Məhkəmə qərarları › İş №e-2(001)-4290/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4290/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4290/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X8 Kredit Təştikaltı” MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş icra ödənişinin geri qaytarılması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X8 Kredit Təştikaltı” MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Cavabdeh1nə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı “X8 Kredit Təştilatı” MMC Cavabdeh1nə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2816,81 manat məbləğində ödənilmiş icra ödənişinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən verilmiş 8İ-16578 nömrəli, xx.xx.2019 tarixli icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə Cavabdeh1nə göndərilmişdir. İcra qeydi ilə bağlı Cavabdeh1nə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 8209,79 manat və 2816,81 manat məbləğində icra ödənişləri edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən verilmiş 8İ-16578 nömrəli, xx.xx.2019 tarixli icra qeydi ləğv edilmişdir. Bundan sonra 8209,79 manat məbləğində vəsait Binəqədi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx"MMC-yə geri qaytarılmışdır. Lakin 2816,81 manat məbləğində ödənilmiş icra ödənişi isə geri qaytarılmamışdır. Cavabdeh1nə müraciət edilməsinə baxmayaraq indiyədək ödənilmiş icra ödənişi "xxxx" MMC-yə geri qaytarılmamışdır. Bu səbəbdən də iddiaçı ödənilmiş icra ödənişinin geri qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı “X8 Kredit Təştilatı” MMC məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair e-2(001)-4290/2024 saylı mülki iş vardır. Həmçinin mülki iş üzrə iş materiallarında olan iddia ərizəsində cavabdeh qismində Cavabdeh1 göstərilmişdir. “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh1 cavabdeh qismində əlavə edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh1nə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia tələbinin təmin olunaraq, 2816.81 (iki min səkkiz yüz on altı.81) manat məbləğində ödənilmiş icra ödənişinin “X8 Kredit Təşkilatı” MMC-yə geri qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Mülki işin materialları:

6. xx.xx.2019-cu il tarixli, 8İ-16578 nömrəli icra qeydindən görünür ki, tələbkar "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan X4 məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə öhdəlik yaradan kredit müqaviləsinə əsasən 24 ay müddət üçün xx.xx.2019-cu il tarixə hesablanmış 28073,10 manat əsas, 4373,72 manat faiz, 6120 manat dəbbə pulu, 1622,39 manat cərimə, cəmi 40190,21 manat borc üzrə tutma yönəldilməlidir.

7. "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırqlarına əsasən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin AZ64CTRE******************** saylı hesabına (VOEN **********1) 8209,79 manat və 2816,81 manat icra ödənişləri edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8İ-16578 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydi ləğv edilmişdir.

9. Ödəniş tapşırığına əsasən xx.xx.2023-ci il tarixdə Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə 8209,79 manat məbləğində vəsaiti ödəniş edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunundun

12. 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır.

13. 78.2. icra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır.

14. 78.3. İcra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.

15. 78.4. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənəd ləğv edildikdə, icra ödənişi borcluya qaytarılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

16. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Müəyyən edilmişdir ki, Bakı şəhəri, 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-16578 nömrəli icra qeydi tələbkar "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan X4 məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə öhdəlik yaradan kredit müqaviləsinə əsasən 24 ay müddət üçün xx.xx.2019-cu il tarixə hesablanmış 28073,10 manat əsas, 4373,72 manat faiz, 6120 manat dəbbə pulu, 1622,39 manat cərimə, cəmi 40190,21 manat borc üzrə tutma yönəldilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixli 271714 və 271715 saylı ödəniş tapşırqlarına əsasən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin AZ64CTRE******************** saylı hesabına (VOEN **********1) T.H.Quliyevanın icra qeydinin yerinə yetirilməsi ilə bağlı 8209,79 manat və icra qeydinin yerinə yetirilməsi ilə bağlı icra və probasiya şöbəsinin xidmət haqqı kimi 2816,81 manat icra ödənişləri edilmişdir.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh Bakı şəhəri 9 saylı Notariat Kontoruna (üçünçü şəxs "xxxx" MMC-yə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri 9 saylı ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 8İ-16578 nömrəli, xx.xx.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir. Bundan sonra ödəniş tapşırığına əsasən xx.xx.2023-ci il tarixdə Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə 8209,79 manat məbləğində vəsait ödəniş edilmiş, lakin 2816,81 manat icra ödənişi geri qaytarılmamışdır.

24. Beləliklə müəyyən olunmuşdur ki, icra sənədinin verilməsi üçün əsas olmuş notariusun icra qeydi məhkəmə qətnaməsinə əsasən ləğv olunmişdur. Ona görə də qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən xidmət haqqı kimi ödənilmiş 2816,81 manat icra ödənişi iddiaçıya qaytarılmalıdır.

25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Cavabdeh1nə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməli, "xxxx" MMC tərəfindən 20xx.xx.2024-cü il tarixdə, 271715 saylı tapşırığa əsasən AZ64CTRE******************** saylı hesabına (VOEN **********1) ödənilmiş 2816,81 manat məbləğində icra ödənişi geri qaytarılmalıdır.

28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazrliyinə və Cavabdeh1nə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. "xxxx" MMC tərəfindən 20xx.xx.2024-cü il tarixdə, 271715 saylı tapşırığa əsasən AZ64CTRE******************** saylı hesabına (VOEN **********1) ödənilmiş 2816,81 (iki min səkkiz yüz on altı manat səksən bir qəpik) manat məbləğində icra ödənişi iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar