Məhkəmə qərarları › İş №e-2(001)-4852/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4852/2022

19.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4852/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən “X1” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 1,1133 ha torpaq sahəsində yerləşən 4 (dörd) ədəd elektrik dirəyinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı münasibətlərindən yaranmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı da ********** №-li VÖEN əsasında sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxsdirlər. Eyni zamanda iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, hazırki iddia tələbi də iddiaçı "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mülkiyyətində olan torpaq sahəsində yeni istehsalat sahəsinin tikintisinə başlamaq məqsədi ilə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 13 iyul 2022-ci il tarixdə, ********* nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində (13 iyul 2022-ci il tarixdə, ********* nömrəli qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar