Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-470/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kompüterdəki nasazlığı aradan qaldırmaqla, kompüteri bərpa edib, işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı kompüterdəki nasazlığı aradan qaldırmaqla, kompüteri bərpa edib, işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 sentyabr 2022-ci il tarixdə K- 1649216 müştəri kodu ilə, Cavabdeh MMC-nin online satış mağazası satış filialından sənəd nömrəsi BE-********** olmaqla, bir illik zəmanət müddəti ilə 3199,99 manat ödəməklə MNEH3RU/A kodlu malı, yəni “MacBook Pro M2/13.3”/8C CPU/10C GPU/8GB/256GB SSD/S” adlı kompüteri satın almışdır. Qısa müddətdən sonra zəmanət qaydasında aldığı kompüter xarab oldu. İddiaçı işi ilə əlaqədar vaxt məhdudiyyəti olduğundan satış müəssisəsinə şəxsən gedib onlarla bu mövzuda geniş danışmaq imkanı olmadığı üçün, telefon danışıqları zamanı və sonradan şəxsən müəssisəyə etdiyi müraciətlərin nəticəsi olmamışdır. Başqa sözlə satış mütəxəssisi olaraq malın satışı zamanı bir illik zəmanəti xüsusi təntənə ilə qeyd edən cavabdeh tərəf ilk dəqiqədən malın təmir edilməsinə müxtəlif yollarla imtina etməyə başladı. Cavabdeh tərəfin nümayəndələri ilk dəqiqədən kompüterin işlək vəziyyətdən, yararsız vəziyyətə düşməsini iddiaçının hansısa hərəkətləri ilə əlaqələndirməyə başladılar. Hansı ki, iddiaçı rəsmi iş yerində müəssisəyə məxsus kompüterdən istifadə etdiyi üçün, zəmanət qaydasında aldığı kompüterdən yalnız işdən sonra evdə olduğu sərbəst vaxtlarda istifadə edir. İddiaçıdan başqa kompüteri kimsə açmır, yəni başqası tərəfindən istifadə olunmur. Bütün bunlara baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə kompüterin təmir edilərək işlək vəziyyətinin bərpa edilməsindən yayınmaqla, öhdəliyi icra etmir. İddiaçı rəsmi ərizə əsasında 04 avqust 2023-cü il tarixdə cavabdeh təşkilatın Baş icraçı direktoruna aşağıdakı məzmunda ərizə ilə müraciət etdim: “Bildirirəm ki, mən İddiaçı 05 sentyabr 2022-ci il tarixdə Cavabdeh MMC-yə məxsus satış mağazasından nağd qaydada ödəniş etməklə, 3200 manat dəyərində “MacBook Pro (13-inch, M2, 2022)” adlı kompüter satın almışam. Ödənişi icra etməklə, satış yerində bu kompüterə bir il müddətində zəmanət verildiyi bildirilməklə, mənə eyni zamanda “Zəmanət talonu” təqdim olunmuşdur. 2023-cü ilin aprel ayında heç bir əsaslı səbəb, yaxud kompüterdən istifadə qaydalarına zidd formada hərəkətə yol verilmədiyi halda, kompüterdə problem yarandı. Yaranmış problemi, yəni qüsuru aradan qaldırmaq məqsədilə Sizin təşkilatınıza müraciət edərək, bir illik zəmanəti olduğu üçün “servis” xidmətinizdən istifadə etməklə, qüsuru aradan qaldırmağı xahiş etdim. Sizin şirkət malı satarkən mənə zəmanət verdiyi üçün, servis xidmətini göstərmək üçün, mən “Apple authorised business partner in Azerbaycan contact phone” servis xidmətinə yönəltməklə, faktiki olaraq belə başa düşdüm ki, Sizin şirkətə əvvəlcədən düşünülmüş formada məni müştəri olaraq aldatmağı planlaşdırmaqla, bu hərəkəti digər servis xidməti vasitəsilə icra edir. Çünki mən aldığım kompüteri hər hansı təsirə məruz qoymamışam, yerə salmamışam, yalnız elektrik cərəyanına qoşub müvafiq qaydada isifadə etdiyim vaxt kompüterdə nasazlıq və qüsur əmələ gəlmişdir. Belə olan halda məni aldadan mənə yalançı zəmanət talonu verməkdən məqsəd nə olmuşdur?! Əgər mənim heç bir kobud hərəkətim, təsirim olmadan kompüterdə öz-özünə qüsur yaranırsa, zəmanət qaydasında aldığım bu avadanlığı işlək vəziyyətə gətirmək üçün mən Sizə 1200 manat verib təmir elətdirirəmsə, onda Sizin təşkilatın bu hərəkətinin adı nədir?! Belə zəmanət olur?! Nəyə görə mən vətəndaş olaraq Sizin müəssisə tərəfindən aldadılmalıyam?! Zəmanət talonu əsasında mənə satmış olduğunuz kompüteri bərpa edib saz vəziyyətə gətirilməsinə dair göstəriş verməyi Sizdən xahiş edirəm. Əgər bu hərəkətlərin qarşısıalınıb kompüter bərpa edilməzsə, Məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam”. Cavabdeh tərəf malı iddiaçıya təqdim edərkən zəmanət talonunun üstünə “zəmanət” möhürü vurmaqla aşağıdakı məzmunda iddiaçıya zəmanət talonu təqdim etmişdir: “Hörmətli alıcı! Baku Electronics MMC Sizə seçiminizə görə təşəkkür edir. Satışda olan məhsullara marka və modelindən asılı olaraq 1, 2 və 3 il müddətinə satış sonrası xidmət (Zəmanət) müddəti təyin olunmuşdur. Məhsulun zəmanət müddəti haqqında ilk məlumat satış prosesi zamanı bildirilir və Zəmanət talonunda malların qarşısında qeyd olunur. Məhsula aid texniki kitabçanı, istifadəçi təlimatı və zəmanət öhdəlikləri ilə tanış olmaq əsasdır. Zəmanət talonu - məhsulun modeli, satış tarixi, Şirkətin möhürü və alıcının imzası aydın şəkildə oxunduğu halda etibarlıdır. Məhsulun modeli və Seriya № zəmanət talonunda göstərilənlərlə uyğun gəlməlidir. Yuxarıda qeyd olunan şərtlər pozulduğu, talonda göstərilən məlumatlar dəyişdirildiyi, qaralandığı, silindiyi və ya yenidən yazıldığı halda zəmanət talonu etibarsız hesab edilir. Zəmanət talonun itirilməsi halında dublikat verilmir. Bu halda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, zəmanət müddəti məhsulun istehsal tarixindən hesablanır və bir il müddətində ödənişsiz xidmət göstərilir. Samsung markalı məhsullara zəmanət şərtlərinin tətbiq olunması üçün bu, “Zəmanət talonu" ilə bərabər məhsulun qutusunda olan “Samsung Zəmanət kitabçası” da aidiyyatı bölümə (Servis Mərkəzinə) təqdim olunmalıdır”. Cavabdehin son hərəkətlərindən sonra iddiaçı zəmanət talonuna diqqət yetirmiş cavabdeh bu zəmanət talonunda bilərəkdən “Satış filialı”nın ünvanını qeyd etmir. Beləliklə satıcı tərəf olaraq bilərəkdən gələcəkdə öhdəliklərinin icra edilməməsi məqsədilə süni maneələr yaratmaqla alıcını aldatmağa yönəlik hərəkətlər etmişlər. İş materiallarında olan zəmanət talonundan göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehndən 3199,99 manat ödəməklə MacBook Pro (13-inch, M2, 2022) cihazını almış və cihaza 1 il zəmanət verilmişdir. İş materiallarında olan İspace şirkətinin verdiyi xx.xx.2023-cü il tarixli rəydə qeyd olunmuşdur ki, “cihaz diaqnostika olundu. Ekranla klaviaturanın arasında yad cism qaldığından, displeyin daxilində mikro çat əmələ gəlib. Qeyd olunan qüsur müştəri tərəfindən yarandığı üçün, zəmanətə daxil deyil”. Həmin rəyin verilməsi üçün müraciət edən şəxs qismində “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunmuşdur. İş materiallarında olan sənədlərdən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5631/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə kompüter-texniki və məhkəmə-trasoloji ekspertizaları təyin edilmiş və qərardadda aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə-trasoloji ekspertizası üzrə ekspert qarşısında aşağıdakı sual qoyulsun:
1. İddiaçı Cavabdehndən xx.xx.2022-ci il tarixdə aldığı MacBook Pro (13-inch, M2, 2022) markalı cihazda hal-hazırda mövcud olan qüsur mexaniki zədə nəticəsində yaranıbmı?
2. MacBook Pro (13-inch, M2, 2022) markalı cihazın ekranında və ya hər hansı digər hissələrində mehaniki zədə və ya təsir izləri mövcuddurmu? Məhkəmə kompüter-texniki ekspertizası üzrə ekspert qarşısında aşağıdakı sual qoyulsun:
1. İddiaçı Cavabdehndən aldığı MacBook Pro (13-inch, M2, 2022) markalı cihazda hal-hazırda mövcud olan qüsurun yaranma səbəbi nədir?
2. MacBook Pro (13-inch, M2, 2022) markalı cihazda hal-hazırda mövcud olan qüsur istehsal qüsurudurmu? "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti iş üzrə mütəxəssis qismində cəlb edilsin və mütəxəssis qarşısında aşağıdakı sual qoyulsun:
1. İddiaçı Cavabdehndən xx.xx.2022-ci il tarixdə aldığı MacBook Pro (13-inch, M2, 2022) markalı cihaz üzrə İSpace tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş rəydə: "ekranla klaviaturanın arasında yad cisim qaldığından, displayin daxilində mikro çat əmələ gəlib" ifadəsində "yad cisim" ifadəsi aldında nə başa düşülür?
2. Ekranla klaviaturanın arasında yad cisim qalması nəticəsində displeyin daxilində çat yarandığı təqdirdə, displeyin xaricində hər hansı izin qalmaması nə ilə bağlıdır?”. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/2101-5/1685 saylı rəyində qərardadda qoyulmuş suallardan yalnız birinə cavab verilmiş və aşağıdakılar göstərilmişdir: “ ... Tədqiq edilən cihazın səthində hər hansı bir iz və zədələrin olub-olmamasını müəyyən etmək məqsədilə cihazın səthi tədqiq edildi. Bu zaman onun səthində hər hansı bir iz və zədə aşkar olunmadı. ... Tədqiqata təqdim edilmiş MacBook Pro (13-inch, M2, 2022) markalı cihazın üzərində fiziki qüvvənin təsiri nəticəsində yarana bilən hər hansı bir müdaxilə-zədə aşkar edilmədi”. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ekspert rəyi ilə razı olduğunu bildirdi, Cavabdeh nümayəndəsi X2 isə iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təqdim edərək məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqatda İSpace - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xüsusi biliyə malik mütəxəssisin iştirak etməməsi səbəbindən ekspert qarşısında qoyulan suallardan 4-cü bənddə göstərilən “MacBook Pro markalı cihazda hal-hazırda mövcud olan qüsur istehsal qüsurudurmu” sualına cavab verilməsi mümkün olmamışdır. Kompüterin ekran hissəsi elastik olduğu üçün hər hansı fiziki təsir zamanı ekran hissəsində iz qalmadan daxilində hər hansı ciddi nöqsanlar yarana bilər. Bu kimi halların təcrübədə olmasını nəzərə alaraq qeyd olunan nöqsanın hansı səbəbdən yaranmasını daha da dəqiqliklə araşdırılmasına ehtiyac olduğunu hesab edir. İşin düzgün həllinə nail olmaq üçün məhkəmə ekspert qarşısında cavablandırmalı olan bir neçə sual təqdim etsə də, ekspert bunlardan yalnız birinə cavab verə bilmiş və tədqiqat obyekti olan MacBook pro komputerində heç bir fiziki təsirin olmaması barədə rəy vermişdir. Ekspert qarşısında qoyulan suallara tam cavab verilə bilməməsi işin ədalətli şəkildə həllinə nail olmasına maneə yaradır. Həmin tarixdə vəsatətə növbəti məhkəmə iclasında münasibət bildirilməsi qərara alınmış və "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin mütəxəssisi məhkəmə baxış iclasına dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə bildirdi ki, iddiaçı cavabdeh müəssisədən zəmanət talonu əsasında kompüter almış, kompüterdə nasazlıq aşkar olunduqdan sonra müəssisənin servisinə müraciət edilmiş və servisin xx.xx.2023-cü il tarixli cavabında qeyd olunmuşdur ki, ekran qapağı və klaviatura arasında yad cisim qaldığından displeydə mikroçat əmələ gəlmişdir. Hesab edirəm ki, displeydə mikroçat yaranması, lakin ekranda buna dair heç bir iz olmaması real deyil. Ekranda heç barmaq izi belə yoxdur. Hazırkı mülki iş üzrə cavabdehin texniki avadanlıqlarda yaranan nasazlıqlarla bağlı bir çox məhkəmə mübahisələri var. İddiaçı kompüterin təmir olunmasını tələb edir. İddiaçının kifayət qədər vəsaiti var, əgər satıcı müəssisə bir qədər artıq qiyməti olan, lakin keyfiyyətli məhsul təklif etsəydi iddiaçı onu alardı. Satıcı hansı məhsulda istehsal qüsuru olduğunu özü bilir. Cavabdeh təmir işlərini öz öhdəsinə götürməlidir və ya satdığı qüsurlu malı əvəz etməlidir. İstehsalçının qüsurlu malına görə istehlakçı 2 qat zərərə düşməməlidir. Ekranda heç bir iz qalmaması məndə şübhə doğurur. Ekran həm də qoruyucu funksiyası daşıyır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 nümayəndəsi məhkəməyə bildirdi ki, iddiaçının tələbi əsassızdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh müəssisə arasında heç bir müqaviə yoxdur. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Apple şirkətinin Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır. Rəyi də həmin şirkət verib, bu rəydə cavabdehin maraqları təmsil olunmayıb. Ekran əl ilə sıxılsa belə heç bir izin qalmaması mümkündür, lakin daxildən cihaz həmin an zədələnə bilər. Hesab edirəm ki, əlavə ekspertiza təyin edilməlidir. Belə ki, eskpert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara tam həcmdə cavab verməyib. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş mütəxəssisi X4 məhkəməyə bildirdi ki, işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir şirkətlə müqavilə bağlamır və birbaşa Apple şirkətinin özünü təmsil etdiklərindən məcburi olaraq Azərbaycanda servis xidmətini onlar göstərirlər. Bəzi zədələr var ki, onlar zəmanət talonunun təsir dairəsinə düşmür. Bu kompüterdə olan mikroçat məhz həmin zədəyə aiddir. Apple məhsulları plomblu qutuda satılır və satıcı müəssisənin ona müdaxilə etmək kimi ehtimalı yoxdur, alıcı istəməsə satıcı həmin plombu açmır. Mütəxəssis ona verilmiş suallara cavab olaraq aşağıdakılar qeyd etmişdir: “Ekran və klaviaturanın arası dedikdə ekran və “topcase” arasında olan hissə başa düşülür. Orada elementar kabel qalması nəticəsində də mikroçat əmələ gələ bilər. Həmin hissədə hər hansı əşya qaldıqda ekranda iz qalması şərt deyil. Zərər daxildə çat yaradıb, ekranda iz qoymaya bilər. Ekranın və klaviaturanın arasında yad cisimin qalmasını diaqnostika nəticəsində müəyyən edirlər. Mikroçat daxili tərəfdən və ya üst tərəfdən sıxılma nəticəsində yarana bilər. MacBook-larda istehsal qüsuruna demək olar ki, rast gəlinmir. Azərbaycan bazarında bu rəqəm 0,7% təşkil edir. Ekran və klaviaturanın arasında yad cisimin qalması və ekranda heç bir iz qalmaması mümkündür. Belə ki, ekran daxildəki displeydən qat-qat dözümlüdür. Qüsur əvvəlcədən kompüterdə mövcud olsaydı kompüter işləməzdi. Çatın sonradan böyüyüb gözlə görünə biləcək hala gəlməsi mümkün deyil”. Həmin iclasda sədrlik edənin icazəsi ilə mütəxəssis tərəfindən kompüter işə salınmış və yalnız kompüter işlək vəziyyətdə olduqda ekranda görsənən çat sədrlik edənə və tərəflərə göstərilmişdir. Bundan sonra məhkəmə tərəfindən cavabdehin vəsatəti təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-470/2024 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə kompüter-texniki və məhkəmə-trasoloji ekspertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı Cavabdehndən xx.xx.2022-ci il tarixdə aldığı MacBook Pro (13-inch, M2, 2022) markalı cihazda hal-hazırda mövcud olan qüsur mexaniki zədə nəticəsində yaranıbmı?
2. Mübahisə predmeti olan MacBook Pro (13-inch, M2, 2022) markalı cihaz işlək vəziyyətdə olduqda ekranın daxilində yuxarı hissədə görünən çatın yaranmasının nə kimi səbəbləri ola bilər?
3. Mübahisə predmeti olan MacBook Pro (13-inch, M2, 2022) markalı cihaz işlək vəziyyətdə olduqda ekranın daxilində yuxarı hissədə görünən çat halhazırda cihazın işləməməsinin səbəbidirmi?
4. Mübahisə predmeti olan MacBook Pro (13-inch, M2, 2022) markalı cihaz işlək vəziyyətdə olduqda ekranın daxilində yuxarı hissədə görünən çat əvvəlcədən mövcud olduğu təqdirdə cihazdan təyinatı üzrə istifadə edilməsi mümkün olardımı?
5. Mübahisə predmeti olan MacBook Pro (13-inch, M2, 2022) markalı cihazın hal-hazırda işləməməsinin səbəbi nədir?
6. MacBook Pro (13-inch, M2, 2022) markalı cihazda hal-hazırda mövcud olan qüsur istehsal qüsuru olar bilərmi?” xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-3/657-5/484 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Təqdim edilən cihazın səthində hər hansı bir iz və zədələrin olub-olmamasını müəyyən etmək məqsədilə cihazın səthi lupa vasitəsilə tədqiq edildi. Bu zaman onun səthində hər hansı bir iz və zədə aşkar olunmadı. Cihazın arxasında olan naqili müvafiq (220v) cərəyana qoşduqda onun ekran (displey) alt səthində kristal təbəqənin sol aşağı və sağ yuxarı hissəsində zədələr müşahidə edildi. ... Tədqiqata təqdim edilmiş cihazın ekran səthində hər hansı zədə aşkar edilmədiyindən ekranın kristal təbəqəsində olan alt səthindəki zədələrin yaranma səbəbləri trasoloji tədqiqatla müəyyən etmək mümkün deyil. ... Ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni MacBook Pro cihazda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı (Apple) şirkətin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər. ... Tədqiqata təqdim edilmiş MacBook Pro (13-inch, M2, 2022) markalı cihazın üzərində fiziki qüvvənin təsiri nəticəsində yarana bilən hər hansı bir mexaniki zədə aşkar edilmədi. Ekranın alt səthində olan kristal təbəqənin sol aşağı və sağ yuxarı hissəsində zədələr müşahidə edildi, lakin həmin zədələrin hansı səbəbdən yaranmasını trasoloji tədqiqatla müəyyən etmək mümkün deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İş üzrə keçirilmiş ikinci ekspertizanın rəyindən göründüyü kimi, “Cihazın arxasında olan naqili müvafiq (220v) cərəyana qoşduqda onun ekran (displey) alt səthində kristal təbəqənin sol aşağı və sağ yuxarı hissəsində zədələr müşahidə edildi”. Həmin qüsurun yalnız cihaz işlək vəziyyətdə olduqda görünməsi məhkəmə iclasında da tərəflərin iştirakı ilə müşahidə edilmişdir. Həmçinin ekspert rəyində göstərmişdir ki, “ekspert qarşısında qoyulmuş sualların cavablandırılması, yəni MacBook Pro cihazda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı (Apple) şirkətin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər”. Müvafiq istehsalçı (Apple) şirkətin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis isə məhkəmə iclasında məhkəməyə bildirmişdir ki, “Ekran və klaviaturanın arası dedikdə ekran və “topcase” arasında olan hissə başa düşülür. Orada elementar kabel qalması nəticəsində də mikroçat əmələ gələ bilər. Həmin hissədə hər hansı əşya qaldıqda ekranda iz qalması şərt deyil. Zərər daxildə çat yaradıb, ekranda iz qoymaya bilər. Ekranın və klaviaturanın arasında yad cisimin qalmasını diaqnostika nəticəsində müəyyən edirlər. Mikroçat daxili tərəfdən və ya üst tərəfdən sıxılma nəticəsində yarana bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı kompüterdəki nasazlığı aradan qaldırmaqla, kompüteri bərpa edib, işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı kompüterdəki nasazlığı aradan qaldırmaqla, kompüteri bərpa edib, işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə