Məhkəmə qərarları › İş №e-2(001)-427/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-427/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-427/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi 46 saylı ev (A tikilisindən 2 otaq y/ş.-44 kv.m.) iddiaçılar və cavabdehin hər birinin ¼ payları olmaqla, onların paylı mülkiyyətindədir. Bu barədə iddiaçılar müvafiq çıxarışlar almışlar. Mübahisəli ev onlara mərhum ataları (bir iddiaçıya münasibətdə əri) X1 miras qalmışdır. Hazırda tərəflər arasında mübahisə mövcuddur. İddiaçılar birlikdə cavabdehin payına və ya onların payına uyğun olaraq cavabdehin onlara müvafiq kompensasiya ödənilməsini təklif etsələr də, cavabdeh bununla razılaşmamış, buna görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Qeyd olunanlara əsasən iddiaçılar tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi 46 saylı evin (A tikilisindən 2 otaq y/ş.-44 kv.m.) naturada bölünməsi, bu mümkün olmadıqda fərdi yaşayış evinin iddiaçıların hər birinin payına uyğun 3/4 hissəsinin dəyəri olaraq müvafiq kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi, bu mümkün olmadıqda isə cavabdehin oradan çıxarılaraq, fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/4 hissədə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, çıxarışda başqa şəxslərin adları olsa da, faktiki olaraq həmin tikililər mövcud deyil, həmin şəxslərin hazırkı iş üzrə tərəflərə və onlara məxsus daşınmaz əmlaka hər hansı aidiyyəti yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, qardaşı Ülvi ona sözdə 13000 manat təklif etsə də, real olaraq həmin pulu ona verməmişdir. Hər dəfə bir bəhanə gətirirdi. Deyirdi ki, sən gəl payından imtina et, mən pulu sənə sonra verim. Lakin, onun 13000 manata ev alması üçün gərək ancaq təcili satılan ev olsun və əlində pulun olması zəruridir. Bu yaxında belə bir ev tapmışdır. Satıcı ilkin ödəniş olaraq 15000 manat istəyirdi. Qardaşından 13000 manatı götürüb, üstünü də düzəldib həmin evi almaq istəyirdi, lakin qardaşı pulu ona vermədi. Hal-hazırda təklif olunan 7000 manata təbii ki, razı deyil. Özünün də iddiaçılara ödəniləsi pulu yoxdur. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışlardan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisindən (2 otaq y/s – 44,0 kv.m.) ¼ hissə İddiaçı1, ¼ hissə Cavabdeh, ¼ hissə İddiaçı2, ¼ hissə İddiaçı3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7474 nömrəli ekspertiza rəyində aşağıdakılar göstərilmişdir: “ ... rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh paylarına uyğun naturada bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1., 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir”. İş materiallarında olan Daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə 0079 saylı Hesabatda göstərilmişdir ki, “ ... toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh paylı mülkiyyətində olan hissəsinin (A tikilisinin yaşayış sahəsi 44,0 kv.m.-dən ibarət 2 (iki) otağının) bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində aşağıdakı kimi müəyyən olunmuşdur: bazar: 32.500 manat; likvid: 29.300 manat”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin sistemli şərhi aşağıdakılara dəlalət edir: ilkin olaraq paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razlaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Əgər tərəflər arasında belə razılq əldə olunmazsa paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 220.4 və 220.5-ci maddəsi ayrılan mülkiyyətçiyə onun payının verilməsi və əmlakdakı paya hüququnun itirilməsi qaydasını müəyyən edir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 220.6-cı maddəsinin məzmunundan məlum olur ki, ayrılan mülkiyyətçi ilkin olaraq Məcəllənin 220.3-220.5-ci maddələrdə müəyyən edilmiş qaydalara və ardıcıllığa riayət etməli və yalnız həmin qaydalar və ardıcılıq əsasında ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, iddiaçılar Mülki Məcəllənin 220-ci maddəsi ilə nəzərədə tutulmuş ardıcılığa riayət etmiş və hal-hazırda əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zərurəti ortaya çıxmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “ ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. ... mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə, məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə, onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsaslanaraq hesab edir ki, mübahisəli ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkün olduğundan və tərəflər arasında kompensasiyanın ödənilməsi ilə bağlı konsensus olmadığından, mənzil açıq hərracda satılaraq, satışdan əldə edilən pulun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Bununla belə məhkəmə iddia ərizəsini cavabdehin mübahisəli evdən çıxarılması hissəsində əsaslı hesab etmir. Belə ki, iddiaçılar qeyd olunan tələbi irəli sürərkən, fərdi yaşayış evinin gələcək, hal-hazırda bəlli olmayan mülkiyyətçisinin hüquqlarını öz üzərinə götürmüş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin A tikilisindən (2 otaq y/s – 44,0 kv.m.) İddiaçı1, Cavabdeh, İddiaçı2 və İddiaçı3 məxsus hissənin ilkin satış qiyməti 29.300 (iyirmi doqquz min üç yüz) manat müəyyən edilməklə, həmin daşınmaz əmlak açıq hərracdan satılsın və daşınmaz əmlakın satışından əldə edilmiş vəsait tərəflər arasında paylarına mütənasib surətdə bölünsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Aparılmış qiymətləndirmənin 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (benefisiarın VÖEN-i: **********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22; bank kodu: 505141; bankın VÖEN-i: **********, müxbir hesab: AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar