Məhkəmə qərarları › İş №e-2(001)-4303/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4303/2022

09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4303/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 416 manat dəyərində maddi ziyanın tam məbləğinin və 30 manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) şirkəti ilə bir tərəfdən və Cavabdeh ( “Alıcı” ) şəxsində digər tərəfdən, aralarında əldə olunmuş razılığa əsasən, dəyərini ödəmək şərtilə İddiaçı MMC-dən istehlak məhsullarını qəbul etmişdir. Lakin əvəzi olaraq, iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən cavabdehin iddiaçı "VİP STATUS” MMC qarşısında 416 AZN məbləğində ödənilməmiş debitor borcu yaranmışdır və bununla bağlı tərəflər arasında ALC.5327 saylı xx.xx.2021-ci il tarixli qarşılıqlı olaraq Üzləşmə Aktı imzalanmışdır. Tərəflərin qarşılıqlı münasibətlərinin olması faktını nəzərə alınaraq iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə cavabdehə borcun könüllü ödənilməsi təklifi irəli sürülmüşdür. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Yuxarıda qeyd olunmuş ALC.5327 saylı xx.xx.2021-ci il tarixli aktın 4-cü müddəasında göstərilmişdir ki, “Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya münasibətlər, bir qayda olaraq danışıqlar vasitəsilə həll edlir. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi qaydasında həll olunacaqdır”. Eyni zamanda bildirilir ki, yaşayış ünvanı üzrə müvafiq olaraq sifarişli, xəbərnaməli poçt göndərişlərişlə Pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləği ona təklif olunduğu müddətdə ödənilməmişdir. İddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, şirkət spirli içkilərin satışı ilə məşğuldur. Cavabdeh şirkətin müştərisi olmuşdur. Cavabdeh onlardan 416 manat dəyərində mal götürmüş, lakin borcunu ödəməmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanan mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək barədə 01 noyabr 2021-ci il tarixli, ALC.5327 saylı razılaşma aktından(mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında) görünür ki, borclu Cavabdeh tələbkardan qaimə faktura əsasında götürüb sataraq əldə etdiyi istehlak məhsullarının dəyərindən tələbkarın şirkətinə 416 manat ödəniş borcu vardır və öz öhdəsinə götürür ki, borcun tam məbləğini bu razılaşma aktı ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödəyəcəkdir. Razılaşmanın 2-ci bəndinə əsasən tərəflər borclunun iştirakı ilə tələbkar tərəfindən keçirilmiş yoxlamaların nəticələrinə əsasasən müəyyən edildiyini təsdiq edirlər. Razılaşmanın 3-cü bəndinə əsasən tərəflər bundan sonra da, qarşılıqlı şəkildə birgə fəaliyyətlərini davam etdirəcəklər. Borclu tələbkarın tələb etdiyi müddətə borcunu hissə-hissə tam ödəyəcəkdir.

6. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli satış qaiməsindən görünür ki, Cavabdeh tərəfindən MMC-dən 416,6600 AZN dəyərində mal almışdır.

7. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nin hesbaına ödənilməmiş 416 manat debitor borcu vardır.

8. 28 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan 3 təqvim günü ərzində icra edilməsi, əks təqdirdə borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi hüquqmühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir.

9. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı MMC spirtli içkilərin satışı ilə məşğul olan şirkətdir və şirkətlə Cavabdeh ilə əvvəllər nisyə alqı satqı münasibətləri olmuşdur. Daha sonra onlar arasında mövcud borcun etirafı barədə razılaşma olmuş, lakin iddiaçı borcun ödənilməsini tələb etməsinə baxmayaraq borcunu qaytarmamışdır. Həm mövcud borcun etirafı barədə razılaşmada, həm də iddiaçının tərtib etdiyi maliyyə arayışında cavabdehin 416 manat borcunun olduğu qeyd edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

13. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

14. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

16. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir;

21. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əvvəllər nisyə alğı-satqı münasibətləri olmuş, sonradan həmin öhdəlik borcun etirafı müqaviləsi ilə etiraf edilmişdir.Cavabdehin etiraf etdiyi borc məbləği 416 manat məbləğindədir və cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək əksini sübut etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışı ilə də borcun 416 manat məbləğində olması öz təsdiqini tapır. Eyni zamanda borcun etirafı barədə müqavilədə ödənişin qaydası və müddəti ətraflı təsvir olunmamışdır. Buna baxmayaraq Mülki Məcəllənin 427-ci maddəsinin tələbləri baxımından kreditorun dərhal icranı tələb etməsi və ya edilmiş xəbərdarlıqdan sonra 7 gün sonra tələb etməsi qanunauyğundur.

22. Odur ki, göstərilənlərə əsasən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 416 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 416 (dörd yüz on altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar