Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4970/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Zolfi Bakhshalinin, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə İddiaçı Zolfi Bakhshaliyə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Zolfi Bakhshaliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzil üçün "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK-ya ödədiyi 40000 ABŞ dolları (31200 manat) və həmin mənzilin təmiri üçün çəkdiyi 27739,55 manatın və 2 il əldən çıxmış faydaya görə 6041,3 manat, cəmi 64980,85 manatın, habelə vəkil xərci kimi 211 manatın Zolfi Bakhshalidən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənziltikinti haqqında müqavilə bağlanmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmidir. Bundan sonra iddiaçı 27739,55 manat xərc çəkib təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. 2014-cü ildə həmin mənzili qonşusu X4 385 saylı mənzilinə üzərində 10000 manat ödəməklə dəyişdirmişdir. A.Qafarov ailəsi ilə yaşadığı 384 saylı mənzili xx.xx.2019-cu il tarixli ərizə əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir. Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış almışdır. 384 saylı mənzil üçün iddiaçının ödədiyi 40000 ABŞ dolları (31200 manat) və təmir xərcini bugünədək nə Maraqlı şəxs MTK, nə də Zolfi Bakhshali iddiaçıya qaytarmamışdır. İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsini 2021-ci ilin sonunda bilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri nəzərə alıb, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə sözügedən mənzili öz adına rəsmiləşdirmişdir. Halbuki, iddiaçı mənzilin təmiri üçün 27739 manat pul xərcləmiş, daha sonra o mənzili qonşusunun təmirsiz mənzili ilə dəyişmiş və mənzilin sənədləşmə işləri ilə bağlı cavabdehə etibarnamə vermişdir. Cavabdehlə ailəvi münasibətləri yaxın olduğundan, ondan belə hərəkət gözləməmişdir. Məhkəmə qətnaməsi ilə 384 saylı mənzilin cavabdehin mülkiyyəti kimi tanınması qərara alındığından, hazırda iddiaçı həmin mənzilin dəyərini, onun təmirinə çəkdiyi xərci cavabdehdən geri tələb edir. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatında göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, işin əsl mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdehin işçisi olmuş və cavabdeh İran İslam Respublikasının vətəndaşı olduğu üçün özünə və ailəsinə aid olan daşınmaz əmalkaların bir neçəsini etibarını qazandığı iddiaçının adına almış, eyni zamanda iddiaçının adından etibarnamə almışdır. Hazırki iddia ərizəsində göstərilən 384 saylı mənzillə bağlı müqavilə də bunlardan biridir. Hətta, həmin müqavilə bağlananda 21 iyul 2010-cu il tarixdə müqaviləyə iddiaçı deyil, cavabdeh özü imza atmış, ödənişlərin əksər hissəsini cavabdeh şəxsən, qalan az hissəsini isə tapşırığı ilə şirkətinin hesabından çıxarılmaqla işçilər tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin etibarını itirdiyi andan, yəni şirkətdən külli miqdarda pul mənimsədiyini bildiyi andan cavabdeh formal olaraq iddiaçının adında olan əmlakların hamısını iddiaçının könüllü razılığı əsasında öz adına və ailəsinin adına rəsmiləşdirmişdir. Eyni zamanda, iddiaçı 26 dekabr 2019-cu il tarixli ərizəsi əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq adına olan müqavilənin pozulmasına, digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir ki, həmin ərizədə də gələcəkdə həmin mənzillə bağlı hər hansı iddia və tələbinin olmayacağına dair öhdəlik götürmüşdür, bununla da iddiaçının mübahisəli mənzilə dair müqaviləsi pozulmuş, bütün hüquqları itirilmişdir. Bundan əlavə, iddiaçı Yasamal Rayon Məhkəməsində cavabdeh olaraq Zolfi Bakhshaliyə qarşı Maraqlı şəxs MTK-nın sözügedən 384 saylı mənzilinin cavabdeh Z.Bakhshalinin adına rəsmiləşdirməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Maraqlı şəxs MTK-nın üzərinə qoyulması, iddiaçıya məxsus 384 saylı mənzilin X8 məxsus 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolunun və həmin tarixli “borcun olmamasına dair” arayışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanmışdır. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə öhdəliyi mövcud deyildir və hazırda formal da olsa əsaslandırdığı müqavilə üzrə ödənilmiş pulu cavabdehdən tələb etməyə, ona qarşı bununla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə olan halda iddia rədd edilməlidir. Digər tərəfdən, iddiaçı mənzilin təmiri ilə bağlı çəkdiyi xərci tələb edir, halbuki iddai bu hissədə də əsassızdır. Belə ki, 384 saylı mənzillə bağlı müqaviləyə 21 iyul 2010-cu il tarixdə cavabdeh şəxsən imza atmış, ödənişlərin əksər hissəsini şəxsən ödəmiş, təmirin bütün xərclərini də özü çəkmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" barədə arayışa da şübhə ilə yanaşılır ki ,həmin sənəd MTK rəhbərliyi tərəfindən verilməmiş, saxtalaşdırılmışdır. Çünki, rəhdərliklə bu barədə görüş olmuş və mənzilin həqiqətən də cavabdehə məxsus olması, təmir xərcinin də cavbadeh tərəfindən çəkilməsi və təqdim edilən arayışdan xəbərlərinin olmadığı bildirilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK 21 fevral 2020-ci il tarixdə qeydiyyata alınmışdır və mənzil 2011-2014-cü illərdə təmir edilmişdir. Bu halda Maraqlı şəxs MTK-nın mənzili kimin təmir etməsini müəyyən edən arayış verməsi əsassızdır. İddia tələbinin digər hissələri də tam əsassızdır, buna görə iddia tamamilə rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, iddiaçı cavabdeh məxsus mağazada menecer vəzifəsində işləyib. Sözügedən 384 saylı mənzilin təmir xərclərini də mağazanın xəzinəsindən götürüb ödəmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehə 2009-cu ildə etibarnamə verilmişdir. Mübahisəli mənzil isə 2010-cu ildə əldə edilmişdir. Bütün bunlar iddianın tam əsassız olduğunu sübut edir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Zolfi Bakhshali iddia ərizəsində etirazda göstərilənləri təsdiq etdiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X15 izahatında göstərdi ki, iddiaçı qonşusu ilə öz aralarında razılaşaraq mənzilləri dəyişdirmişlər. Sonradan isə cavabdeh ərizə təqdim edərək sözügedən mənzili öz adına rəsmiləşdirmişdir. Maraqlı şəxs MTK-da olan ödəniş qəbzlərindəki imzalar iddiaçıya məxsusdur. İddianın təmin və ya rədd edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı onun baldızıdır. O, evin təmiri ilə bağlı iddiaçıya 2000 manat maddi yardım etmişdir. Evin təmiri ilə öz yaxın adamları məşğul olmuş, o, təmənnasız olaraq təmirə nəzarət etmişdir. Ev Yasamal rayonunda yerləşsə də, evin ünvanını dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Yasamal rayonunda, iddiaçının yaşadığı binada yaşyır, taksi sürücüsü işləyir. İddiaçının evinin təmirində iddiaçının oğlu Cavid onunla müxtəlif ünvanlara getmiş, material almış, həmin materiallara nə qədər pul verdiyini görməmiş, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, binanın elekrikidir. İddiaçının xahişi ilə onun evinə də elektrik xətlərini o çəkmişdir. Lakin, iddiaçının adını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, 2014cü ildən iddiaçının yaşadığı binada yaşayır. Onun 3 otaqlı təmirsiz mənzili var idi, mənzili satmaq istəyəndə Aybəniz xanım ona zəng vuraraq mənzili almaq istədiyini, lakin öz mənzilini satandan sonra pulu ödəyə biləcəyini demişdir. Daha sonra o, Aybənizlə aralarında mənzillərini dəyişmək qərarına gəlmişlər. Bunun əvəzində Aybəniz ona 10000 manat pul vermişdir. Mənzillərin çıxarışı yox idi və müqavilənin dəyişdirilməsi üçün MTK pul tələb etdiyindən, onlar bir-birilərinə inanaraq dəyişməni öz aralarında etmişlər. Bundan soran Aybəniz ona məxsus 3 otaqlı, 122 kv.metr sahəli evin təmirinə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, 2011-ci ildən iddiaçının yaşadığı binaya nəzarət edir, 2015-ci ildən rəsmi olaraq həmin binanın komendantı işləyir. Həm 2 otaqlı 82 kv.metrlik, həm də 3 otaqlı 122 kv.metrlik mənzilləri Aybəniz xanım təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, iddiaçını 2007-ci ildən tanıyır, 10 ilə yaxın bir yerdə, cavabdehin mağazasında işləmişlər. İddiaçı menecer vəzifəsində işləmirdir. İddiaçı işdə olmayanda o, Yasamal rayonundakı mənzilin təmiri ilə bağlı xəzinədən 3-4 dəfə ustaya pul vermişdir. Aybəniz xanım özü işdə olanda xəzinədən pul götürüb ustaya verərək, dəftərdə məbləğin qarşısında “Yasamal” qeydi yazmışdır. O, bu barədə iddiaçıdan maraqlandıqda, iddiaçı Yasamal rayonunda öz evini təmir etdiyini bildirmişdir. İddiaçının götürdüyü pullar mağazaya aid olmuş, mağaza da cavabdehin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, iddiaçının uzaq qohumudur. İddiaçının tapşırığı ilə ona məxsus Yasamal rayonunda yerləşən evdə təmir işləri görmüşdür. Xidmət qarşılığında pulu Aybəniz xanım ödəmişdir. Mülki iş materiallarında olan: - İddiaçı tərəfindən X6 verilmiş 21 aprel 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. Zolfi Bakhshaliyə etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa ediləcək yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, həmin mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borc yoxdur. - İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********765 nömrəli ərizədə göstərilmişdir ki, o, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir. - Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(004)-3301/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, Maraqlı şəxs MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Maraqlı şəxs MTK-nın üzərinə qoyulması, iddiaçıya məxsus 384 saylı mənzilin X8 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolun və həmin tarixli “borcun olmamasına dair” arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia təmin edilməmişdir. (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-1771/2022 saylı qətnaməsindən görünür ki, həmin məhkəmənin 20 avqust 2021-ci il tarixli, 2(004)-3301/2021 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-633/2022 saylı qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır.) Həmin mülki iş materiallarında olan Maraqlı şəxs MTK-nın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən müəyyən edilmişdir ki, sözügedən 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan müəyyən edilmişdir ki, Maraqlı şəxs MTK tərəfindən inşa edilmiş sözügedən binanın 384 saylı mənzili Zolfi Bakhshalinin, 385 saylı mənzili X7 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Maraqlı şəxs MTK üzvlərinin ümumi iclasının 06 nömrəli, 12 mart 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Zolfi Bakhshali Maraqlı şəxs MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın sözügedən binasında 384 saylı mənzilin verilməsi qərara alınmışır. DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71,5 kv.metr, ev 24B, 384 saylı mənzil Zolfi Bakhshalinin adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 17 iyun 2020-ci il tarixdə **********8 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)- 1771/2022 saylı qətnaməsinə əsasən, X4 ünvan 4 ünvanında yerləşən 384 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq Zolfi Bakhshaliyə təhvil verilməsi qərara alınmışdır. - Maraqlı şəxs MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubda göstərilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 5 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasənda onun adına rəsmiləşdirilmişdir. 384 saylı mənzilin dəyəri A.Harumova tərəfindən tam ödənildiyindən ona bu barədə maliyyə arayışı verilmişdir. Zolfi Bakhshali tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üçün "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilə bilməz. İddia tələbinin bir hissəsi mənzilə görə ödənilmiş pulun, habelə mənzilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulmasıdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, ünvan 4 ünvanında yerləşən 384 saylı mənzil İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********765 nömrəli ərizə əsasında Maraqlı şəxs MTK üzvlərinin 12 mart 2020-ci il tarixli ümumi iclası ilə Zolfi Bakhshaliyə verilmiş, 17 iyun 2020-ci il tarixdə onun adına dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. İddiaçı "xxxx" MMC-dən 21 iyul 2010-cu il tarixli müqavilə əsasında aldığı 384 saylı mənzilin dəyərini məhz "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 2020-ci ildə "xxxx" MMC Maraqlı şəxs MTK-ya qoşulmuşdur. Verilmiş maliyyə arayışlarında göstərilmişdir ki, mənzilin dəyəri İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Sonradan, həmin, yəni 384 saylı mənzil məhz İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********765 nömrəli ərizədə göstərmişdir ki, 384 saylı mənzilə dair MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. Məhz onun ərizəsi nəzərə alınmaqla 384 saylı mənzil Maraqlı şəxs MTK üzvlərinin 12 mart 2020-ci il tarixli ümumi iclası ilə Zolfi Bakhshaliyə verilmişdir. Belə olan halda mənzilin, həmin mənzilə çəkilmiş təmir xərclərinin, habelə, bu pulun vaxtında ödənilməməsinə görə əldən çıxmış faydanın Zolfi Bakhshalidən iddiaçının xeyrinə tutulmasına heç bir əsas yoxdur və buna görə də, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olub olmaması aydınlaşmalıdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci və 445.7-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla bağlı qeyd olunmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-1771/2022 saylı qətnaməsinə əsasən, X4 ünvan 4 ünvanında yerləşən 384 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq Zolfi Bakhshaliyə təhvil verilməsi qərara alınmış və bu Qətnaməsi hazırda qüvvədədir. Bu baxımdan hazırkı halda iddiaçının vicdanlı sahib olması istisna edilir. Digər tərəfdən tərəflər arasında pul öhdəliklərinin mövcud olması da müəyyən edilmir. Belə ki, sübutetmə yükü baxımından mübahisəli mənzilin təmirinə çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər İşin məhkəmə araşdırılması ilə tərəflər arasında mübahisəli mənzillə bağlı hər hansı müqavilənin mövcudluğu müəyyən edilməməklə yanaşı, iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır. İş üzrə şahid qismində dindirlən şəxslər isə tərəflər arasında hər hansı öhdəliyin yaranması barədə heç bir ifadə verməmişlər, yalnız mənzilin təmirinə dair fikirilərini söyləmişlər. İddia tələbinin bir hissəsi də vəkil xərcinin tutulmasıdır ki, məhkəmə buna münasibətdə qeyd edir ki, vəkil xərci məhkəmə məsrəflərinə aiddir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, məhkəmə məsrəfləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Zolfi Bakhshaliyə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MTK cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4970/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4970/2022
06.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver