Məhkəmə qərarları › İş №e-2(001)-4283/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4283/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4283/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamaləddin oğlundan müştərək qaydada 1.110.000 manat pul vəsaitinin, 77220 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 1.187.220 (bir milyon yüz səksən yeddi min iki yüz iyirmi) manatın, həmçinin iddia ərizə verilməsi üçün ödənilmiş 1383.61 manat dövlət rüsumunun onun, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə Vəkil2 İddiaçı sahibkarlıq subyekti olmadığını, yəni onun adına VÖEN olmadığını, lakin həmin ASC-nin səhmdarı olmaqla yanaşı, hazırda tələb edilən pul vəsaiti köçürüldükdən sonra "xxxx" ASC-nin səhmdarı kimi rəsmiləşdirildiyini, sözügedən pul vəsaitinin məhz "xxxx" ASC-nin gəlirli fəaliyyətinin təmin edilməsi məqsədilə armaturların satışı ilə məşğul olan treyder şirkətinin qurulması barədə həmin ASC-nin majoritar səhmdarı olan Cavabdeh2la aralarında olan şifahi razılaşmaya əsasən köçürüldüyünü təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə Cavabdeh1 tərəflər arasında olan mübahisənin korporativ mübahisə olmaqla yanaşı, aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmasını, Cavabdeh1 hesabına ödənilmiş pul vəsaitinin iddiaçının şəxsi təşəbbüsü ilə "xxxx" ASC-də olan "xxxx" ASC-nin kredit borcunun restrukturizasiyası və ya bağlanması məqsədilə edilməsini, İddiaçı "xxxx" QSC-nin rəhbəri olduğu dövrdə həmin QSC-nin vasitəsilə "xxxx" ASC-nin faktiki idarəçiliyini həyata keçirməsini və majoritar səhmdarı olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 icra edilmiş ödənişlərin təyinatının kredit ödənişi olduğunu bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsi müəyyən edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Həmin Məcəllənin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restruktizasiya haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir.(bənd 19) Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.(bənd 26) İddia ərizəsinin məzmunundan, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarından və iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə tərəflərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. İddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasında irəli sürülmüş iddia tələbinin maddi hüquqi əsasını əsassız varlanma ilə əsaslandırmağa çalışsa da, iddia ərizəsi və işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında yaranmış mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış, həmçinin korporativ mübahisədir. Belə ki, iddiaçı və Cavabdeh2 Kamaləddin oğlu "AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) səhmdarları olmaqla yanaşı, "AzeSteelCompany” ASC-nin gəlirli fəaliyyətini təmin etmək üçün onun istehsal etdiyi armaturların satışı ilə məşğul olan treyder şirkəti qurmaq qərarına gəlmişlər, bunun üçün 20 milyon manat civarında dövriyyə kapitalına ehtiyac olması, "xxxx" ASC-də iştirak paylarlarına uyğun olaraq yeni treydinq şirkəti (kommersiya hüquqi şəxsi) yaradılması, Cavabdeh2 Kamaləddin oğlunun "xxxx" ASC-də majoritar səhmdar olması, tərəflərin səhmlərinə uyğun olaraq yeni şirkətin nizamnamə kapitalına sərmayə qoyulması məhz tərərlər arasında korporativ mübahisənin olmasına dəlalət edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 32-ci və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar