Məhkəmə qərarları › İş №e-2(001)-506/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-506/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-506/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-nin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxananın qanunsuz olaraq zəbt edilmiş 10 nömrəli otağının Cavabdeh1 tərəfindən boşaldılaraq ADY-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanada 10 nömrəli otaq Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazinin boşaldılması barədə cavabdehə xəbərdarlıq edilmiş, ona həmin otağın qanunsuz zəbt edilməsinin qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş otaq boşaldılmamış və təhvil verilməmişdir. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmədilər. İddiaçı qurum tərəfindən mənzil növbəsində olmaqlarını, onlara 3 otaqlı yeni tikilidə mənzil verilməsini, lakin mənzili təmir etməyə maddi imkanları olmadığını, mənzili satıb öz şəxsi ehtiyaclarına xərcləmələrini, müalicə olunmalarını bildirdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclaslarına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri və şhid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: "xxxx" QSC-nin İdarə Heyəti ilə X1 İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin xx.xx.2015-ci il tarixli birgə qərarından müəyyən olunur ki, "xxxx" QSC-nin rəhbərliyi ilə X1 İttifaqı Respublika Komitəsi dəmiryolçuların sosial-məişət problemlərinin həlli üçün daima tədbirlər həyata keçirir. İnsan faktoru əsas götürülərək, onun ilkin ehtiyaclarından olan mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılaraq, cəmiyyət rəhbərliyi tərəfindən dəmiryolçulara mənzil verilməsi qərara alınmışdır. "xxxx" QSC-nin 22 oktyabr 2015-ci il tarixli 157/S saylı əmrin icrası istiqamətində "Main Development LTD" şirkəti ilə 1840 saylı 12 dekabr 2008-ci il tarixli bağlanmış müqavilə əsasında və müqavilənin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllədə inşa edilmiş binaların mərhələmərhələ istifadəyə verilməsi ilə əlaqədar ilkin olaraq, ümumi sahəsi 10350,12 kv.m olan 78 ədəd, o cümlədən 31 ədəd 4 otaqlı, 45 ədəd 3 otaqlı və 2 ədəd 2 otaqlı mənzillərin bölgüsünün aparılması məqsədəuyğun hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" QSC-nin İdarə Heyəti ilə X1 İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti birgə qərara alır: 1. "Main Development LTD” şirkətindən qəbul edilmiş 78 ədəd mənzilin bölgüsü "xxxx" QSC üzrə tərtib olunmuş və X1 İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış Bakı- Biləcəri qovşağı üzrə mənzil növbəsi siyahısına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi və müvafiq qaydalara uyğun olaraq aparılsın. 2. Mənzil verilməsi nəzərdə tutulacaq işçilərin siyahısı tərtib olunaraq, təsdiq egilsin və mənzil alacaq hər bir işçi ilə "Main Development LTD" şirkəti apasında alqısatqı müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin şirkətə təqdim olunması təmin edilsin. 3. Mənzillərin verilməsi ilə bağlı bütün təşkilatı işlər 2015-ci ilin 10 dekabr tarixinə kimi yekunlaşdırılsın. Bölgü əsasında veriləcək mənzillərin hüquqi sənədlərin işçilərə təqdimatı 2015-ci ilin sonuna kimi başa çatdırılsın. 4. Təşkilati işlərin aparılmasına nəzarət X1 İttifaqı Respublika Komitəsinin rəhbərliyinə həvalə edilmişdir. "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş siyahıda xx.xx.2015-ci il tarixinədək mənzil növbəsində olan və ev verilməsi nəzərdə tutulan işçilərin siyahısından müəyyən olunur ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov 12 ünvaninda yaşayan, ailə tərkibi 4 olan Cavabdeh1 mənzil verilməsi planlanmışdır. "xxxx" QSC-də 30.12-ci il tarixində alqı-satqı müqaviləsinin təqdim olunmasına dəvət olunmuş şəxslərin siyahısından müəyyən olunur ki, Cavabdeh1 ilə 694 №-li müqavilə imzalanmışdır. "xxxx" QSC-nin Biləcəri Stansiyası tərəfindən verilmiş 18 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh1 xx.xx.1981-ci il tarixdən stansiyada operator vəzifəsində çalışır, hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX xx.xx.2025-ci il tarixli məktubuna və əlavə edilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yataqxana 1714 nömrəsi ilə "xxxx" QSC-nin balansında olan daşınmaz əmlak kimi registrdə qeydə alınmışdır. "xxxx" QSC-nin X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 10 saylı orderə əsasən Cavabdeh1 30 kv.m, 10 saylı otaq ailə üzvləri ilə birlikdə ayrılmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, cavabdehləri şəxsən tanımır. Xanlar Biləcəri stansiyasının operatoru kimi mənzilə ehtiyacı olan işçi kimi uçota durmuş, 2015-ci ildə ona 3 otaqlı, 120 kv.m, 14-cü mərtəbədən mənzil verilmişdir. Mənzil Dəmir yolunda işləyən, mənzil yaxşılaşdırılması ehtiyacı olan şəxslərə verilirdi. Biləcəri stansiyasında evlər idarəsinin olmasından məlumatı yoxdur. Ümumiyyətlə stansiyanın order veməyə heç bir səlahiyyəti yoxdur. Nuriyev ona verilmiş yeni mənzili şəxsi ehtiycları üçün satmış, ola bilsin özünə baqa bir yerdə mənzil də almışdır, lakin onun bu barədə dəqiq məlumatı yoxdur. Mübahisə ilə bağlı məhkəmənin tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 30 iyun 2009-cu il tarixli, 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 105-ci maddəsinə əsasən aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər:.....xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəyə əsasən müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Yuxarıda sadalanan qanun normalarının məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq prinsipinin tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu hüququn konstitusion mahiyyətini dəyişməməlidir. Hazırki mübahisə predmeti olan yataqxana otağı iddiaçının balansında, mülkiyyətindədir və cavabdehlərin həmin ünvanda yaşaması, iddiaçının təkidinə baxmayaraq, ünvanı tərk etməməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqdadır. Həmçinin cavabdeh iddiaçı təşkilatın əməkdaşı olmaqla özünün etirafı ilə həmin yataqxanada mənzili tutmuş, lakin sonradan iddiaçı qurum bir çox işçilərinin mənzil problemini həll etmiş, həmçinin cavabdehə də yeni tikili binada ailə tərkibi nəzərə alınaraq 3 otaqlı mənzil verilmişdir. Göstərilən xüsusatları cavabdeh də təsdiq etmiş, lakin yeni verilən mənzili borcu və səhhətində problemləri olduğuna görə satdığını və şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Münasibətlərin yarandığı dövrü tənzimləyən mənzil qanunvericiliyi isə istər yataqxana otağı, istərsə də xidməti mənzildən sonradan işçiyə digər yaşayış sahəsi verilməklə çıxarılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan ünvan 1 ünvanında yerləşən yataqxananın 10 nömrəli otağı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 tərəfindən boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar