Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5011/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) pul və s. tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əşyalarını "xxxx" MMC-yə məxsus anbarda olan saxlancdan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8792/2019 saylı 04 iyul 2019-cu il tarixli qətnaməsinin icrası üçün çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat, cavabdehə məxsus əşyaların anbarda saxlanca verilməsi ilə əlaqədar çəkilmiş xərclərin əvəzi olaraq 3.750 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz kimi 402 manat, ümumilikdə 5.152 manat məbləğində pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8792/2019 saylı, 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 60.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə təyin ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq ona ödənilməsi, tutmanın ipoteka predmeti olan və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 1 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehin ona olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra 1 aydan gec olmayan müddətə boşaldılaraq cavabdehin mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi əsasında “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən keçirilən iki hərrac baş tutmadığı üçün əmlakın son satış qiyməti olan 76.500 manata ona təklif edilmiş və bu barədə hərracın nəticələri haqqında 21 fevral 2020-ci il tarixli Y-28 nömrəli protokol verilmişdir. Ev onun mülkiyyətimə keçmişdir. Cavabdeh nə icra şöbəsinin, nə də hərracın xidmət haqqını ödəmədiyi üçün həmin xərcləri o, çəkmək məcburiyyətində qalmışdır. Bunun üçün icra şöbəsinə ödədiyi 1.000 manat pulun qəbzini əlavə edir və hesab edir ki, həmin məbləğ cavabdehdən onun xeyrimə tutulmalıdır. Ev onun mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh könüllü olaraq evi boşaltmamış, əşyalarını evdən çıxarmamışdır. Buna görə o, məcbur qalıb "xxxx" MMC ilə 08 iyun 2021ci il tarixli “Anbarda saxlama müqaviləsi” bağlamışdır. Müqavilə 3.000 manata bağlanmış və ödənişin hər gecikdirilən gün üçün aylıq saxlanma xərcinin 1%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. 3.000 manatdan əlavə cavabdehin əşyalarının xidmət haqqı üçün 130 manat və daşınması üçün 620 manat, cəmi 3.750 manat pul ödəməli olmuşdur. Müqavilə 1 il müddətinə bağlanmış və müddəti 08 iyun 2022-ci il tarixdə başa çatmışdır. Lakin cavabdeh gəlib öz əşyalarını anbardan götürmür və "xxxx" MMC tərəfindən ondan anbarda saxlanma pulu tələb edilməkdədir. Hesab edir ki, cavabdehin əşyalarını saxlancdan götürməməsinə görə o, maddi məhrumiyyətlərə məruz qalır və buna görə əşyalarını "xxxx" MMC-yə məxsus anbarda olan saxlancdan götürmək vəzifəsi cavabdehə həvalə edilməlidir. İcra xərcinin ödənilməsinin üzərindən 2 il, anbarda saxlanma müqaviləsi üzrə ödənişin üzərindən isə 1 il keçmişdir. Bank uçot dərəcəsinin 7% olduğu və uzun müddətdir ki, pulun ödənilməməsi nəzərə alınarsa icra xərcinin əvəzi kimi ödənilmiş 1.000 manatın cavabdeh tərəfindən qaytarılmamasına görə 2 ili üçün 14 %-i, yəni 140 manat, anbarda saxlanma ilə əlaqədar ödənilmiş 3.750 manatın cavabdeh tərəfindən qaytarılmamasına görə 1 il üçün 7%-i, yəni 262 manat, cəmi 402 manat faiz məbləği də cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehə dəfələrlə telefon vasitəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq, o, nə icra ilə bağlı xərcləri ödəyir, nə də ki, əşyalarını anbardan götürür. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" MMC-nin anbarında cavabdehə məxsus 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd komod şkaf, 1 ədəd yataq otağı dəsti, 1 ədəd yataq dolabı, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qoşa taxt və 1 ədəd dolab saxlanılır. İcra və malların anbara daşınması, orada saxlanması ilə bağlı sənədələşdirməni və ödənişləri iddiaçının etibarnamə əsasında nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlu həyata keçirdiyindən həmin sənədlərdə onun adı əks olunmuşdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, malların anbarda saxlanılması ilə bağlı müqavilənin müddəti artıq bitmişdir və cavabdeh malları götürərkən əlavə hər ay üçün 250 manat məbləğində pul ödəməli olacaqdır. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış “Biznes əməkdaşlığı haqqında” 05 fevral 2021-ci il tarixli müqavilə baxlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC ona daxil olan daşıma sifarişləri üzrə malların "xxxx" MMC-nin anbarında saxlanılmasına dair müştəriləri cəlb edir və buna görə komissiya haqqı alır. Ona görə də iddiaçının nümayəndəsinə verilmiş qəbzlər "xxxx" MMC tərəfindən verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)- 8792/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 03 mart 2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan kredit borcunun ödənilməsi ilə bağlı 60.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə təyin ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 1 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra 1 aydan gec olmayan müddətə boşaldılaraq cavabdehin mənzildən çıxarılması qət edilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında 21 fevral 2020-ci il tarixli, Y-28 nömrəli protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 1, mənzil 65 İddiaçı tərəfindən 76.500 manata hərracdan alınmışdır. 11 fevral 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Ələkbər-zadə Faiq Zakir oğluna 11 fevral 2022-ci il tarixədək icra şöbəsində onu təmsil etmək, sənədləşdirmə işlərini aparmaq və s. səlahiyyətləri yerinə yetirməyi etibar etmişdir. İcra məmurları, tələbkarın nümayəndəsi və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 08 iyun 2021-ci il tatrixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 1, mənzil 65-də borclu Cavabdeh məxsus 1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd komod şkaf, 1 ədəd yataq otağı dəsti, 1 ədəd yataq dolabı, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qoşa taxt və 1 ədəd dolab saxlanc üçün tələbkarın nümayəndəsi Ələkbərzadə Faiq Zakir oğluna təhvil verilmişdir. 20 iyun 2020-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, Ələkbər-zadə Faiq Zakir oğlu tərəfindən Binəqədi rayon İcra və probasiya şöbəsinin hesabına 1.000 manat məbləğində vəsait ödənilmişdir. "xxxx" MMC (1-ci tərəf) ilə "xxxx" MMC (2-ci tərəf) arasında bağlanmış “Biznes əməkdaşlığı haqqında” 05 fevral 2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər malların anbarda saxlanca verilməsi ilə bağlı birgə qaydaları tənzimləyirlər. 1-ci tərəf ona daxil olan daşıma sifarişləri üzrə malların 2-ci tərəfin anbarında saxlanılmasına dair müştəriləri cəlb edir, 2-ci tərəf isə həmin müştərilərə saxlayıcı olaraq müqavilə bağlayaraq 1-ci tərəfə komissiya haqqqı ödəyir. Ələkbər-zadə Faiq Zakir oğlu (tapşıran) ilə "xxxx" MMC (saxlayıcı) arasında bağlanmış 08 iyun 2021-ci il tarixli “Anbarda saxlama müqaviləsi”ndən görünür ki, saxlayıcı sifariş əsasında tapşırana məxsus malları özünə məxsus saxlanc anbarında 1 illik müddətə saxlamağı, tapşıran isə bunun müqabilində 3.000 manat məbləğində saxlama haqqını öhdəsinə götürür. "xxxx" MMC tərəfindən Ələkbər-zadə Faiq Zakir oğluna verilmiş 08 iyun 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, sonuncu tərəfindən 3.000 manat məbləğində anbar üçün xidmət haqqı, 620 manat daşınma üçün xidmət haqqı, və 130 manat xidmət haqqı, ümumilikdə 3.750 manat məbləğində vəsait ödənilmişdir. 05 və 23 iyul 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ümumilikdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə 60.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 1 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir. İddiaçı həmin mənzilin hərracdan almış və bununla bağlı 1.000 manat məbləğində icra ödənişini Binəqədi rayon İcra və probasiya şöbəsinə ödəmişdir. Bundan başqa, mənzildə cavabdehə məxsus əşyalar icra məmuru tərəfindən saxlanc üçün iddiaçıya verildiyindən iddiaçı tərəfindən ümumilikdə 3.750 manat məbləğində xidmət haqqı ödənilərək həmin əşyalar 08 iyun 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında 1 illik müddətinə "xxxx" MMC-nin anbarına yerləşdirilmişdir. Həmin tarixdən hal-hazırki vaxtadək cavabdeh tərəfindən həmin əşyalar anbardan götürülməmiş, müqavilənin müddəti isə 08 iyun 2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur; 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur; 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər; 1090.3-ci maddəsinə görə, işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü və 25.3.3-cü maddələrinə əsasən ipoteka qoyan ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək vəzifələrini daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır; 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir; 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir; 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, həm ipoteka predmetini təşkil edən əmlakın hərracdan satılması ilə bağlı xərclər, həm də icra hərəkətləri ilə bağlı digər xərclər cavabdehdən tutulmalı olduğu halda, iddiaçıdan tutulmuşdur. Bu da öz növbəsində məhz cavabdehin mənafeyinə xidmət edən hərəkət olmuşdur. Belə ki, cavabdeh nəticə etibarı ilə bu işlərin aparılması prosesində həmin məbləğdə varlanmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırda cavabdeh tərəfindən ona məxsus əşyaların "xxxx" MMC-yə məxsus anbardan götürülməməsi nəticəsində iddiaçı həmin MMC ilə bağlanmış müqavilə üzrə öhdəlikləri daşımağa davam edir. Yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehdən xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Göstərilənlərə məhkəmə hesab edir ki, cavabdehdən 1.000 manat məbləğində qətnamənin icrası üçün çəkilmiş xərcin əvəzi və 3.750 manat məbləğində cavabdehə məxsus əşyaların saxlanca verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi tutularaq iddiaçıya ödənilməli, cavabdehin üzərinə ona məxsus əşyaların (1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd komod şkaf, 1 ədəd yataq otağı dəsti, 1 ədəd yataq dolabı, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qoşa taxt və 1 ədəd dolab ) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda olan saxlancdan götürməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə iddia tələbinin “bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz kimi 402 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin icra və əşyaların anbarda saxlancı ilə bağlı cəkilmiş xərcləri ödəməkdən boyun qaçırmaqla həmin xərclərdən faydalanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.000 manat məbləğində qətnamənin icrası üçün çəkilmiş xərcin əvəzi, 3.750 manat məbləğində cavabdehə məxsus əşyaların saxlanca verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi və iddiaçının xahişi nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun 52 manatı tutularaq İddiaçı ödənilməli, Cavabdeh üzərinə ona məxsus əşyaların (1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd komod şkaf, 1 ədəd yataq otağı dəsti, 1 ədəd yataq dolabı, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qoşa taxt və 1 ədəd dolab ) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda olan saxlancdan götürməsi vəzifəsi qoyulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində qətnamənin icrası üçün çəkilmiş xərcin əvəzi, 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində cavabdehə məxsus əşyaların saxlanca verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi və ödənilmiş dövlət rüsumunun 52 (əlli iki) manatı tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə ona məxsus əşyaların (1 ədəd divan, 1 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd komod şkaf, 1 ədəd yataq otağı dəsti, 1 ədəd yataq dolabı, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” soyuducu, 1 ədəd “Samsung” televizor, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qoşa taxt və 1 ədəd dolab) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus anbarda olan saxlancdan götürməsi vəzifəsi qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5011/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5011/2022
04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver