Məhkəmə qərarları › İş №e-2(001)-4067/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4067/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4067/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh Olimp MTK-ya qarşı ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci bina 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Olimp Mənzil Tikinti Kooperativinin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Olimp MTK-ya qarşı ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci bina 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Olimp Mənzil Tikinti Kooperativinin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın ona verilməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı cavabeh Olimp Mənzil Tikinti Kooperativindən xx.xx.2012-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci bina 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzili pulunu tam ödəyərək almışdır. İddiaçı mənzili xx.xx.2012-ci il tarixdən aldığı ilk gündən Olimp MTK onun hüquqlarını pozmuş, mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı, binanın dövlət qeydiyyatına salınmasına dair MTK tərəfindən tədbir görülməmişdir. Bundan başqa muqavilənin 2.1-ci bəndinin 5-ci abzasına əsasən verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək, payçının hesabına orderin və kupçanın verilməsi və s. Olimp MTK-nın vəzifəsi kimi müəyyən edilmişdir. İddiaçının aldığı mənzil üzərində mülkiyyət hüqüqunun dövlət reyestrində qeydə alınması üçün Olimp MTK tərəfindən heç bir tədbir görülməmiş, başqa sözlə mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Dəfələrlə bu barədə MTK rəhbərliyinə müraciət etsədə sonuncu təhvil-təslim aktını imzalamaqdan və iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı üzrə zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdir. İddiaçının yaşadığı bina Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-cu il tarixdə imzaladığı “Bəzi çoxmənzilli binanların istismarına icazə verilməsinin sadələşdirməsi haqqında” Fərmanından sonra xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin fərmandan sonra iddiaçı məzilinə çıxarış alınması üçün dəfələrlə cavabdehə protokoldan çıxarışı və digər lazım olan sənədlərin verilməsinə dair yazılı və şifahi müraciət etsə də, cavabdeh tərəf həmin müraciətlərin heç birinə cavab verməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mənzillər üzərində mulkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış əldə etmək üçün mənzil tikinti kooperativi binsında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə tələb olunur. Cavabdeh Olimp MTK heç bir əsas olmadan iddiaçının aldığı mənzilə heç bir borcu olmadığı təqdirdə çıxarışı almaq üçün prtokolodan çıxarışı və digər lazımı sənədləri vermək üçün iddiaçıdan və bina sakinlərindən qeyri-qanuni əsası olmayan komunal pulu adı altında pul tələb etmiş və çıxarışı əldə etmək üçün lazım olan sənədləri verməkdən imtina ertmişdir. Ölkə başçısının məlum fərmanından sonra MTK özündən uydurma heç bir qanuna uyğun gəlməyən məbləği iddiaçıdan və sakinlərdən tələb edir. Ona görə də ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci bina 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün Olimp Mənzil Tikinti Kooperativinin üzərinə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Olimp MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Olimp MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Olimp MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron bazasından çıxarışdan müəyyən olunur ki, Olimp MTK ********** nömrəli VÖEN üzrə fəaliyyət göstərir. İcraçı Olimp MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, icraçı Bakı şəhəri Binəqədi rayonu Ə.Nəvai 33/Naxçıvani 3068-ci məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evi № 2 blok 2, mərtəbə 8, ümumi sahəsi 111,14 kv.m., 3 otaqlı 60 №li yaşayış mənzilini payçıya verməyi, payçı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.metri üçün 650 manat olmaqla ümumilikdə 72000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinin 5-ci abzasından müəyyən olunur ki, Bakı şəhəri Əlişir Nəvai 33/ Naxçıvani 3068-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli yaşayış binasında bu müqavilə üzrə satılmış yaşayış mənzilini payçıya təhvil vermək icraçının vəzifəsidir. Müqavilənin 2.1-ci bəndinin 6-cı abzasından müəyyən olunur ki, verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək (payçının hesabına müvafiq sənədlərin verilməsi və s.) icraçının vəzifəsidir. Olimp MTK-nın xx.xx.2012-ci il tarixli 521 saylı arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, payçı İddiaçı Olimp MTK-dan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani 33/Ə.Naxçıvani küçəsi 3068-ci məhəllə ev № 2 blok 2 mərtəbə 8, 111,14 kv.m. 3 otaqlı, 60 saylı mənzili almış və payçı İddiaçı 1 ədəd 3 otaqlı mənzil üçün borcu yoxdur. İddiaçı tərəfindən Olimp MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, o, mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin, protokoldan çıxarışın və maliyyə arayışının 10 iş günü ərzində ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini tam icra etdiyi halda, yəni mənzilin dəyərini MTK-ya ödədiyi halda sonuncu həmin müqavilə ilə müəyyən olunan vəzifəsini, yəni iddiaçının mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədləri iddiaçıya verməkdən əsassız olaraq imtina etmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); İstinad olunan normanın tələbindən müəyyən olunur ki, iddiaçının tələb etdiyi sənədlərin cavabdeh tərəfindən verilməsindən imtina edilməsinin yeganə səbəbi pay haqqının tam ödənilməməsi ola bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı bağladığı müqavilə üzrə öhdəliklərini icra edərək pay haqqını tam olaraq cavabdehə ödədiyindən, payçıya verilmiş yaşayış mənzili üzərində mülkiyyət hüququnun keçirilməsi faktının dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olan bütün tədbirləri həyata keçirmək icraçının vəzifəsi olduğundan, icraçı heç bir əsas olmadan öz vəzifəsini icra etmədiyindən iddia ərizəsi əsaslıdır ona görə də təmin edilməli, iddia ərizəsi təmin edildiyindən cavabdehin ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Olimp MTK-ya ünvan 1 ünvanda yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci bina 2-ci giriş 8-ci mərtəbəsində yerləşən 60 saylı mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi üçün mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və protokoldan çıxarışın İddiaçı təqdim etməsi vəzifəsi həvalə olunsun. Olimp MTK-dan dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar