Məhkəmə qərarları › İş №e-2(001)-4712/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4712/2023

13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4712/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı öhdəliyin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə, İddiaçı mülkiyyətimdə olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən, ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi müəyyən edilmiş və bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 860000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi qərara alınmışdır. Ödəniş yalnız 2023-cü ildə həyata keçirilmişdir. Öhdəliyin vaxtında icra edilməməsinə görə faizlər cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsində məhz cavabdeh inzibati orqanın təqsiri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli məbləğ yalnız 2023-cü ilin yanvar ayında ödənilmişdir. 2008-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində, yəni 14 il 9 ay müddətində iddiaçı mülkiyyətindən məhrum olmuş, bunun müqabilində ona ödənilməli olan ədalətli kompensasiya məbləğini almaq hüququ cavabdeh tərəfindən təmin edilməmişdir. Hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçün faizlər 73,75% (5% x 14,75 = 73,75) hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi 634250 manat təşkil edir (860000 x 73,75% = 634250). Həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.m. qeyriyaşayış sahəsinin 2008-ci ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsinə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 860000 manat məbləğində kompensasiyanın ödənilməli olması qərara alınmışdır. Ödəniş cari ilin yanvar ayında həyata keçirilmişdir. İddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi 2008-ci ildə cavabdeh tərəfindən sökülüb və ona kompensasiya məhz həmin daşınmaz əmlak sökülməmişdən əvvəl ödənilməli idi. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hal-hazırda mülki qanunvericilikdə nəzərdə tutulmuş minimal məbləğ tələb edilir. Mərkəzi Bankın uçot dərəcəsinə dair arayışa istinad edilsə, kompensasiya məbləği iki milyon manatdan çox olardı. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin pulun Maliyyə Nazirliyi tərəfindən ödənilməməsi ilə bağlı arqumentini qəbul etmir. Belə ki, hər iki qurum bir hakimiyyət qoluna aiddir və Maliyyə Nazirliyi tərəfindən İcra Hakimiyyətinə pulun köçürülməməsi vətəndaşın hüquqlarının pozulmasının ağlabatan izahı kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, vəsait Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülən kimi vətəndaşın kompensasiyası ödənilmişdir. İcra Hakimiyyəti vəsaiti qanunsuz özündə saxlamayıb. X3 ilə mütəmadi olaraq yazışmaları olmuş və pulun ödənilməsi xahiş edilmişdir. Hətta İddiaçı işi üzrə İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilsə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra onlar tərəfindən, yekun məhkəmə aktının qüvvəyə minməsi gözlənilmədən, Maliyyə Nazirliyinə pulun ödənilməsi ilə bağlı müraciət edilmişdir. Məhkəmə qərarının icra edilə bilməməsi İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində olmamışdır. İcra Hakimiyyətinin özündə vətəndaşa ödənilməsi üçün pul olmur. Həmin pul Maliyyə Nazirliyi tərəfindən köçürülür. Cavabdehin nümayəndəsi sədrlik edənin sualına cavab olaraq məhkəməyə bildirmişdir ki, “plana” düşən ərazilərin sökülməsi proseduru aşdağıdakı kimidir: sökülmə əmri gəldikdən sonra adlı siyahılar tutulur, daşınmaz əmlaklara yaxınlaşıb mülkiyyətçilərdən sənədlər tələb olunur, müstəqil ekspertlər tərəfindən qiymətləndirmələr aparılır. Daha sonra dövlət tərəfindən İcra Hakimiyyətinin hesabına ödəniş olunur və vətəndaşlara kompensasiya ödənişi edildikdən sonra söküntü işləri aparılır. Vətəndaş kompensasiya məbləği ilə razılaşmadıqda isə məhkəəməyə müraciət edilir. Məhkəmə qərarı olmadan heç kimin əmlakı sökülmür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olduğundan iddia cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı mümkündür. ... iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsini almış, həmin sahəyə onun mülkiyyət hüququ qanuna müvafiq olaraq dövlət reyestrində qeydə alınmış və ona Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 04 aprel 2003-cü ildə 000420 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin vaxtdan o, bu qeyri-yaşayış sahəsini avtomobillərin təmir sexi kimi istifadə etmişdir. ... Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədov küçəsində yerləşən qeyriyaşayış sahəsinin texniki pasportuna əsasən, həmin qeyri-yaşayış sahəsinin tikintialtı sahəsi 387.9 kv.m, ümumi sahəsi 358.3 kv.m, əsas sahə 358.3 kv.mdir. İddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi 2008-ci ilin mart ayında Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində metronun “Nəsimi” stansiyasının tikintisi zamanı sökülmüşdür ... iddiaçı əmlakını qiymətləndirmək üçün "MAK CONSULTANCY LTD” birgə müəssisəsi ilə müqavilə bağlamış, mütəxəssislərin verdiyi 20 dekabr 2007-ci il tarixli rəyə əsasən tikilinin hər kvadrat metrinin qiyməti 3600 - 4000 manat olmaqla, 20 dekabr 2007-ci il tarixinə bazar qiyməti 1.878.900 manat müəyyən edilmiş, qeyri - yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin dəyəri də nəzərə alınmaqla əmlakın ümumi dəyəri 2.585.300 manat müəyyən edilmişdir. ... Kompensasiya məbləği ilə bağlı olaraq ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ bəndinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. ... Hazırkı halda mübahisə edilən məsələ kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənləri də nəzərə almaqla iddiaçının əmlakının "X1 Company" MMC-nin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçıya onun əmlakının alınması ilə əlaqədar 860.000 manat kompensasiya ödənilməsi işin faktiki hallarına uyğun olmaqla, iddiaçının əmlakının ədalətli və ağlabatan əvəzi hesab edilə bilər”. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 205409/2020-14-22-001 saylı icra işinin materiallarından aşağıdakılar görünür: - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti icra şöbəsinə xx.xx.2021-ci il tarixli cavab məktubunda İcra Hakimiyyətinin büdcə xərclərində kompensasiyanın ödənilməsi ilə bağlı vəsait ayrılmadığından tələbkarın iddiasının təmin edilməsi mümkün olmamış və kompensasiyanın ödənilməsi ilə bağlı vəsaitin ayrılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə müvafiq olaraq, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 445.7-ci maddəsində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora aid edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor” təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti deyil. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak dövlət orqanı tərəfindən bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilmədən sökülmüşdür. Mübahisəli əmlakın sökülməsi ilə bağlı kompensasiya ödənilməsi məsələsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin məsuliyyət dairəsinə aid olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə müəyyən edilmişdir. Həmin qərarla eyni zamanda İddiaçı 860000 manat məbləğində pulun İddiaçı ödənilməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göründüyü kimi, qərarda pulun məhz Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməli olması qeyd olunmuş və ödənilmə mexanizminin qəlizliyi vətəndaşın hüquqlarının real bərpa edilməsinin 2 il 3 ay gecikdirməsi və pulun 2023-cü ilin yanvar ayında ödənilməsi üçün qanuni və ədalətli əsas kimi qəbul edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Bununla yanaşı məhkəmə iddiaçının “hər il üçün beş faiz olmaqla 14 il 9 ay üçün faizlər 73,75% (5% x 14.75 = 73,75) hesablanmalıdır Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarına əsasən ödənilməli 860000 manatın 73,75 faizi - 634250 manat iddiaçıya ödənilməlidir” barədə dəlili ilə razılaşmır. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, 860000 manat məbləğində pulun ödənilməli olmasının əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt da məhz həmin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən, qərar qəbul edildiyi andan qüvvəyə minir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 96750 məbləğində pul cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 96750 (doxsan altı min yeddi yüz əlli manat) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 380,25 (üç yüz səksən manat iyirmi beş qəpik) manat hissəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar