Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4263/2024 15.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X16, Cavabdeh iştirakları ilə, İddiaçı “X21 Kompany” MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X21 Kompany” MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənimsədiyi və məhkəmə hökmü ilə təsdiqlənmiş 9685,32 manat pul məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixindən rəsmi əmək müqaviləsi ilə satış təmsilçisi vəzifəsinə təyin olunmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-387/2023 nömrəli hökmündə ********* saylı cinayət işi materialı üzrə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən İddiaçındə satış təmçilçisi vəzifəsində işləyərkən maddi məsul şəxs kimi üzərinə qoyulmuş ona təhkim olunan müştərilərə paylanan malların satışından əldə olunan pul vəsaitini baş ofisin xəzinəsinə təhvil verilməsi vəzifəsini yerinə yetirməyərək MMC-yə məxsus malların "xxxx" MMC-yə satışından əldə olunmuş 259,62 manat, fiziki şəxs X11 satışından əldə olunmuş 540,20 manat; fiziki şəxs X3 əldə olunmuş 656,2 manat; fiziki şəxs X8 əldə olunmuş 404,17 manat; fiziki şəxs X2 əldə olunmuş 449,75 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 2080,21 manat; fiziki şəxs X6 əldə olunmuş 337 manat; fiziki şəxs X1 əldə olunmuş 513,35 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 348,24 manat; fiziki şəxs X5 əldə olunmuş 180,05 manat; fiziki şəxs X9 əldə olunmuş 316,62 manat; fiziki şəxs X4 əldə olunmuş 215,21 manat; fiziki şəxs X7 əldə olunmuş 810,64 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 505,24 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 252,11 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 450,84 manat; fiziki şəxs X10 əldə olunmuş 453,6 manat; "xxxx" MMC-yə satışından əldə olunmuş 447,55 manat və «Friends Cafe»yə satışından əldə olunmuş 464,72 manat pul vəsaitini davamlı olaraq mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək qulluq mövqeyindən istifadə etməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ona etibar edilmiş özgə əmlakı olan ümumilikdə 9685,32 manat məbləğində pul vəsaitini MMC-nin ünvan 1 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə əmlak sahibinə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmənin hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlətvə yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Həmçinin hökmdə iş üzrə mülki iddianın olmadığı qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçıya 3.500 manat borcu var, qalan hissədə isə iddianı qəbul etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçı Şirkətin pulunu mənimsəmişdir, bunu etiraf edir. Vurduğu ziyandan xeyli ödənişlərdə etmişdir. O, işdən azad olunarkən belə ona son-haqq hesab ödənilməyib, borcundan silinib. Hazırda iddiaçı şirkətə 3.500 manat ödəməyə hazırdır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: “X21 Kompany” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 5302 nömrəli əmək müqaviləsindən görünür ki, sonuncu MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə işçiyə hər ay 350 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 5.1-ci bəndinə görə bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. “X21 Kompany” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış maddi məsuliyyət haqqında müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən əmək münasibətləri prosesində işçi işəgötürənin ona etibar edərək verdiyi verdiyi əmlakların, maddi və digər sərvətlərin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, “İşəgötürənin” bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. “İşçi” hərəkətləri (hərəkətsizliyi) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə işəgötürənin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan, habelə həqiqət, uygun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunuvericiliyi və müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşıyır. Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, səhlənkarlığı, işə laqeydliyi və səriştəsizliyi nəticəsində ona etibar olunmuş mal, material və digər qiymətlilərin oğurlanması, istifadəyə yararsız hala salınması və ya normadan artıq işlədilməsi nəticəsində MMC-yə dəymiş ziyanın tam həcmdə ödənilməsini üzərinə götürür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-387/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək Cavabdeh əlavə cəza olaraq 01 il 06 ay müddətinə dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması hökm edilmişdir. Hökmdə Cavabdeh “X21 Kompany” MMC-yə ümumilikdə 15.745,67 manat ziyan vurulduğu, həmin ziyandan 4000+2060,35 manat ödənildiyi, qalan ziyanın 9.685,32 manat olduğu müəyyən edilmişdir. Cavabdeh 9.685,32 manat ziyandan 3.500 manat məbləğində ödəniş etmək istəmiş, qalan borcunu da qısa müddətdə ödəyəcəyini bildirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 387/2023 saylı hökmündən apellyasiya şikayəti və protesti verilmədiyindən hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, eyni tarixdə icra olunması üçün Bakı şəhəri probasiya idarəsinə göndərilmişdir. Daha sonra hökmdən zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti baxılmamış saxlanılmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın verilməsi üçün iddiaçı tərəfindən məhkəmənin hesabına 117 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında Əmək Müqaviləsi bağlanmış və cavabdeh satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh əmək funksiyalarının icrası zamanı müştərilərdən əldə etdiyi pul vəsaitlərini şəxsi istifadə üçün mənimsəmiş, ümumilikdə iddiaçıya 15.745,67 manat ziyan vurmuşdur. Cavabdeh vurduğu ziyandan 4000+2060,35 manat ödəniş etmiş, cəmi 9.685,32 manat vəsait isə ödənilməmiş qalmışdır. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın ödənilməmiş 9.685,32 manatını tələb edir, cavabdeh isə iddianı qismən qəbul edərək, vurulmuş ziyandan 3.500 manat ödəməyə razı olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlıdır. Belə ki, cavabdehin iddiaçıya 9.685,32 manat məbləğində ziyan vurması halı iş materialları ilə tam şəkildə təsdiq olunur. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə 9.685,32 manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 9.685,32 (doqquz min altı yüz səksən beş manat, otuz iki qəpik) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117 (bir yüz on yeddi) manat pul tutularaq iddiaçı “X21 Kompany” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4263/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4263/2024
15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver