Məhkəmə qərarları › İş №e-2(001)-4785/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4785/2025

20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4785/2025 20.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16.600 (on altı min altı yüz) manat pulun və məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 138 (yüz otuz səkkiz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Bakı və Sumqayıt şəhərlərində topdan müştərilərə kredit şəklində verir və ailəsini doldandırmaq üçün qazanc əldə edirdi. Cavabdeh xx.xx.2024-cü ildə 16000 (on altı min) manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Razılaşmaları ondan ibarət olmuşdur ki, o, həmin məbləğin 1000 manatını xx.xx.2024-cü il tarixə kimi, 1000 manatını isə xx.xx.2024-cü il tarixədək, qalan pulu isə hər ayın 25 qədər 300 manat olmaqla ödəyəcəyinə söz verirmişdir. Əks təqdirdə məsuliyyət daşıyacağı barədə iddiaçıya iltizam verir. Lakin o, pullarını qaytarmamışdır. Pullarını tələb etdikdə isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh 16000 manat puldan hal hazıradək bir manatda olsa qaytarmamış, borcu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Hesab edir ki, 16000 (on altı min) manat pul ona ödənilmədiyindən həmin pul cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 16.000 manatlıq qızıl-zinət əşyasının ona verilməsi barədə heç bir qanuni əsas və sübut mövcud deyil. İddiaçının bu barədə təqdim etdiyi yalnız ziddiyyətli, rəsmi sənədlə təsdiqlənməmiş şifahi ifadələrdir. İddiaçı polisə verdiyi ilkin ifadədə məbləği 16.600 manat göstərmişdir. Sonradan isə məhkəməyə təqdim etdiyi iddiada məbləğ 16.000 manat göstərilib. Bu, iddiaçının ifadələrində ziddiyyət və qeyri-dəqiqlik olduğunu göstərir. İddiaçının ona 2020-2021-ci illərdə qızıl-zinət əşyası verdiyi barədə polis orqanlarına müraciət etmiş, lakin 2024-cü ilin iyun ayında həmin müraciət əsasında başlanmış cinayət işinin rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Rədd qərarında mülki xarakterli mübahisə olduğu vurğulanır və məsələ məhkəməyə yönləndirilir. Lakin iddiaçı məhkəməyə müraciət edərkən ifadəsində ziddiyyət yaranıb. O, guya 2024-cü ilin avqust ayında ona qızıl-zinət əşyası verdiyini iddia edir. Bu, polisə verdiyi ilkin ifadə ilə tam ziddir və sübutların etibarlılığını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, borcun tələb edilməsi üçün müəyyən edilmiş müddət — 3 il keçdikdən sonra iddia müddəti başa çatır və bu əsasla iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cavabdeh iddia müddətinin keçməsi barədə etiraz verərsə, məhkəmə işə baxmağı rədd etməlidir. Məhkəmədə iddia müddətinin keçməsinə dair etirazını əsaslandırmaq üçün Polis orqanlarının 2024-cü ilin iyun ayında cinayət işinin rədd edilməsi barədə qərarı; İddiaçının polisə verdiyi ilkin ifadə (16.600 manat); İddia ərizəsi (16.000 manat); Müvafiq tarixlərdə məhkəmə iclaslarına dair məlumatları təqdim edir: Yekun olaraq qeyd edir ki, iddiaçının borc tələbini sübut edən heç bir yazılı və ya şifahi əsas yoxdur, ziddiyyətli ifadələrdən ibarətdir və həmçinin prosesual müddət artıq başa çatmışdır. Bu ziddiyyətlər iddianın etibarlılığını, sübutların obyektivliyini və iddianın məzmununun həqiqiliyi barədə şübhələr doğurur. Eyni zamanda, polis tərəfindən verilmiş qərar iddianın sübut bazasız və əsassız olduğunu təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən, hüquqi tələblər üzrə iddia ərizəsinin təqdim edilməsindən sonra 3 ildən artıq müddət keçdikdə prosesual müddət tamamlanmış hesab olunur və belə iddialara baxılmamalıdır. Bu halda, borc tələbi 2020-ci ilə aid olduğundan 2024-cü ildə iddia qaldırılması müddətin bitməsi səbəbindən yolverilməzdir. İddiaçı tərəfindən iddia edilən 16.000 manatlıq borcun mövcudluğunu təsdiqləyən heç bir sənəd və ya faktiki qızıl zinət əşyası təqdim olunmamışdır. İddiaçı tərəfindən irəli sürülən məbləğ yalnız boş ifadələrə və subyektiv iddialara əsaslanır ki, bu da sübut hüququnun pozulmasına gətirib çıxarır. Yuxanda göstərilənləri nəzərə alaraq, iddianın prossessual müddətinin keçməsi ilə bağlı etirazını qəbul edərək, eləcə də iddianın əsassız olduğu üçün iddianın baxılmadan rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh ərizə göndərərək göstərmişdir ki, İddiaçı tərəfindən irəli sürülən 16,000 manat məbləğində tələb qanuni əsaslara malik deyil və bununla bağlı onun heç bir borcu mövcud deyil. Əvvəla, aralarındakı mübahisəli öhdəlik 2020-ci ildə yaranmış və həmin məbləğ 2021-ci ilin may ayına qədər tam şəkildə qaytarılmışdır. İddiaçının Abşeron polis idarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən 03 iyun 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda göstərilir ki, iddia olunan qızıl-zinət əşyalarının verilməsi 2020-ci ilin yanvarından 2021-ci ilin may ayınadək mərhələli şəkildə həyata keçirilmişdir. Bu fakt iddia müddətinin artıq bitdiyini təsdiq edir. Həmçinin, iddiaçının polisdə verdiyi ifadə ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsindəki tarixlər və məbləğlər arasında ciddi uyğunsuzluq mövcuddur. Polisə verdiyi ifadədə iddiaçı 2020-2021-ci illərdə qızıl-zinət əşyalarını verdiyini bildirir, lakin məhkəmədə 2024-cü ildə belə bir ödəniş iddia edilir ki, bu da iddianın etibarlılığını şübhə altına alır. Göstərdiklərini nəzərə alaraq iddia müddətinin bitməsi səbəbindən iddianın qanunsuz hesab edilərək rədd edilməsi, eləcə də iddiaçının təqdim etdiyi əsaslandırılmamış və sübutsuz tələbin rədd edilməsi və hüquqlarının və qanuni mənafeyinin qorunması üçün zəruri tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin iş üzrə cavabdehin prosessual müddətin bitməsi səbəbindən iddia tələbinin rədd edilməsi barədə ərizəsinə vermiş olduğu etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, cavabdeh 16000 manat puldan hal-hazıradək bir manat da olsa qaytarmamış, borcu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Cavabdeh isə hal-hazırda məhkəməyə ərizə ilə müraciət edərək, prossesual müddətin bitməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin ərizədə qeyd etdikləri tamami ilə absurtdur və hesab edir ki, ərizə təmin edilə bilməz. Burada heç bir prossesual müddət ötməmişdir. Göstərdiklərini nəzərə alaraq Cavabdeh prossesual müddətin bitməsi səbəbindən iddianın rədd edilməsi barədə verdiyi ərizəsini rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş ; Abşeron rayon Polis İdarəsinin İŞ-nin 03 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Abşeron RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, X2 18 yanvar 2023-cü İi tarixdən 15 mart 2024-cü il tarixə qədər satmaq üçün 161.000 manat dəyərində qızıl-zinət əşyaları vermiş, lakin sonuncu qızıl-zinət əşyalarını lom şəkilində digər şəxslərə sataraq pulunu mənimsəmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tanışları olan X1 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər 227,000 manat dəyərində qızıl-zinət əşyalarını, X6 16 mart 2023-cü tarixdən 10.000 manat dəyərində qızıl- zinət əşyalarını, X4 2020-cı ilin mart ayından 2023-cü Ün may ayına qədər 50.000 manat dəyərində qızıl-zinət əşyalarını, X3 2020-ci ilin fevral ayında 13,300 manat dəyərində qızıl-zinət əşyalarını, Cavabdeh 2020-ci ilin yanvar ayından başlayaraq 2021-ci ilin may ayınadək 16.600 manat dəyərində qızıl-zinət əşyalarını, Xanlarova Xumay adlı şəxsə 15 yanvar 2020-cı il tarixdən 8.300 manat dəyərində qızıl-zinət əşyalarını və İntizar Sadıqovaya 11 aprel 2022-ci il tarixdən 5394 manat dəyərində qızıl-zinət əşyalarını vermiş, lakin sonuncular pulları verməmişlər”. Beləliklə, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı digər şəxslərlə yanaşı Cavabdeh tərəflərin razılıqlarıəsasında satılması üçün qızıl-zinət əşyaları vermişdir. İddiaçı şikayət ərizəsi əsasında tərəflərin ərizə və izahatlarında göstərdiyi xüsussatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Ona görə də toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə imzaladığı iltizamdan görünür ki, o, həmin iltizamı ondan ötrü vermişdir ki, İddiaçı olan qızıla görə 16000 manat borcunun, 1000 manatını 31 avqust 2024-cü il tarixdə, 1000 manatını isə 02 sentyabr 2024-cü il tarixdə, qalan borcunu isə hər ayın 25-nə qədər 300 manat olmaqla ödəyəcəyinə söz vermiş, əks təqdirdə məsuliyyət daşıyacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 446.1-ci maddəsinə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427-ci maddəsinə əsasən, Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 567.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə alqı-satqı müqaviləsinə görə alıcıya əşyanın verilməsini sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Lakin həmin alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin satıcıya hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi olmuş və həmin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə qızıl-zinət əşyaları satmış, lakin cavabdeh həmin əşyaların dəyərini ödəməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli ilkin iltizamnamə ilə öz təsdiqini tapır ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 16000 (on altı min) manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermiş, cavabdeh isə həmin məbləğin 1000 manatını xx.xx.2024-cü il tarixədək, 1000 manatını isə xx.xx.2024-cü il tarixədək, qalan pulu isə hər ayın 25-dək 300 manat olmaqla ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 16000 (on altı min) manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə, İddiaçı 16000 manat məbəğində borcunun olması sübuta yetirildiyi üçün, eləcə də qeyd edilən məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 16000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 600 manat məbləğində pul vəsaitinə münasibətdə iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə, həmçinin Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir; Belə ki, cavabdeh öz ərizəsində Abşeron rayon Polis İdarəsinin İŞ-nin 03 iyun 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edərək tərəflər arasında hüquq münasibətinin 2020-ci ildə yarandığını qeyd etsə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan qızıl-zinət əşyalarının hansı tarixdə verilməsindən aslı olmayaraq, Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçı qarşısında (iltizam imzalamaqla) öhdəlik götürdüyündən, hazırki iddia tələbi üzrə müddətin axını da, elə həmin tarixdən hesablanmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Digər tərəfdən Mülki Məcəllənin 380-ci maddəsində nəzərdə tutulmuşdur ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən, iddia müddəti tərəfin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Digər tərəfdən Cavabdeh xx.xx.2024-cü il tarixli iltizamı verməsi borcu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair Cavabdeh dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı qaytarılmalı, idda qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 140 manat məbləğində olan dövlət rüsumunun 138 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manatı İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar