Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4161/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı ilə Cavabdeh (bundan sonra Cavabdeh MMC) arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli, 15 saylı Müqavilədən müəyyən edilir ki, iddiaçıya məxsus mənzilin sökülərək əvəzində yerində tikiləcək yeni yaşayış binasından təmirli mənzilin verilməsi və həmin mənzil iddiaçıya verilənədək ona hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
2. Tərəflər arasında rəsmiləşdirilmiş 31 yanvar 2020-ci il tarixli, 15 saylı Müqavilədən müəyyən edilir ki, cavabdeh hər ay iddiaçıya 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. Tərəflər arasında rəsmiləşdirilmiş 31 yanvar 2020-ci il tarixli, 15 saylı Müqavilədən müəyyən edilir ki, cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıracaq.
4. İddiaçı Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 24000 (iyirmi dörd min) manat məbləğində kirayə haqqının, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin və iş üzrə ödənilmiş 162 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Ərizəçinin əsaslandırması:
5. Ərizə onunla əsaslandırılmışdır ki, bir tərəfdən Cavabdeh MMC onun nizamnaməsinə əsasən fəaliyyət göstərən direktoru X1 və digər tərəfdən “Mülkiyyətçi” adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 17, m.19-da yaşayan vətəndaş İddiaçı oğlu xx.xx.2020-ci il tarixdə 15 saylı müqavilə bağlayıblar. Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Mülkiyyətçiyə (iddiaçı) məxsus 13 nömrəli mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin (iddiaçının) söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, dövlət reyestr xidmətinin çıxarışında göstərilmiş 2 otaq 45.2 kv.m. (faktiki 2 otaqlı 47 kv.m.) mənzilin ümumi sahəsinə əlavə etməklə 1-ci giriş, 10-cu mərtəbənin təmirli, 2 otaqlı, 59.23 kv.m. mənzili “Mülkiyyətçi”-nin (iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə üzrə öhdəlik götürərək (müq. 2.1.2) yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqı verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC müqavilə şərtlərinə görə, (2.2.5) yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”-yə mənzili təmir edib təhvil vermək öhdəliyi götürməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 15 saylı müqavilə 31 yanvar 2022-ci il tarixində başa çatmasına baxmayaraq Cavabdeh MMC yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqını müqavilə bitdikdən bu günədək 3 il 4 ay ərzində (2022-ci il üçün 11 ay, 2023-cü il üçün 12 ay, 2024-cü il üçün 12 ay və 2025-ci il üçün 5 ay) aylıq 400 manat məbləğində kirayə haqqı verilmişdir. Cavabdeh MMC tərəfindən təyin edilmiş 400 manat dəyərində aylıq kirayə haqqı müqaviləyə əsasən xx.xx.2020 - xx.xx.2022-ci illəri əhatə etsə də, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən 2025-ci ilin may ayınadək 400 manat kirayə haqqı verməkdə davam etmişdir. Bildirmək istəyirik ki, 24 aylıq müddət bitdikdən sonra cavabdeh tərəfindən binanın digər sakinlərinə fərqliməbləğlərdə kirayə haqqları ödənilir. 2022-ci ilin fevral ayından bu günə kimi qiymət artımı ilə bağlı olaraq cavabdehin verdiyi aylıq kirayə haqqının üzərinə məvacib əlavə etməklə aylıq kirayə haqlarını ödəmişik. Bina.az, Birja.az və digər mənzilsaytlarına da nəzər yetirsək görərik ki, son 3 ilərzində həmin ərazidə mənzillərin kirayə haqları nə qədər təşkil edir.
Cavabdehin etirazları:
6. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
7. İddiaçı, eləcə də onun nümayəndəsi və vəkili öncə məhkəmə prosesində iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddianı müdafiə etdiklərini və tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili öncəki məhkəmə proseslərində eyni zamanda bildirirdi ki, cavabdeh tərəfindən digər sakinlərə fərqli məbləğlərdə kirayə haqqı ödənişi həyata keçirilir və bununla bağlı həmin sakinlərlə cavabdeh arasında əvvəllər bağlanmış müqavilələrə sonradan müvafiq dəyişikliklər edilmişdir. Lakin bu halları təsdiq edən müqavilələrin onlarda olmadığını həm iddiaçı, həm də onun nümayəndəsi bildirərək əlavə etdilər ki, cavabdehə etdikləri şifahi müraciətlərə baxmayaraq cavabdeh iddiaçı ilə bağladığı müqaviləyə dəyişiklik etməmiş və müqavilə üzrə müəyyən edilmiş 400 manat məbləğində kirayə haqqını müəyyən gecikmələrlə də olsa ödəməkdə davam edir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ: Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan, 31 yanvar 2020-ci il tarixli, 15 saylı Müqavilədən müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi, əvəzində yeni tikiləcək yaşayış binasından təmirli mənzilin, eləcə də həmin yaşayış binası tikilənədək aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər.
10. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, ünvan 1, mənzil 13 İddiaçı mülkiyyətindədir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. - Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. - Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. - Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. - Maddə 362. Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
14. Belə ki, məhkəmə iddiaçının bildirdiyi hallara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi üçün ya tərəflər arasında müqavilə olmalı, ya öhdəlik zərər vurulması (delikt), ya da əsassız varlanma nəticəsində yaranmalıdır. İndiki halda tərəflər arasında nə zərər vurulması, nə də əsassız varlanma nəticəsində hər hansı öhdəliyin yaranması halları müəyyən edilmir. Tərəflər arasındakı öhdəlik münasibətləri onlar arasında rəsmiləşdirilmiş 31 yanvar 2020ci il tarixli müqavilədən yarandığı üçün məhkəmə müqavilədən əmələ gələn öhdəliklərin icrası ilə bağlı hallara qiymət verməlidir.
15. Belə ki, iş materiallarından da müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında 31 yanvar 2020-ci il tarixində 15 saylı müqavilə rəsmiləşdirilmiş və həmin müqavilənin 2.1.2-ci bəndi ilə mülkiyyətçinin, indiki halda iddiaçının Cavabdeh MMC-dən, yəni cavabdehdən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqını tələb etmək hüququ müəyyən edilmişdir. Bu hüquqa qarşılıq olaraq Cavabdeh MMC qeyd edilən müqavilənin 2.2.3-cü bəndi ilə həmin müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin 1 dəfə hər ayın 1-də mülkiyyətçiyə, yəni iddiaçıya ödənilməsini təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi, eləcə də məhkəmə iclaslarında verdiyi izahatlar zamanı bildirdiyi hallara əsasən müəyyən edilir ki, cavabdeh müqavilə üzrə yuxarıda qeyd edilmiş öhdəliyini, yəni hər ay iddiaçıya 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənişini həyata keçirmək öhdəliyini icra edir. Göründüyü kimi iddiaçının tələbi həmin ödənişlərin icra edilməməsi ilə deyil, əksinə həmin məbləğin hazırda dəyişən kirayə haqqı məbləğlərinə uyğun olmadığına görə əlavə kirayə haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlıdır. İddiaçı bu halları iddia ərizəsində qeyd etməsinə və məhkəmə iclasında vurğulamasına baxmayaraq nə artıq ödədiyini iddia etdiyi aylıq kirayə haqqı məbləğini təsdiq edən, nə də digər sakinlərə ödənilən kirayə haqqı məbləğlərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinə əsasən cavabdeh “hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini uzadılmasını təmin etmək” öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatlarında tərəflər arasında 2 il müddətinə bağlanmış sözügedən müqavilənin müddəti bitdikdən sonra cavabdeh tərəfindən kirayə ödənişlərinin davam etdirildiyini və hazırki iddia ərizəsi məhkəməyə verilənədək ötən 3 il 4 ay ərzində aylıq 400 manat məbləğində kirayə haqqının verildiyini etiraf etmişdir. Bununla da iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə bağlı hər hansı mübahisənin əmələ gəlmədiyini təsdiq etmişdir.
17. Qeyd edilən hallardan da müəyyən edildiyi kimi tərəflər kirayə haqqı məbləğini müəyyən etmiş və bunu müqavilədə göstərmişlər. Cavabdeh isə mülki qanunvericiliyin tələblərinə əsasən razılaşdırılmış qiymət üzrə müqavilənin icrasını həyata keçirir ki, bunu da iddiaçı etiraf edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, müqavilə bağlandıqdan sonra onun icrası ilə bağlı razılaşdırılmış qiymətin dəyişdirilməsinə Mülki Məcəllədə və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Tərəflər arasında bağlanmış müqavilədən tərəflərin razılaşdırdığı qiymətin – kirayə haqqının dəyişdirilməsi ilə bağlı hər hansı bir hal və qayda nəzərdə tutulmamışdır. Lakin müqavilənin 6.6-cı bəndində qeyd edilmişdir ki, tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi və qüvvədə olan qanunvericilik aktları ilə tənzimlənir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, tərəflərin müqavilə ilə razılaşdırdıqları kirayə haqqı məbləğinin dəyişdirilməsi üçün müqaviləyə dəyişiklik edilməlidir. Müqavilənin dəyişdirilməsi şərtləri və qaydası isə Mülki Məcəllədə qeyd edilməklə bu halın müqavilədə və ya Mülki Məcəllədə başqa hallar nəzərdə tutulmadığı halda yalnız tərəflərin razılaşması ilə mümkünlüyü göstərilmişdir. Mülki iş materiallarından isə iddiaçının müqavilənin müvafiq bəndinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etməsi, eləcə də cavabdehin bundan imtinasına dair hər hansı hal müəyyən edilmir və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
18. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
19. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev