Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4394/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nın etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx"Kommersiya Bankı ASC cəlb edilməklə) qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx"Kommersiya Bankı ASC cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 38402,39 manat əsas borc, 19302 manat faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində kredit borcunun, 25966.97 manat əldən çıxmış faydaya görə faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 341 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X3” MMC (hazırda hüquqi varisi - "xxxx" ASC) ilə Cavabdeh arasında 18 may 2007-ci il tarixli 3463 nömrəli mənzil alğı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Satıcı "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilini alıcıya satmağı, alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx"ASC müqavilə üzrə öhdəliklərini icra edərək, mənzili inşa etmiş və cavabdehə təhvil vermişdir. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulduğuna, mənzilə görə ödənişləri gecikdirdiyinə görə Akkord ona qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(004)-555/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(004)-555/2019 saylı qətnaməsini ləğv edərək, iddia tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsindən Akkordun verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4888/2021 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(103)- 100/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 fevral 2021-ci il tarixli, 2(103)-100/2021 saylı qətnaməsi ilə Akkordun iddiasını rədd edərkən müəyyən etmişdir ki, cavabdeh ilə “X2” ASC arasında xx.xx.2007-ci il tarixdə Kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında aldığı kreditlə mənzilin ödənişini etmişdir. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü 57704,39 manat məbləğində pulu ASC (Akkord) Banka ödədiyi üçün "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürülmüşdür. “X2” ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2834TQH saylı tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən tələb etmə hüququ Bank tərəfindən iddiaçı ASC-yə ötürüldüyü üçün Akkord kredit müqaviləsi əsasında cavabdehin götürdüyü və geri qaytarmadığı 57704,39 manat məbləğində kredit borcunun 5 gün müddətində Akkorda ödənilməsi barədə Cavabdehə pretenziya məktubu göndərmiş, lakin Cavabdehdən heç bir cavab almamışdır. Buna görə də, Akkord pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdaifə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 28 fevral 2013-cü il tarixli 284TQH №-li tələbin güzəşt edilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC (kreditor) ilə "xxxx" ASC (yeni kreditor) arasında tələbin güzəşt edilməsi haqqında müqavilə bağlanmış və kreditor onun borcalan Cavabdeh ilə bağladığı xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsinə əsasən borcalana qarşı irəli sürə biləcəyi əsas kredit və faiz borcunun ödənilməsi üzrə tələblərini “yeni kreditor”a kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun kreditora ödənilməsi müqabilində güzəşt edir və yeni kreditor kredit müqaviləsi üzrə əsas kredit və faiz borcunun bu müqavilə ilə müəyyən edilmiş müddətdə “Kreditor”a ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “kreditor”un tələbi bu müqavilənin imzalandığı tarixdə mövcud olmuş həcmdə (kredit müqaviləsi üzrə əsas borc: 38402.39 manat, faiz borcu: 19302 manat) və şərtlərlə, xüsusilə də kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək üçün bağlanmış xx.xx.2007-ci il tarixli 283AK/07 saylı girov müqaviləsi üzrə girov hüququ, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən girov müqaviləsi üzrə girov predmetinin sığortası üzrə faydalanan şəxs kimi sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ güzəşt olunan tələbin həcminə mütənasib olaraq “yeni kreditor”a keçir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin alğı-satqısına dair bağlanmış 17 may 2007-ci il tarixli, 3463 saylı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzil boşaldılaraq, iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2019-cu il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 4888/2021 saylı qərarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 100/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 100/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “...Eyni zamanda Məhkəmə iş üzrə üçüncü şəxs olan Bankın təqdim etdiyi sənədlər ilə bağlı bildirir ki, Bank ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 283AKN/07 saylı “Kredit müqaviləsi” bağlanmışdır. xx.xx.2013-cü il tarixdə bağlanmış tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, 57.704,39 manat məbləğində pul Bank tərəfindən iddiaçı ASC-yə ödənilmiş, bununla da, tələb etmə hüququnu Bank tərəfindən iddiaçı ASCyə ötürülmüşdür. Məhkəmə bildirir ki, bu halın mövcudluğu, ötürülmüş tələbin cavabdeh tərəfindən ödənilməməsi iddiaçı ASC ilə cavabdeh arasında mənzilə dair bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin ləğvi üçün əsas ola bilməz. Çünki bu hal onlar arasında başqa hüquq münasibətinin yaranmasına səbəb olmuşdur ki, həmin münasibət üzrə yaranmış mübahisə hazırki apellyasiya baxışında olan iddianın predmeti deyil.” "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 31 yanvar 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh öhdəliklərinin yerinə yetirməməyə görə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 341 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəblə iddiaçı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" KB ASC arasında bağlanmış 28 fevral 2013-cü il tarixli müqaviləyə əsasən "xxxx"KB ASC tərəfindən borcalan Cavabdeh xx.xx.2007-ci il tarixli müqavilə üzrə 38.402,39 manat məbləğində əsas borc və 19302 manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində borcun tələb etmə hüququ iddiaçıya ötürüldüyü hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı bu barədə cavabdehi məlumatlandıraraq, borcun ödənilməsini tələb etsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. -194.2-ci maddəsinə əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiyi, pul borcunu müqavilə ilə nəzərdə tutulan qaydada iddiaçıya ödəmədiyi və bununla da müqavilənin şərtlərini pozduğu üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 38402,39 manat əsas borc və 19,302 manat faiz borcu olmaqla, cəmi 57704,39 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə məhkəmə iddiaçının “cavabdehdən 25966,97 manat məbləğində əldən çıxmış faydaya görə faiz borcunun tutulması” hissəsində iddia tələbini əsaslı hesab etmir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddənin dispozitiv şərtlərinə görə kreditor ilk növbədə borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyini sübut etməlidir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu mənada qeyd edilməlidir ki, iddiaçı bəhs olunan hissədə iddiasını cavabdehin pulu 9 il gecikdirməsi ilə əsaslandırsa da, iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi gecikmənin nə vaxtdan başladığının müəyyən edilməsinə əsas təşkil edən xx.xx.2007-ci il tarixli 283AKN/07 saylı kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə, gecikmənin həqiqətdə hansı müddəti əhatə etdiyini müəyyən edərək müvafiq hesablamanı aparmaq mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra borcun gecikdirilməsi ilə bağlı faizlərin ödənilməsi tələbi təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 38402,39 manat əsas borc və 19302 manat fazi borcu olmaqla, cəmi 57704,39 manat pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 341 manat dövlət rüsumunun 235 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 38402,39 (otuz səkkiz min dörd yüz iki manat 39 qəpik) manat məbləğində əsas borc və 19302 (on doqquz min üç yüz iki) manat məbləğində faiz borcu olmaqla, cəmi 57704,39 (əlli yeddi min yeddi yüz dörd manat 39 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 235 (iki yüz otuz beş) manat hissəsi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4394/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4394/2022
10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver