Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4296/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh ünvan 1i ünvanda qeydiyyatdadır. Ərizəyə tərəflərin faktiki yaşayış yerinə dair arayış, eyni zamanda tərəflərin öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişməsinə dair sənəd əlavə edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia çərçivəsində cavabdehin faktiki olaraq Bakı şəhəri Binəqədi rayonunun ərazisində yaşaması ona qarşı iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi üçün əsas deyil. Bundan başqa iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilən şəxslər kateqoriyasına aid olmasa da, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddəsinə əsasən yaşayış yeri - Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin, iddiaçı dövlət rüsumu ödəməmişdir. İddiaçı özü iddia ərizəsində bunun əsası kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, “ ... dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir”. Halbuki, iddiaçı mediasiya prosesində 50 manat ödəmiş olsa belə, iddia ərizəsi verilərkən qanunvericiliklə tələb olunan 100 manat məbləğində dövlət rüsumunu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə müvafiq olaraq, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən isə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bundan başqa, iddiaçı iddia ərizəsində tələbini aşağıdakı kimi formalaşdırmışdır: “1. X1 onun bioloji övladı olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi DNT ekspertizası təyin edilsin; 2. Ekspertiza nəticəsində məlum olarsa ki, o, bioloji ata deyil, Nazlı Məmmədova barəsində atalığın hüquqi faktı ləğv edilsin; 3. DNT ekspertizası dövlət hesabına keçirilsin; 4. Məhkəmə xərcləri cavabdehin üzərinə qoyulsun.” Göründüyü kimi, iddia ərizəsində irəli sürülmüş tələb tam aydın ifadə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir ... iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Binəqədi rayonuna aid olmadığına dair iş materiallarında hər hansı sübut mövcud olmadığına, dövlət rüsumu ödənilmədiyindən və tələb qeyri-mücərrəd ifadə olunduğundan görə hazırkı iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə də, cavabdehin ünvanı Şəki rayonu ərazisində yerləşdiyindən, həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəninin tələblərinə uyğun olaraq ərazi aidiyyəti üzrə müvafiq olaraq Şəki Rayon Məhkəməsində baxıla bilər. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bununla da, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Binəqədi rayonuna aid olmadığına dair iş materiallarında hər hansı sübut mövcud olmadığına, dövlət rüsumu ödənilmədiyindən və tələb qeyri-mücərrəd ifadə olunduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-4296/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4296/2025
27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver