Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4738/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3208,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC (ad dəyişikliyindən sonra “Azure Management MMC”) ilə Cavabdeh arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 9, ümumi sahəsi 147 kv.m olan 296 saylı mənzilin saxlanılması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsində qeyd olunan xidmətləri göstərməyi iddiaçı öhdəsinə götürür, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürür. Cavabdeh bir müddət göstərilən xidmət üzrə aylıq xidmət haqqını ödəsə də, sonradan öhdəliyi icra etməkdən yayınmış və nəticədə 3208.50 manat borcu yaranmışdır. Cavabdeh ona göstərilən bütün xidmətlərdən yararlanmasına baxmayaraq, üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, mənzil aldığı zaman kommunal xidmətlərə görə məcbur qalaraq müqaviləni imzalamışdır. Bir müddət kommunaı xidmətlərə görə ödəniş etsə də, daha sonra iddiaçı tərəfindən onun yaşadığı əraziyə heç bir xidmət göstərmədiyini görmüş və bununla bağlı aidiyyəti şəxslərə dəfələrlə iradını bildirmiş, nəticədə heç bir dəyişiklik olmamış. Belə olan halda iddiaçının öz üzərinə düşən öhdəliyini yetirməməsi səbəbindən, o da, ona göstərilməyən xidmətə görə pul ödəməyə etiraz etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və bununla bağlı məhkəməyə yazılı olaraq etiraz ünvanlayıb. Həmin etirazda qeyd edilənləri müdafiə edərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclaslarında iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2013-cü il tarixli, 04/142 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanındakı yaşayış kompleksində 4-cü blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 147 kv.m olan 3 otaqdan ibarət 296 saylı mənzilin qiyməti 213150 (iki yüz on üç min bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilməklə əldə edilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “xidmət müqaviləsi”nə və 1 saylı əlavəyə əsasən, Cavabdeh məxsus ünvan 2 ünvanındakı yaşayış kompleksində 4-cü blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 147 kv.m olan 3 otaqdan ibarət 296 saylı mənzilin ümumi sahəsi 138 kv.m hesablanmaqla, xx.xx.2017-ci il tarixdən 0.75 manat xidmət haqqı tutulmaqla, cəmi 103.50 manat hər ay ödənilməlidir. - “Park Azure” tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh mənzilinə 10 ay üçün hesablanmış 1164 manat məbləğində xidmət haqqı şirkət tərəfindən ödənilmiş və xx.xx.2021-ci il tarixdən etibarən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi xahiş edilmişdir. - Çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq, ünvan 3 ünvanında yerləşən “Park Azure” yaşayış kompekleksinin ümumi əmlakının saxlanılması və təmiri üzrə xidmət göstərməyi "xxxx" MTK öz üzərinə götürmüş və yaşayış sahəsinin hər bir kv.metri üçün 0.75 manat xidmət haqqı müəyyən edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində izahat verən X1 bildirmişdir ki, 2019-cu ildən həmin binada yaşayır. Mənzili alarkən məcbur olaraq xidmət müqaviləsinə qol çəkib. Sonradan isə müqaviləyə əsasən onlara xidmət göstərilmədiyini görüb və müqavilə bağlamaqdan imtina edib. Hazırda da heç bir xidmət göstərilmir. Dəfələrlə şikayət olunmasına baxmayaraq, müsbət nəticə əldə olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər (maddə 137.5.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir (maddə 38.2.). Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.) Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Çünki iş materiallarından görünür ki, kommunal xidmətlərə görə xidmət müqaviləsinin müddəti bitdikdən sonra da iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə kommunal xidmətlər göstərilmişdir. Belə olan halda "xxxx" yalnız xx.xx.2022-ci ilə qədər xidmət haqqına görə ödəniş tələb edə bilər. Ondan sonrakı müddətdə isə tələbetmə hüququ "xxxx" MTK-ya məxsusdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdən sonra binaya kommunal xidmətin göstərilməsi "xxxx" MTK tərəfindən icra edilir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Göstərilən məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini xx.xx.2022-ci il tarixdən sonra irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun xidmət haqqına görə ödəniş tələb etmək hüququnu təsdiq edən heç bir sübut mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “xidmət haqqına görə yaranmış borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 2173,50 (iki min yüz yetmiş üç manat əlli qəpik) manat (21 ay – xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək) məbləğində kommunal xidmətə görə borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2173,50 (iki min yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində kommunal xidmətə görə borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-4738/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4738/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver