Məhkəmə qərarları › İş №e-2(001)-4305/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4305/2023

25.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4305/2023 25.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona çatası 135000 manat vəsaitin, icranın gecikdirilməsinə görə illik 5 % dərəcəsi ilə olan pul vəsaitinin, yəni 1350 manat və ona vurulmuş maddi 3000 manat və mənəvi 3000 manat ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 149.2.3-cü maddəsinə əsasəm iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; İddiaçı elektron qaydada təqdim etdiyi iddia ərizəsində Cavabdeh qismində, ünvanını isə ünvan 1, iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində pul vəsaitinin X1 tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı münahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Göründüyü kimi, iddiaçının əslində hansı şəxsə münasibətdə iddia qaldırması, kimi cavabdeh qismində göstərmək istəməsi məhkəmə üçün anlaşılan deyil. Digər tərəfdən “Azemis” elektron məhkəmə sistemindən müəyyən edilmişdir ki, iddiaçının faktiki olaraq elektron iddia ərizəsi ilə cavabdeh kimi qeyd etdiyi Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatdadır. Qanunvericiliyin imperativ tələbindən də aydın olduğu kimi iddia cavabdehin faktiki yaşadığı yerin deyil, onun rəsmi qeydə alındığı yerin məhkəməsinə təqdim olunmalıdır. Lakin iddiaçı MPM-nin 35-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarını pozmaqla iddia ərizəsini təqdim etmiş və iddia ərizəsinin digər ərazi aidiyyəti(iddiaçının seçiminə görə) qaydalarına uyğun olaraq təqdim edilməməsi də aşkardır. Bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdehin rəsmi qeydiyyata alındığı ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar