Məhkəmə qərarları › İş №e-2(001)-4918/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4918/2024

24.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4918/2024 24.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, şəxslərin pasport qeydiyyatından çıxarılmaları və müvafiq tikililərin sökülərək yola giriş-çıxışın təmin edilməsi” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdehə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltdığı üçün bu cür təhqiredici hərəkətlərin qadağan edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ondan üzr istəməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Cavabdeh və onun ailə üzvləri olan arvadı X1, qızı X5, nəvəsi X2, oğlu X6, qızı X3, qızı X7, nəvəsi X4 ünvan 1 ünvanında yerləşən ona məxsus evdən qeydiyyatdan çıxarılmaları, cavabdehin yolun üstündə tikdiyi mətbəx və sanitar qovşağın sökülərək onun ailəsinin ictimai yola girişçixişının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə İddiaçı Cavabdeh qarşı “şəxslərin pasport qeydiyyatından çıxarılmaları” tələbinə dair hissədə icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2.2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Beləliklə qənaətimə görə, iddia ərizəsinin bu hissəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, o, şəxslərin pasport qeydiyyatından çıxarılması tələbi ilə bağlı vətəndaşların pasport qeydiyyatından çıxarılmasını həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən inzibati akt qəbul edilmədikdə belə bir aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Bundan əlavə, ərizə İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və müvafiq tikililərin sökülərək yola giriş-çıxışın təmin edilməsi” tələblərinə dair hissədə isə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tələblərdən biri – şərəf və ləyaqətin müdafiəsi bağlı, digəri isə müvafiq tikililərin sökülərək yola giriş-çıxışın təmin edilməsi tələbidir. Göründüyü kimi, tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 153, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddia ərizəsi İddiaçı Cavabdeh qarşı “şəxslərin pasport qeydiyyatından çıxarılmaları” tələbinə dair hissədə icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilir ki, o, şəxslərin pasport qeydiyyatından çıxarılması tələbi ilə bağlı vətəndaşların pasport qeydiyyatından çıxarılmasını həyata keçirən inzibati orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti struktur qurumuna müraciət etməli və tələb edilən inzibati akt qəbul edilmədikdə belə bir aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin həmin inzibati orqanın üzərinə qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. İddia ərizəsi İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və müvafiq tikililərin sökülərək yola giriş-çıxışın təmin edilməsi” tələblərinə dair hissədə geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. İddiaçıya izah edilir ki, o, Cavabdeh qarşı “müvafiq tikililərin sökülərək yola girişçıxışın təmin edilməsi” tələbinə dair ayrıca iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar