Məhkəmə qərarları › İş №e-2(001)-3938/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-3938/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3938/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,2 sot torpaq sahəsində özbaşına inşa olunmuş, iki mərtəbəli fərdi həyət evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında cavabdehlə ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,2 sot torpaq sahəsində özbaşına inşa olunmuş, iki mərtəbəli fərdi həyət evini satın almağa dair razılaşmış, bu məqsədlə qabaqcadan ona 2000 manat beh vermiş, 2022-ci ilin sentyabr ayında isə evi alqı-satqısına dair razılaşdıqları qiyməti (məbləği), yəni 58.000 manatı (qabaqcadan ödənilmiş 2000 manata beh nəzərə alınmaqla) ona ödəyərək həmin evə köçmüş və yaşamağa başlamışdır. Cavabdehlə həmin evə dair aralarında aparılmış alqı-satqıdan sonra, həmin evə dair su, qaz və işıq sayğacları onun adına rəsmiləşmiş və hal-hazırda ev onun sahibliyində və istifadəsindədir. Cavabdeh həmin evi ona satdıqdan sonra evi ona təhvil versə də, faktiki olaraq evin həyətində tikilmiş başqa birmərtəbəli evdə yaşamaqda davam edir. Ona dəfələrlə xəbərdarlıq edərək evi tərk etməsini tələb etmiş, lakin evin həyətini tərk etməkdən faktiki imtina etmişdir. Bir neçə dəfə cavabdehlə etdiyi söhbətlər heç bir nətivə verməmiş və ondan əsassız olaraq evin alqı-satqısı ilə bağlı olmayan tələblər irəli sürməkdə davam edir. cavabdehin bu özbaşınalığı onun sahiblik, istifadə və həmin evə dair sərəncam vermək hüquqlarımı pozur və məhdudlaşdırır. O hesab edir ki, cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması üçün cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,2 sot torpaq sahəsində özbaşına inşa olunmuş, iki mərtəbəli fərdi həyət evindən çıxarılması haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bununla bağlı yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-05138xx/xx-2023 saylı müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Sulutəpə, R.Allahverdiyev küçəsində yerləşən yaşayış evini “Azəriqaz” İstehsalat Birliyi təbii qazla təmin etmək, İddiaçı isə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" ASC Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, **********000 saylı abonent kodu xx.xx.2019-cü ildə Cavabdeh adına açılmış, xx.xx.2023-cü il tarixində İddiaçı müraciəti əsasında Asan kommunal xidmətində ad dəyişmə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan fərdi yaşayış evini zəbt etməklə iddiaçının həmin yaşayış evindən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,2 sot torpaq sahəsində özbaşına inşa olunmuş, iki mərtəbəli fərdi həyət evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,2 sot torpaq sahəsində özbaşına inşa olunmuş, iki mərtəbəli fərdi həyət evindənn çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar