Məhkəmə qərarları › İş №e-2(001)-4788/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4788/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4788/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkil Nümayəndə, Cavabdeh Səfərova (Əhmədova) Mehriban Tahir qızının iştirakı ilə İddiaçı cavabdeh Səfərova (Əhmədova) Mehriban Tahir qızına qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə, onunla Səfərova (Əhmədova) Mehriban Tahir qızı arasında xx.xx.2023cü il tarixində 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1673 nömrə ilə qeydə alınmış nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü ildə ailə qurmuşdur. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1673 saylı qeydlə xx.xx.2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Bu fakt 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında Şəhadətnamə ilə öz təsdiqini tapır. Nikah bağlayandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum olmuş ki, onunla xasiyyətləri uyğun gəlmir və tamamilə birbirinə ziddir. Artıq 2 aya yaxın müddətdir ki, ailə faktiki olaraq mövcud deyildir. Məhz buna görə də hesab edirik ki, iddiaçı - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1673 nömrəli qeydlə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmalıdır Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, barışıq üçün verilmiş vaxt ərzində tərəflər arasında barışıq olmadığını və bu əsasla iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh nikahın pozulmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən 11 iyun 2024-cü il tarixdə verilmiş 05/Q-1659/70 saylı nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr 2023-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1673 №-ilə akt qeydi edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir.

6. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.4 və 5.5-ci bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozula bilər. Ər-arvadın nikahı pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda və nikahın pozulmasından yayındıqda nikahın pozulması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr 2023-cü il tarixdə nikah bağlanmış nikah bağlandıqdan sonra arvada “Səfərova” soyadı verilmişdir. Tərəflərin birgə nikahdan uşaqları yoxdur. İddiaçı nikahın pozulmasına təkid edir, barışıq üçün verilmiş vaxt ərzində tərəflər arasında barışıq olmamışdır. Cavabdeh nikahın pozulmasına razıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

9. 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

10. 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.

11. 19.2.-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

12. 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

13. 20.2-ci maddəsinə görə isə tərəflərin birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə nikah pozulur.

14. Sadalanan normalardan göründüyü kimi Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə və hər ikisinin ailə qurmaq niyyəti olduğu halda müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanıyır. Nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olur ki, belə nikahın bağlanmasından sonra ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə heç kəs iradəsinin ziddinə nikahda saxlanıla bilməz. Bu mənada məhkəmə iddiaçının bundan sonra ailə münasibətlərinin bərpasının mümkünsüzlüyü ilə bağlı iradə ifadəsini nəzərə alır və hesab edir ki, ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür, bu səbəbdən tərəflər arasında bağlanmış nikah səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır.

15. Eyni zamanda tərəflərə barışıq üçün 3 ay vaxt verilmiş, lakin tərəflər arasında barışıq əldə olunmamışdır. Tətbiq edilən prosessual normalar:

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

17. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

21. Beləliklə məhkəmə sadalananlara əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh Səfərova (Əhmədova) Mehriban Tahir qızı arasında 22 sentyabr 2023-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1673 nömrə ilə qeydə alınmış nikah pozulmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Səfərova (Əhmədova) Mehriban Tahir qızı arasında 22 sentyabr 2023-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1673 nömrə ilə qeydə alınmış nikah pozulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar