Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4769/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı – X2 cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı X5 tərəfindən Cavabdeh borc pul verilmişdir.
2. İddiaçı cavabdehə dəfələrlə müraciət etsə də borc məbləği ona geri qaytarılmamışdır.
3. İddiaçı Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, 637,5 (altı yüz otuz yeddi manat əlli qəpik) manat gecikdirilmiş faiz borcunun və 110,31 (yüz on manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 9247,81 (doqquz min iki yüz qırx yeddi manat səksən bir qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 1 il müddətinə 8500 (səkkiz min beş yüz) manat məbləğində borc pul verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət etsə də borc məbləği ona geri qaytarılmamışdır. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat əsas borcun, həmin pulun qaytarılmalı olduğu 2023-ci ilin dekabr ayından iddia ərizəsinin verildiyi 21 iyun 2025-ci il tarixinədək olan 1 il 6 ay müddət üçün 637,50 (altı yüz otuz yeddi manat əlli qəpik) manat (8500 manat/100%=85x5%=425 manat, 425 manat x 1 il 6 ay=637,50 manat) gecikdirilmiş faiz borcunun və 110,31 (yüz on manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun, cəmi 9247,81 manat pulun alınaraq ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
Cavabdehin etirazları:
5. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə xx.xx.2025-ci il tarixində yazılı etiraz təqdim etmiş və etiraz ərizəsində iddia ərizəsinin tamamilə əsassız və uydurmadan ibarət olduğunu, iddiaçının iddia etdiyi məbləğdə borcu ondan almadığını, ümumiyyətlə qeyd edilən tarixdə onunla heç bir formada görüşmədiyini, əlaqəsi olmadığını, iddia ərizəsində qeyd edilən etiraf ərizəsi kimi bir ərizəni yazmadığını, borcun olmadığı təqdirdə faiz borcunun da olmadığını qeyd edərək iddiaçının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən irəli sürdüyü tələblərinin hüquqi əsasını və sübutları məhkəməyə təqdim etməli olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
6. İddiaçının nümayəndəsi və vəkili tərəflər arasında barışığın olmadığını, ekspertin rəyində ziddiyyətli məqamların olduğunu qeyd edərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıdan 2010-cu il tarixində 450 manat məbləğində borc pul götürdüyünü, həmin borcun üzərinə faiz hesablandığı üçün məbləğin 850 manat olduğunu, əlyazmadakı sonuncu “0” rəqəminin başqası tərəfindən artırıldığını, 850 manat məbləğində borcun 450 manat məbləğini geri qaytardığını, 250 manat qalıq qaldığını, 250 manat qalığa münasibətdə isə iddiaçıya qızıl zinət əşyalarını verdiyini, 850 manat məbləğində borcla bağlı əlyazmanı imzaladığını, hazırda isə ümumiyyətlə borcu olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borcun etirafına dair əlyazma olmuş və həmin əlyazmada cavabdehin iddiaçıdan 8500 manat məbləğinində borc pul alması qeyd edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 24 sentyabr 2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki: 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Cavabdeh adından olan borc qəbzində yazılmış “Мəн Алыјва лејли Гəдир г. Тамазанзадə Судабə Султан г..... манат пул алмышам” yazılarından və həmin yazılarda olan "8500" rəqəmlərindəki "50" rəqəmləri Cavabdeh tərəfindən icra edilmişdir. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Cavabdeh adından olan borc "Qəbzi"nin" orta hissəsində "xx.xx.2022.” rəqəmləri - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 3. Ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində Cavabdeh adından olan borc qəbzində yazılmış "8500" rəqəmlərindəki "8" rəqəminin və "8500" rəqəmlərindəki axrıncı "0" rəqəminin X7 tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı.Tədqiqata təqdim edilmiş “Мəн Алијева Лејли " sözü ilə başlayıb "xx.xx.2022" rəqəmləri ilə bitən qəbzin 5-cı sətrində olan "8500" rəqəmlərin yerində "850" rəqəmləri olmuş, sonradan sonuncu "0" rəqəmi əlavə edilmişdir.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). - Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. - Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli: - Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. - Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. - Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. - Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. - Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli: - Belə ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Məcəllənin 443.1 və 443.2-ci maddələri). Həmin maddələr zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. - Lakin nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. - Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. - Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.
14. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş və ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
15. Lakin, məhkəmə qeyd edir ki, işin mübahisələndirilən halı tərəflər arasındakı borcun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehə 8500 manat məbləğində borc verdiyini qeyd etmiş və buna dair bir əlyazmanı məhkəməyə təqdim etmiş, cavabdeh isə iddiaçıdan 2010-cu il tarixində 450 manat məbləğində borc pul götürdüyünü, həmin borcun üzərinə faiz hesablandığı üçün məbləğin 850 manat olduğunu, əlyazmadakı sonuncu “0” rəqəminin başqası tərəfindən artırıldığını, 850 manat məbləğində borcun 450 manat məbləğini geri qaytardığını, 250 manat qalıq qaldığını, 250 manat qalığa münasibətdə isə iddiaçıya qızıl zinət əşyalarını verdiyini, 850 manat məbləğində borcla bağlı əlyazmanı imzaladığını, hazırda isə ümumiyyətlə borcu olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyindən də müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehlə borc münasibətlərini təsdiq etdiyi qeyd edilmiş əlyazmadakı “8500” rəqəmindəki “850” rəqəminin əvvəldən olduğu, sonuncu “0” rəqəminin isə sonradan əlyazmaya əlavə edildiyi və kimin tərəfindən əlavə edildiyinin müəyyən edilmədiyi, eləcə də əlyazmadakı "xx.xx.2022.” rəqəmlərinin - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi qeyd edilmişdir.
17. Məhkəmə qeyd edir ki, ilkin hazırlıq iclası zamanı cavabdeh iddiaçıya 850 manat borcu olduğunu etiraf etmiş, lakin daha sonra iddia ərizəsinə yazılı etiraz edərək borcunun olmadığını, iddiaçıdan aldığı və hesablanmış faizlərlə birlikdə 850 manat olan borcunu tam ödədiyini bildirmiş, lakin dediklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan iddiaçının tələbi qismən, yəni cavabdeh tərəfindən etiraf edilmiş və ekspert rəyi ilə də müəyyən edilmiş 850 manat borc məbləğinə münasibətdə təmin edilməlidir.
19. Borc məbləği qaytarılmadığı üçün iddiaçı tərəfindən hesablanmış faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, borc məbləğinə münasibətdə iddia qismən təmin edildiyindən tələb edilən borca – 8500 manata münasibətdə hesablanmış faiz borcu – 637,5 manat da təmin edilmiş iddia məbləğinə - 850 manata münasibətdə təmin edilməli və beləliklə də, 63,75 manat (iddia tələb edilən borc məbləğinin 10%-nə münasibətdə təmin edildiyi üçün tutulmalı faiz məbləği də hesablanmış faiz məbləğinin 10%-i həddində müəyyən edilməlidir) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci (200 (iki yüz) manat) və iddiaçı tərəfindən iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu (110,31 (bir yüz on manat otuz bir qəpik) manat) məhkəmə xərclərinə aid olub, həmin xərclər də təmin edilən iddia tələbinə münasibətdə tərəflərə aid edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi irəli sürülmüş tələbin 10%-i həddində təmin edildiyindən məhkəmə xərclərinin də 10%-i cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə olduğu halda məhkəmə qeyd edir ki, ekspertiza xərcinin 20 (iyirmi) manatı cavabdehdən, 180 (bir yüz səksən) manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun isə 11,03 manatı cavabdehən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
21. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 850 (səkkiz yüz əlli) manat məbləğində borc, borcun qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 63,75 (altmış üç manat yetmiş beş qəpik) manat faiz borcu, ümumilikdə 913,75 (doqquz yüz on üçün manat yetmiş beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X3 ödənilməli, məhkəmə xərci kimi ekspertiza xərcinin 20 (iyirmi) manat olan hissəsi Cavabdeh, qalan 180 (bir yüz səksən) manatı isə iddiaçı X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 11,03 (on bir manat üç qəpik) manatı cavabdehən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
22. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. 850 (səkkiz yüz əlli) manat məbləğində borc, borcun qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 63,75 (altmış üç manat yetmiş beş qəpik) manat faiz borcu, ümumilikdə 913,75 (doqquz yüz on üçün manat yetmiş beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 11,03 (on bir manat üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X3 ödənilsin.
4. Ekspertiza xərcinin 20 (iyirmi) manatı Cavabdeh, 180 (bir yüz səksən) manatı isə X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər
7. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev