Məhkəmə qərarları › İş №e-2(001)-5010/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5010/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5010/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədəova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 14.700 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 3500 manatın, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 300 manat məbləğində pulun, həmçinin dövlət rüsumu üçün ödənilmiş 146 manatın, ümumilikdə 18.646 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Turbo.az” saytında maşın almaq məqsədilə axtarış etdikdə “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin elanını görmüş və onu almağa qərar vermişdir. Bu məqsədlə həmin avtomobilin elanını “turbo.az” saytında yerləşdirmiş Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlayaraq avtomobilə baxmaq istədiyini bildirmiş, sonra cavabdehlə görüşərək avtomobilə baxmışdır. 12 dekabr 2023-cü il tarixdə avtomobilin ona 14.700 manat məbləğində satılması barədə cavabdehlə razılığa gələrək 11 saylı Notariat Ofisinə getmişlər. O, 14.700 manat məbləğində pulu cavabdehə verdikdən sonra sonuncu “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ona baş etibarnamə vermişdir. Yuxarıda qeyd olunan avtomobilin ona satılmasına görə ondan 14.700 manat məbləğində pul alması barədə cavabdeh öz xətti ilə sənəd yazıb imzalayaraq ona vermişdir. Lakin 27 mart 2024-cü il tarixdə DYP İdarəsinin əməkdaşı tərəfindən saxlanıldıqda ona bildirilmişdir ki, onun adına “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş Baş etibarnamə ləğv edilmişdir. Həmin vaxt DYP idarəsinin əməkdaşı tərəfindən avtomobil də ondan alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə BDYP-nə getdikdə ona bildirilmişdir ki, onun adına verilmiş Baş etibarnamə 01 fevral 2024-cü il tarixdə X7 tərəfindən ləğv edilmişdir. 29 mart 2024-cü il tarixdə isə X7 onun aldığı “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasından götürüb getmişdir. Belə olan halda o hesab edir ki, avtomobil üçün cavabdehə verilən 14.700 manat məbləğində pulun cavabdehdə qalması üçün hər hansı bir əsas yoxdur və həmin məbləğ cavabdehdən alınaraq ona qaytarılmalıdır. O, müvafiq bildirişlə cavabdehə müraciət edərək, “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 14.700 manat pulun bütünlüklə 5 gün ərzində ona ödənilməsini təklif etmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmiş, eləcə də ona ödənilməli olan məbləğ ödənilməmişdir. Eləcə də buna görə mənəvi ziyan çəkmişdir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

a) İddia ərizəsinə qarşı etiraz:

3. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı qüvvədə olan qanunvericiliyin tələbinə formal istinad edərək məhkəməni aldatmağa çalışır. Belə ki, iddiaçı onu əsassız varlanan şəxs qismində təqdim etsə də qanuna əsasən bunun heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”, halbuki iddiaçının özünün Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə etdiyi müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə o, X1 adlı şəxsin vasitəsi ilə X7 adlı şəxsdən almışdır. Belə ki, cavabdeh Elnur Hüseynovun razılığı ilə avtomobilin tam pulunu, yəni 12.000 manatı M.Yusibova verdikdən sonra Elnur Hüseynov tərəfindən ona 11 ay 29 gün müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək, sərəncam vermək və digər hərəkətlər etmək kimi, səlahiyyətlər verən etibarnamə verilmişdir. Cavabdeh həmin avtomobili bir müddət idarə etdikdən sonra, avtomobilin alışı zamanı gözlə görünməyən və idarə etdikdə üzə çıxan bir neçə nasazlıqları aradan qaldıraraq, tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif avtomobil təmiri məntəqələrində ümumilikdə 3000 manatdan artıq məbləğdə pul vəsaiti xərcləmişdir. Hətta bunu iddiaçı da təsdiq edə bilər ki, tərəfindən avtomobil 14.700 manata satılsa da sonradan İddiaçı müraciəti ilə avtomobildə yaranmış nasazlığın aradan qaldırılması üçün sonuncuya 200 manat pulu qaytarmış və beləliklə də İddiaçı avtomobil üçün 14.700 manat yox, 14.500 manat vermişdir. Eyni zamanda etiraz ərizəsində bildirmişdir ki, avtomobili etibarnamə ilə İddiaçı verdikdə dəfələrlə ondan xahiş etmişdir ki, avtomobili öz adına rəsmiləşdirsin. X8 tərəfindən verilmiş etibarnamə ləğv edildikdən sonra Cavabdeh Məhəmməd Yusibovu, Elnur Hüseynovu və İddiaçı bir araya gətirərək bu məsələyə aydınlıq gətirmək istədikdə, M.X9 aralarında borc münasibətlərinin olmasını etiraf etmiş, lakin həmin borc məsələsi bitmiş və bununla əlaqədar Elnur Hüseynov tərəfindən ərizəni təqdim etmişdir, Elnur Hüseynov da bu halı təsdiq etmişdir. İddiaçı bütün bu prosseslərin bilavasitə iştirakçısı olmuşdur. Beləliklə göründüyü kimi, İddiaçılə cavabdeh arasında baş vermiş və məhkəmə mübahisəsinə səbəb olan avtomobil alqı-satqısı və bununla əlaqədar baş vermiş hadisələrin bilavasitə iştirakçıları və şahidləri olan şəxslərin məhkəmə prossesində dindirilmələrinin işin obyektiv və hərtərəfli araşdırılmasına köməklik edəcəyini bildirmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və “Toyota Prius” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə görə ödənilən 14.700 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 3500 manatın, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilən 300 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 146 manatın, ümumilikdə 18.646 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin avtomobili xx.xx.2023-cü il tarixdə Elnur Hüseynovdan baş etibarnamə ilə almış, pulu isə Elnurun tanışı Məhəmmədə ödəmişdir. Ona mobil notariat vasitəsilə baş etibarnamə verilmiş və avtomobil 6 ay onda olmuşdur. Avtomobilin təmirinə 3000 manatdan artıq xərc çəkmişdir. Bundan sonra avtomobili satmaq məcburiyyətində qalmış və bunun üçün “Turbo.az” saytında elan yerləşdirmişdir. Daha sonra İddiaçı onunla əlaqə saxlayaraq avtomobili bəyəndiyini bildirmişdir. Onlar avtomobilin alqı-satqısına razılaşdıqdan sonra o, iddiaçıya avtomobili öz adına rəsmiləşdirməsini təklif etmiş, lakin iddiaçı avtomobili rəsmiləşdirməyə imkanının olmadığını bildirərək ona baş etibarnaməni verməsini istəmiş, o isə onun istədiyi kimi ona baş etibarnamə vermişdir. 3 ay keçdikdən sonra isə iddiaçı ona zəng edərək etibarnamənin ləğv edildiyini bildirmişdir. Bundan sonra Nicat, Məhəmməd və o məsələni aydınlaşdırmaq üçün bir araya gəlmişlər, hətta Nicat Elnura da zəng edərək, etibarnamənin hansı səbəbdən ləğv etdiyini öyrənmək üçün onu da görüşə dəvət etmişdir. Lakin Elnur görüşə gəlməkdən imtina etmiş və bildirmişdir ki, Məhəmmədin Elnura borcu olduğu üçün avtomobil əlindən alınmışdır. X11 borcunun olması səbəbi ilə Elnur etibarnaməni ləğv etdirmişdir. Sonra Nicat gedib polisə şikayət etmiş və o da gedib izahat vermişdir. Araşdırma nəticəsində onun məsələ ilə bağlı aidiyyəti olmadığı müəyyən olunmuşdur, çünki o avtomobili alıb, pulunu ödəmiş və sonra satmışdır. Polisin araşdırması bitdikdən sonra Nicat ona zəng edərək Elnurdan şikayət etməyini bildirmişdir. Elnur isə gömrük işçisi olduğu üçün Məhəmməd, Nicat, o və bəzi şahidlər Bakı şəhər prokurorluğuna getmişlər, onları orada qəbul edərək məsələnin necə olduğunu aydınlaşdırlar və orada Nicata birdirilib ki, o, birbaşa Elnurdan şikayət etməlidir, çünki ona zərər vuran Elnurdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadə verərək bildirdi ki, İddiaçı onun xalasının həyat yoldaşıdır. O, həmin vaxt taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ona zəng vuraraq maşına gedib baxmağı təklif etdiyindən birlikdə Emilin maşınına baxmağa getmişlər. Həmin vaxtı o, Nicat, Emil bir də Emilin əmisi oğlu dediyi şəxs orda olmuşlar. Maşına baxdıqdan sonra tərəflər avtomobilin satılmasına razılaşmış, M.Ə.Rəsulzadə qəsəbəsindən şəhərə gələn istiqamətdə solda yerləşən notariusa getmişlər. Emil ilk olaraq bildirmişdir ki, maşını alan kimi Nicat öz adına rəsmiləşdirsin, sonra isə aralarında belə danışıq oldu ki, 3-4 ay sonra Nicat maşını öz adına rəsmiləşdirəcək. Maşını aldıqdan bir müddət sonra bilmişdir ki, Nicatın adına verilmiş etibarnamə ləğv edilmişdir.

7. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadə verərək bildirdi ki, avtomobili Emilə onlar satmışdır. Elnur adlı şəxslə onun arasında borc söhbəti olmuşdur. Borc müqaviləsi bağlamışlar, sonradan borcunu ödəmişdir. Bir müddət sonra ona Emilin maşını satması və həmin maşına görə də verilmiş etibarnaməni Elnurun ləğv etdirməsi məlum olmuşdur. Bununla bağlı prokurorluğa, korrupsiya, polisə müraciətlər olunub, izahatlar verilib. Daha sonra bildirdi ki, Emil maşını alarkən pulunu ona vermiş, o isə pulun bir hissəsini Elnura vermiş, qalanını isə hissə-hissə qaytarmışdır.

a) Mülki işin materialları:

8. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 (onun adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh) tərəfindən İddiaçı “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdə 6 ay 7 gün müddətinə etibarnamə verilmiş və həmin etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. səlahiyyətlər verilmişdir.

9. Əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə X1 və X2 vasitəsilə X3 **-BG-*** dövlət qeydiyyat nişanlı mobil notarius vasitəsilə 12500 manata almışdır. X12 vermiş, baş etibarnaməni X3 almışdır. Təxminən 6 ay müddətində maşın onda olub, xx.xx.2023-cü il tarixdə İddiaçı 14.700 manata 11 saylı notariusda notariat qaydada maşını satmışdır (baş etibarnamə vermiş, pulu almışdır).

b) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

10. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. 10. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

13. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

14. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

15. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

ç) Məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 2023-cü ilin dekabr ayında Turbo.az” saytında “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş elanla əlaqədar Cavabdeh ilə əlaqə saxlamış və həmin avtomobilin 14.700 manata satılmasına dair razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinə getmişlər, iddiaçı razılaşdıqları 14.700 manatı cavabdehə vermiş, o da bunun əvəzində mülkiyyətçi X4 təmsil edərək onun adından İddiaçı “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdə 6 ay 7 gün müddətinə etibarnamə verilmiş və həmin etibarnamə ilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. səlahiyyətlər verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, o, xx.xx.2023-cü il tarixdə İddiaçı 14.700 manata 11 saylı notariusda notariat qaydasında maşını satmışdır (baş etibarnamə vermiş, pulu almışdır). Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçının adına verilmiş etibarnamə xx.xx.2024-cü il tarixdə avtomobilin mülkiyyətçisi X7 tərəfindən ləğv etdirilmişdir. Ona görə də avtomobil ondan alınaraq mülkiyyətçiyə qaytarılmışdır. Müəyyən olunmuşdur ki, iddiaçı avtomobilə görə cavabdehə 14.700 manat pul ödəmiş, onun avtomobili idarə etməsinə dair etibarnamə ləğv edilərək avtomobil ondan alınmasına baxmayaraq onun avtomobilə dair cavabdehə ödədiyi pul isə geri qaytarılmamışdır.

24. Məhkəmə iclasında Cavabdeh etibarnaməni Elnur Hüseynovun ləğv etdirdiyini, ziyanın məhz Elnur Hüseynov tərəfindən vurulduğunu bildirərək iddiaçının avtomobilə görə ödədiyi pulu da ondan tələb etməli olduğunu bldirmişdir.

25. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə bütün münasibətlər cavabdehlə olmuşdur, pul ona ödənilmişdir, hətta etibarnaməni də avtomobilin mülkiyyətçisinin adından cavabdeh vermişdir. Yəni iddiaçının avtomobilin mülkiyyətçisi ilə hər hansı bir ünsiyyəti olmamışdır. İddiaçının avtomobilə görə ödədiyi məbləği də cavabdeh özünə götürmüşdür, həmin məbləğ avtomobilin mülkiyyətçisinə verilməmişdir. Belə ki, bundan əvvəl cavabdeh həmin avtomobilə görə pul verərək idarə etmək üçün etibarnamə almışdır.

26. Bundan başqa məhkəmə iclasında belə məlum oldu ki, cavabdeh əvvəllər avtomobilə görə 12.000 manat pulu Məhəmməd Yusibova vermiş, o isə həmin pulu avtomobilin mülkiyyətçisinə tam verməmişdir. Bunun müqabilində isə avtomobilin mülkiyyətçisi Cavabdeh avtomobilə görə verdiyi etibarnaməni ləğv etdirmişdir.

27. Məhkəmə hesab edir ki, Cavabdeh, Məhəmməd Yusibov və Elnur Hüseynovun aralarında olan münasibətlərin İddiaçı hər hansı bir aidiyyatı yoxdur. Belə ki, cavabdehin özünün də etiraf etdiyi kimi iddiaçı avtomobilə görə pulu ona verib. Bundan başqa cavabdeh iddiaçıya 200 manat pulu qaytardığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 14.700 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

28. Məhkəmə eləcə də hesab edir ki, cavabdeh mübahisəli avtomobili sata bilməzdi, belə ki, işdə olan etibarnamədən avtomobilin satılmasına səlahiyyət verildiyi görünmür. Lakin həmin avtomobili etibarnamə ilə iddiaçıya verilməsinə baxmayaraq cavabdeh həmin avtomobili satdığını qeyd etmişdir. Bundan başqa həmin avtomobilə görə iddiaçının ödədiyi pul ona qaytarılmamışdır ki, bunun da nəticəsində əsassız varlanmışdır.

29. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mənəvi zərərə görə 3500 manat pul tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

30. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır.

32. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

33. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Beləliklə mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. sübut etməlidir.

36. Hazırkı iş üzrə iddiaçı mənəvi zərər çəkməsinə dair məhkəməyə hər hansı bir sübüt təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə blməz.

37. İddiaçı iddia ərizəsində vəkilə hüququ yardım göstərilməsinə görə ödədiyi 300 manat pulun tutularaq ona ödənilməsini xahiş etsə də buna dair hər hansı bir rəsmi sübut, yəni vəkilə ödəniş edilməsi barədə qəbz təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 146 manat dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir.

40. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

41. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

42. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

43. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14.700 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 146 manat, cəmi 14.846 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 14.700 (on dörd min yeddi yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 146 (bir yüz qırx altı) manat, cəmi 14.846 (on dörd min səkkiz yüz qırx altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar