Məhkəmə qərarları › İş №e-2(001)-4381/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4381/2024

05.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4381/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000(üç min) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayının əvvəlləri idarə etdiyi taksi avtomobilinə müştəri olaraq əyləşmiş X1 əsnasında bildirdirmişdir ki, qardaşı oğlu həbs edilib, ona köməklik göstərilməsi üçün yaxşı vəkil axtarır. X6 dedi ki, onun Fərman adlı vəkil tanışı var. Fərman ona evlə təmin edilməsi işində köməklik göstərmişdir. X2 xahiş etmişdir ki, Fərmanla danışsın, Fərman ona qardaşı oğlunun həbsdan azad olunması işində köməklik göstərsin. Beləliklə də X3 vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ilə görüşən zaman o, bildirdi ki, qohumları vasitəsilə qardaşı oğlunun həbsdən azad edilməsi işində köməklik edəcək. Lakin bu işin həlli üçün 7000 manat ödənilməlidir. Cavabdeh ilə razılaşmış, 27 oktyabr 2021-ci il tarixdə, X3 yaşadığı Məmmədli qəsəbəsi, “Göyqurşağı” yaşayış massivi 5 saylı evin 59 nömrəli mənzilində Cavabdeh ilə görüşmüşdür. Görüşə qohumu X8 ilə birlikdə getmişdi. Görüş zamanı Cavabdeh söz verdi ki, 7000 manat pulun müqabilində qardaşı oğlunun həbsdən azad edilməsi işini həll edəcəkdir. O da, qohumu X7 və X3 yanında Cavabdeh 7000 manat pul vermişdir. Lakin Cavabdeh pulu aldıqdan sonra ona heç bir köməklik göstərmədi. Hər dəfə müxtəlif bəhanələr gətirib işi uzattı, sonra isə istifadəsində olan mobil telefon nömrəsini söndürərək, zənglərinə cavab verməkdən yayındı. O, anlamışdır ki, Cavabdeh etibarından sui-istifadə edərək, onu aldadıb, pulunu alıb. Şikayəti əsasında Cavabdeh cinayət məsuliyyətinə cəlb edilərək, Sabunçu Rayon Məhkəməsinin 1(008)- 831/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildi. İbtidai istintaq zamanı və məhkəmə prosesləri zamanı Cavabdeh ondan aldığı 7000 manat puldan 4000 manatını qaytarsa da, lakin bu günə kimi 3000 manat pulu qaytarmaqdan yayınır. Cavabdeh aldığı 7000 manat puldan 3000 manatını geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 7000 manat puldan 4000 manatını istintaq dövründə ödəsə də, 3000 manat pulu isə ödəməmişdir. Banklara kredit borcu var və faiz ödəyir. Bu səbəblə iddiasının tam təmin edilməsini xahiş edir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)- 831/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmiş, təqsirləndirilən şəxs Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və s. hökm edilmişdir.

6. Hökmə əsasən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, İddiaçı yalandan qardaşı oğlunu həbsdən azad edəcəyinə köməklik göstərəcəyinə dair yalandan vəd verib, ona bu işi 7000 manat müqabilində həll edəcəyinə dair söz vermişdir. Lakin Zahiddən aldığı 7000 manat pulu sonuncunun qardaşı oğlunu həbsdən azad edilməsinə yox, öz şəxsi problemlərinə xərcləmişdir. Həmin məbləğdən 3000 manat istintaq dövründə, 1000 manatı isə hazırda ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları:

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

11. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi:

13. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

14. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-831/2023 saylı hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Muradov X5 Zahid Yusif oğlunun 7000 manatını dələduzluq yolu ilə ələ keçirmiş və istintaq dövründə 4000 manatını qaytarmışdır. Odur ki, cavabdehin qanunazidd əməli nəticəsində iddiaçıya maddi zərər vurulması tədqiq edilən hökmlə öz təsdiqini tapır.

15. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehdən 3000 manat məbləğdə vəsait tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

21. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul vəsaiti və 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar