Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4461/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus BMW 330İ markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumilikdə 864 (səkkiz yüz altmış dörd) manat məbləğində zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, ona məxsus BMW 330İ markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Xətai rayonu, Nobel 23 istiqamətində hərəkət edərkən yolda olan çuxur nəticəsində avtomobilin təkərlərinə zərər dəymişdir. Belə ki, hadisə zamanı yolda qazılan və çuxur olan hissədə heç bir xəbərdaredici yol nişanı qoyulmamışdır. O, həmin avtomobillə hərəkət edərkən maşının təkərlərinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı servisə müraciət etmiş və servisdən BMW 330İ markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilən xx.xx.2024cü il tarixli qüsur aktına əsasən təkərin yararsız olduğu, qabaq amortizatorların işlək vəziyyətdə olmaması və dəyişilməli olması, həmçinin arxa sol tərəfdə olan diskin təmirə ehtiyacı olması göstərilmişdir. Belə ki, öz şəxsi vəsaiti hesabına ona məxsus BMW 330İ markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri qarşılamış və maşını təmir etdirmişdir. Təmir zamanı o, BMW 330İ markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkəri üçün 500 (beş yüz) manat, təkər balans xidməti üçün 30 (otuz) manat, hər iki amortizatorun özü üçün 214 (iki yüz on dörd) manat və dəyişməsi üçün 60 (altmış) manat, həmçinin disk təmiri üçün 60 (altmış) manat, ümumilikdə isə 864 (səkkiz yüz altmış dörd) manat xərc çəkmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi maşını üçün çəkmiş olduğu ümumilikdə 864 (səkkiz yüz altmış dörd) manat məbləğin ona ödənilməsi ilə bağlıdır. Onun avtomobilinə dəymiş zərər nəticəsində vurulan maddi zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, avtomobili ilə hərəkətdə olarkən yolda olan çuxur nəticəsində təkərlərinə ziyan dəymişdir. Sonradan maraqlanmış ki, cavabdeh təşkilat tərəfindən yol təmir olunurdu. Rəsmi olaraq cavabdeh təşkilata müraciət etməsə də, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iddiaçının izhatından belə məlum olur ki, iddia tələbi yolda olan çuxur nəticəsində avtomobilə dəymiş zərərin cavabdeh publik hüquqi şəxsdən tutulması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X2”nin 1.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Hazırkı halda mübahisə inzibati orqanla fiziki şəxs arasında inzibati inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə aid olduğundan, mübahisə isə predmet və subyekt tərkibinə görə publik xarakterli olduğundan, bu tələbə ümumi deyil inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya maddi ziyanın ödənilməsi ilə bağlı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə, imtina etdiyi halda isə, həmin imtina qərarından müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Etibar Mustafayev