələb etdiyi məbləği ödəyə bilməz. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, AB N 908452 saylı 17.03.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən o, mülkiyyətində olan ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsini əvəzsiz olaraq 20.05.2017-ci il tarixdən 10.09.2023-cü il tarixədək istifadə hüququ ilə Cavabdeh2 etibar etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində onun təqsiri olmadığından iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Paşa Sığorta ASC-nin 19.01.2020-ci il tarixli C-MİC-0929\20 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsi 19.01.2020-ci il tarixdən 18.01.2021-ci il tarixə qədər şərtsiz azadolma məbləği 50 manat, sığorta məbləği 38000 manat, sığorta haqqı 866 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 20.11.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsi ilə Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsində X1 mülkiyyətində olan ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. AB N 908452 saylı 17.03.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. İcbari sığorta müqavilələrinin möbcudluğunun yoxlanmasına dair İcbati Sığorta Bürosunun arayışından müəyyən olunur ki, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 29.09.2020-ci il tarixinə icbari sığortası mövcud olmamışdır. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsini 20.05.2017-ci il tarixdən 10.09.2023-cü il tarixədək istifadə hüququ ilə Cavabdeh2 etibar etmişdir. Qaradağ RPİ DYPİ-nin 30.09.2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh2 29.09.2020-ci il tarixdə saat 17-25 radələrində etibarnamə əsasında idarə etdiyi ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsi ilə Lökbatan-Xocasən yolunda əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apararaq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, nəticədə qarşıda sola geriyə dönmə əməliyyatı aparan ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Qaradağ RPİ DYPİ-nin 30.10.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh2 barəsində 30.09.2020-ci il tarixli ******* saylı inzibati protokola baxılaraq o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmiş, törədilmiş inzibati xəta nəticəsində ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh2 Qaradağ RPİ-nin X2 Şöbəsində 30.09.2020-ci il tarixdə verdiyi izahatından müəyyən olunur ki, o, 29.09.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi ** VX *** dövlət qeydiyyat nişanlı Kamaz 541120 markalı avtonəqliyyat vasitəsi ilə Lökbatan- Xocasən yolunda hərəkətdə olarkən eyni istiqamətdə qarşısında hərəkətdə olan ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinin sola dönməsini hiss etməyib həmin avtomobilin arxa sol buferinə toxunaraq əzmiş, nəticədə Toyota markalı avtomaşının arxa sol buferi, arxa sol stopu əzilərək sınmışdır. 09.02.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 19.01.2020-ci il tarixdən 18.01.2021-ci il tarixə qədər sığortalanmış ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomobilə 29.09.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Xocasən yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 2086,75 manat, sığorta ödənişi 2036,75 manat müəyyən edilmiş, 2086,75 manat zərər məbləği avtomobilin təmiri üçün Toyota Bakı Mərkəzi MMC-nin hesabına köçürülmüşdür. X1 08.02.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, azadolmaya görə 50 manat Paşa Sığorta ASC-yə ödənilmişdir. Toyota Bakı Mərkəzi MMC-nin hesab fakturasından müəyyən olunur ki, ** AG *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtonəqliyyat vasitəsinin təmiri üçün 1768,44 manat, ƏDV görə 318,31 manat daxil olmaqla görülmüş işlərin dəyəri cəmi 2086,75 manat təşkil edir. 12.02.2021-ci il tarixli saylı hesab fakturadan müəyyən olunur ki, Paşa Sığorta ASC Tayota Bakı Mərkəzinə sığorta ödənişinə görə 2086,75 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli 9\7964 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin 15.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Toyota Prado markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1638 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinə ziyan vurmuş, iddiaçı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı müəyyən etdiyi 2086,75 manat dəymiz ziyandan 50 manat azadolma çıxmaqla qalan 2036,75 manatın yarısı olan 1018,37 manatı Cavabdeh2 törətdiyi əmələ görə vurulan ziyanla bağlı ödəmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2014-cü il buraxılışlı Toyota Prado markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1638 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh2 təqsiri sübuta yetdiyindən, araşdırma zamanı dəymiş ziyanın 1638 manat olması müəyyən olunduğundan iddiaçının xeyrinə subroqasiya qaydasında dəymiş ziyana görə 941,42 manat (1638+294,84ƏDV- 50:2) Cavabdeh2 tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 941,42 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 971,82 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar