Məhkəmə qərarları › İş №e-2(001)-4084/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4084/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4084/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsindən ona məxsus olan torpaq sahəsinin 800 kv.m hissəsinin dəyəri olan 24000 manat məbləğində kompensasiyanın, 162 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində nəzərdə tutulmuş iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan X1 müraciət edərək Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mülkiyyətində olan 2896 m torpaq sahəsindən 2339,14 m hissəsinin və 1000 m torpaq sahəsindən 626,17 m hissəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsini və kompensasiya ödənilməklə qeyd olunan torpaq sahələrinin dövlət ehtiyacına alınacağını bildirmişdir. Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus 2896 m torpaq sahəsindən 2339,14 m hissəsini və 1000 m torpaq sahəsindən 626,17 m hissəsini 1 m nin dəyəri 3000 manatdan hesablanmaqla 2339,14 m torpaq sahəsi üçün 69 000 manat, 626,17 m torpaq sahəsi üçün 18000 manat məbləğində kompensasiya ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən 2339,14 m torpaq sahəsi üçün hesablanmış 69 000 manat kompensasiyadan 45 000 manat hissəsi və 626,17 m torpaq sahəsi üçün hesablanmış 18000 manat məbləğində kompensasiya ona ödənilmiş, 24 000 manat kompensasiya ödənilməmişdir. Qalıq 24 000 manat məbləğində kompensasiyanın ödənilməsi üçün tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi qaydada müraciət olunmuş, cavabdeh təşkilat tərəfindən 30 avqust 2021-ci il tarixli ********** saylı cavab məktubunda ona məxsus olan 2896 m torpaq sahəsindən 2339,14 m hissəsinin yolun tikintisi altına düşdüyünü, bu səbəbdəndə xüsusi mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacına alındığını, torpaq sahəsinin alınmasına görə müvafiq kompensasiya ödənilməsini qeyd etmiş, kompensasiyanın qalan hissəsini ödəməkdən imtina etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Hesab edirəm ki, mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğundan, iddiaçı ilə cavabdeh arasında yaranan mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən hazırki iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı deyil. Belə olan halda ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya müvafiq inzibati orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 162 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114,153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı inzibati orqanın hərəkətlərindən inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 62 (altmış iki) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar