Məhkəmə qərarları › İş №e-2(001)-423/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-423/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-423/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Cavabdeh1 nümayəndəsi Nümayəndə2 oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında onun xeyrinə dəymiş ziyana görə 13.578,33 manat sığorta ödənişinin, ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-yə məxsus Cavabdeh2 tərəfindən idarə olunan **-JT-*** dövlət qeydiyyat nişanlı “X4” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə 28 iyul 2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 18.578,33 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 03 may 2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 18.578,33 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “icbari sığortası” növü üzrə 5.000 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya 13.578,33 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğindən hər hansı ödəniş edilməməmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 MMC-nin sürücüsü Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi ona aid hissədə iddianı qəbul edərək bildirdi ki, yol nəqliyyat hadisəsi Cavabdeh2 Cavabdeh1ndə öz əmək funksiyalarını yerinə yetirərkən baş vermiş və hadisədə Cavabdeh2 təqsirli bilinmişdir. Ona görə də iddiaçıya sığorta ödənişini ödəməyə etiraz etmirlər. Onlar sığorta ödənişini etdikdən sonra həmin pulu reqres qaydasında Cavabdeh2 tələb edəcəklər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh1ndəki işindən azad edilməsə idi, sığorta ödənişini hissə-hissə ödəyərdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD seriyalı 434796 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, **-JT-*** dövlət qeydiyyat nişanlı, “X4” yük markalı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 28 iyul 2019-cu il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində Cavabdeh1 MMC-yə məxsus və Cavabdeh2 tərəfindən idarə olunan “Mersedec-Benz Sprinter” markalı yük avtomobili ilə “İveco Unbanway” markalı avtobus toqquşmuş, yolnəqliyyat hadisəsi nəticəsində “İveco Unbanway” markalı avtobusa zərər vurulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 10 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 28 iyul 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktında cinayət tərkibi müəyyən edilmədiyindən Cavabdeh2 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir; İcbari Sığorta Bürosunun elektron saytında **-JT-*** dövlət qeydiyyat nişanlı, “X4” yük markalı avtomobilinin icbarı sığorta müqaviləsinin mövcud olub-olmaması yoxlanılması barədə məlumatdan görünür ki, qeyd olunan avtomobilin "xxxx" ASC-də aktiv icbari sığorta müqaviləsi mövcuddur; "xxxx" MMC tərəfindən tərtib edilmiş 4568 nömrəli zərər aktından görünür ki, **-JX- *** dövlət qeydiyyat nişanlı “İveco Unbanway” markalı avtobusa dəymiş ziyan 18.578,33 manat məbləğindədir; "xxxx" ASC-nin 03 may 2021-ci il tarixli sığorta aktının və 05 may 2021-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, "xxxx" ASC tərəfindən **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Unbanway” markalı avtobusa dəymiş ziyana görə 18.578,33 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxs "xxxx" MMC-nin hesabına köçürülmüşdür; 810944009 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə iclasında tərəflərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1nə məxsus “**-JT-*** dövlət qeydiyyat nişanlı “X4” markalı nəqliyyat vasitəsini əmək funksiyalarının icrası zamanı idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq "xxxx" ASC tərəfindən sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı “İveco Unbanway” markalı avtobusla toqquşmuş, hadisə nəticəsində sığortalanmış əmlaka 18.573,33 manat məbləğində zərər dəymiş, həmin zərərdən 5.000 manat məbləğində vəsaiti zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən şirkət tərəfindən iddiaçıya ödənilmiş, qalan 13.578,33 manat isə ödənilməmiş qalmışdır. Qanunvericiliyin yuxarıda göstərilən normalarının məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən 13.578,33 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçıya ödənilməli, iddia digər cavabdehə münasibətdə isə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 13.578,33 (on üç min beş yüz yetmiş səkkiz manat, otuz üç qəpik) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar