Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4615/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əİbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1300 manat əsas borcun və ödənilmiş 33 manat dövlət rüsumunun, cəmi 1333 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, tərəflər arasında bağlanmış avtomobilin alqı-satqı müqaviləsinə əsasən, “Hyundai Accent” markalı, 2007-ci il buraxılışlı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili 19200 manat satılmasına dair razılığa gəlmişlər. Belə ki, müqaviləyə görə alıcı "xxxx" MMC-nin direktoru X4 həmin məbləği hər ay 800 manat olmaqla, xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdir. Lakin cavabdeh cəmi bir ay ödəniş etmiş, növbəti aydan isə ödəniş etməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə ödənişdən yayındağı üçün ödəmədiyi növbəti ayın ödənişindən 19 gün sonra, yəni 26 dekabr 2021-ci ildə iddiaçı avtomobili cavabdehdən geri almışdır. Cavabdeh bağlanmış müqavilənin şərtlərini pozaraq aldığı avtomobili 1 ay 19 gün ödəniş etmədən istismar etmişdir. Buna görə də cavabdeh tərəfin ona 1 ay 19 günün məbləği olan 1300 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı pulu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent” markalı, 2007-ci il buraxılışlı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı özünə məxsus olan “Hyundai Accent” markalı, 2007-ci il buraxılışlı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili 19200 manata qiymətləndirir və gələcəkdə avtomobili həmin qiymətə alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X1 öhdəsinə götürür, alıcı "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məbləğini 19200 manatı hər ay 800 manat olmaqla, xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürür. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, ilkin alqı-satqısı müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598). Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Həmçinin ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Beləliklə, ilkin müqavilədə qeyd olunan tələblər cavabdeh tərəfindən icra olunmamışdır. Bununla da cavabdeh ilkin müqavilə üçün bütün öhdəliklərini yerinə yetirməməklə, əsas alqısatqı müqaviləsini bağlamaq niyyətində olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, lizinq verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarda olan Pretenziyadan məlum olur ki, xx.xx.2021-ci il tarixdə avtomobil cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh bir ay ödəniş edib, növbəti aydan isə ödəniş etməmişdir. Daha sonra ödənişlər olmadığından xx.xx.2012-ci il tarixdə avtomobil geri alınmışdır, yəni 1 ay 19 gün avtomobil ödəniş olunmadan istismar edilmişdir(1 ay=800 manat+ 19 gün=800÷30 x19≈506,6≈1306,6 manat). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC bağlanmış xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq aldığı avtomobili 1 ay 19 gün ödəniş etmədən istismar etdiyindən ondan 1300 manat pul məbləği alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak etmiş şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1300 (bir min üç yüz) manat əsas borc və ödənilmiş 33 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-4615/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4615/2023
13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver