Məhkəmə qərarları › İş №e-2(001)-507/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-507/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-507/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ödədiyi 2200 manatın, hüquqi yardıma görə vəkilə ödədiyi 300 manatın, mənəvi zərərin əvəzi kimi 500 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 iyul tarixdə maşın elanı saytında satılan maşını görmüş, bəyənmiş, oğlu ilə məsləhətləşmiş, oğlu maşını satan şəxsə zəng edərək problemli olub-olmadığını soruşmuş, satan şəxs, yəni cavabdeh maşının problemsiz, ideal maşın olduğunu bildirmişdir. 12 iyul tarixində onlar görüşmüş, iddiaçının maşını servisdə yoxlanılmış, problem aşkar edilməmiş, lakin alacaqları maşının yoxlanılmasına iddiaçının oğlunun başqa işi olduğundan vaxt çatmamışdır. Aralarındakı razılaşma ondan ibarət olmuşdur ki, iddiaçı öz maşınını cavabdehə verməli, əlavə də 2200 manat ödəməli, cavabdeh də əvəzində satdığı maşını iddiaçıya verməli, beləliklə avtomobilləri dəyişməlidirlər. Danışıq gününün səhəri iddiaçının oğlu öz adına "xxxx"ın Yasamal filialından 4000 manat kredit götürmüş, iddiaçı həmin krediti özü ödəməyi öhdəsinə götürmüş, puldan 2200 manatı cavabdehə verməyi nəzərdə tutmuşdur. Sənədləşmə zamanı müəyyən edilmişdir ki, cavabdeh satdığı maşının mülkiyyətçisi deyil, vasitəçidir. Beləliklə, hər iki avtomobilə görə tərəflər ümumi etibarnamə vermiş və maşınlar dəyişdirilmiş, iddiaçı 2200 manat pulu cavabdehə vermişdir. 1 gün sonra iddiaçı aldığı maşını servisdə yoxlatmış və mühərrikində ciddi nasazlıq aşkar edilmişdir. Yoxlama zamanı mühərrikin yuyulması və yağdəyişməsi üçün 170 manatdan artıq xərci çıxmışdır. Maşının problemli olduğunu görüb oğlu ilə birlikdə cavabdehə zəng etmiş və məsələni bildirdikdə cavabdeh maşınların qaytarılmasına razı olmamışdır. Bundan sonra iddiaçı verdiyi etibarnaməni ləğv etmiş və maşını geri almış, aldığı maşını da qaytarmışdır. Cavabdehlə aralarında olan razılaşmaya əsasən, cavabdeh 1 günə aldığı 2200 manatı qaytarmalı idi. Hətta iddiaçının oğlu cavabdehin əziyyətini nəzərə alaraq ona 100 manat verəcəyini, yəni cavabdehin 2200 manatdan yalnız 2100 manatın geri qaytaracağı şərti ilə güzəştə getdiyini bildirmişdir. Bu razılaşma video görüntüyə alınmış, cavabdeh borcunun olmasını təsdiq etmişdir. Lakin, cavabdeh verdiyi vədi yerinə yetirmədiyindən iddiaçı ona verilən tam məbləğin (2200 manat), onun hərəkətləri nəticəsində hüquqi yardım üçün vəkilə ödədiyi məbləğin (300 manatın), yaşatdığı stress halına görə mənəvi zərərin (500 manatın) və dövlət rüsumunun (50 manatın) cavabdeh tərəfindən ödənilməsini tələb edir. Bu hərəkəti ilə cavabdeh iddiaçını həm pulundan, həm də banka ödənilən faiz pulundan məhrum etmiş, ona mənəvi zərər vurmuşdur. Cavabdeh iddiaçının vaxtını boşuna sərf etməyinə, lüzumsuz xərcə düşməyinə səbəb olmuş, habelə məhz cavabdehə görə oğlunun bankdan kredit götürməsi və indiyədək həmin pulun faizinin ödənilməsinə (həmin pulun 2200 manat hissəsi üzrə ödənişləri özü həyata keçirir) görə mənəvi iztirablar çəkir. Bunun nəticəsində də ona mənəvi zərər dəymişdir. İddiaçı dəymiş mənəvi ziyanı 500 manat vəsait kimi qiymətləndirir. Bütün bu hallar onun səhhətinə də mənfi təsirsiz ötüşməmişdir. Cavabdehə verdiyi məbləğin qaytarılmaması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdehin təqsirli hərəkətləri ilə o, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş və hazırda da çəkməyə davam edir. Yuxarı instansiya məhkəmələrinin təcrübələrindəki yanaşmalardan bəllidir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir. İddiaçı cavabdehdən banka ödədiyi faiz borcunun qaytarılmasını istəmir, halbuki həmin faizin də ödənilməsinin səbəbkarı cavabdeh olmuşdur. Cavabdeh ondan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, İddiaçı 20 avqust 2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, ərizəsində qeyd etmişdir ki, avtomobili ilə onların avtomobili dəyişdirilmiş və onlar üzərində əlavə 2200 manat məbləğində ödəniş etmişdilər. Guya onlar aldıqları avtomobili 1 gün sonra servisdə yoxlatdırmışlar və avtomobilin motorunda ciddi nasazlıq aşkar edilib. Həmçinin, iddiaçı bildirmişdir ki, guya bu vəziyyət ona pis təsir etdiyi üçün mənəvi zərər ortaya çıxmışdır. Aşağıda vurğulanan əsaslara istinadən, iddiaçının tələbi tamamilə əsassızdır və bu səbəblə iddia təmin edilməməlidir. İlk olaraq, iddiaçı bildirir ki, guya avtomobilini yoxlatdıra bilməyiblər, lakin burada iddiaçı tamamilə yalan məlumat verməkdədir. Belə ki, maşınlar dəyişilməzdən öncə qarşılıqlı razılığa əsasən, cavabdehin avtomobili onların tanıdığı servisdə, onların avtomobili isə cavabdehin tanıdığı servisdə yoxlanılmış və avtomobilində heç bir problem olmadığı aydın olmuşdur. Yoxlanış olunduqdan sonra iddiaçı özü şəxsən avtomobillərin dəyişdirilməsinə razılıq vermiş və notariatda sənədləşdirmə işlərində iştirak etmişdir. Əlavə olaraq, göründüyü üzrə, iddiaçı avtomobillərin dəyişdirilməsindən öncə cavabdehin avtomobilinin yoxlatdırılmaması və o cümlədən, sonra onların etdiyi yoxlanışda avtomobilinin motorunda nasazlıq olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişlər. Bu hal qəbuledilməzdir. İkincisi iddiaçı qeyd edir ki, cavabdeh sözügedən videoda demişdir ki, pulu 1 gün sonra qaytaracaq. Lakin o, elə bir şey bildirməmişdir. Sadəcə olaraq “vəziyyətin artıq gərginləşdiyini və belə bir halın aramızda davaya yol açaraq sağlamlığa zərər verə biləcək hadisələrin yaşanmasına yol aça biləcəyini hiss etdiyim üçün sabah danışarıq” şəklində ifadə işlətmişdir və nəticədə, vəziyyəti sakitləşdirmək istəmişdir. Çünki videodan göründüyü üzrə, iddiaçı və oğlu onunla olduqca sərt və aqressiv şəkildə danışırdılar. Hətta, iddiaçı ona telefonla zəng etdiyi məqamlarda onu təhdid edərək, “başına oyun açaram” şəklində ifadələr də işlədirdi. Bunlar hamısı üst-üstə gəldikdə, o həmin video çəkilən anda mübahisənin qarşısını ala bilmək üçün “sabah danışarıq” deyib. Amma əsla deməyi ki, “sabah pulu qaytaracağam”. İddiaçının onun sözlərini öz xeyrinə yozması əsla qəbuledilən deyildir. Üçüncüsü, vurğulayıb ki, guya bu hal onun səhhətinə mənfi təsir edib, o, mənəvi iztirab çəkib. Halbuki, avtomobillərin hər biri dəyişdirilmədən öncə fərqli servislərdə yoxlanılıb və heç bir problem aşkar edilməyib. Bu da o deməkdir ki, buna cavabdehin heç bir təqsiri yoxdur və iddiaçı haqsız mövqe ortaya qoyduğu üçün ona hər hansı bir mənəvi zərər dəyə bilməz. Əlavə olaraq, iddiaçı ona mənəvi zərər dəydiyini göstərən heç bir sübut təqdim etməmişdir. Belə ki, mənəvi zərər sadəcə sözlə deyilməklə tələb edilə bilməz, bunu göstərən sübutlar da olmalıdır. Dördüncüsü, iddiaçının kredit götürməsi cavabdehi maraqlandıran bir nüans deyildir. Belə ki, aralarında bir razılaşma olmuşdur və buna uyğun sənədləşdirmə işləri də aparılmışdır. O, heç kəsi məcbur etməmişdir ki, kredit götürsün. Sadəcə olaraq, razılaşma elə oldu ki, iddiaçı tərəf öz maşınını və əlavə olaraq, 2200 manat pul ödəyəcək. Onlar da 2200 manat pulu kredit yolu ilə əldə ediblər. Bu onların bank qarşısında olan öhdəlikləridir və ona heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında isə cavabdeh iddianı qismən etiraf etdi, avtomobilin alınması zamanı həqiqətən də ona fərq olaraq 2200 manatın ödənildiyini, 1 gün sonra avtomobilin qarşı tərəfin narazıçılığı səbəbindən geri qaytarılmasını bildirdi, lakin qeyd etdi ki, avtomobili başqa servisdə yoxlatdırmağı, nasazlıq varsa təmir etdirməyi təklif etsə də, iddiaçı razılaşmamışdır. Həmin vaxt onun azyaşlı uşağı ağır xəstəlikdən rəhmətə getmiş, başı qarışıq olmuşdur. Avtomobillərin qaytarılması, servisdə yoxlanılması zamanı onun da xərci çıxmışdır. Həmçinin avtomobil elandan çıxarılmışdır, ona ziyan dəymişdir. Bu səbəbdən də hesab edir ki, həmin pulu iddiaçıya qaytarmalı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: "xxxx" ASC-nin xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışından müəyyən olunur ki, X2 xx.xx.2024-cü il tarixdə 2000 manat və 500 manat kredit götürmüşdür. Bakı şəhəri 20 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, o, Cavabdeh verdiyi etibarnaməni təktərəfli qaydada ləğv etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş video görüntülərin məhkəmə iclasında nümayişi zamanı Cavabdeh iddiaçının oğlu avtomobilin qaytarılması ilə əlaqədar ona vermiş olduğu pulu geri tələb edir. Ödəniş məlumatından müəyyən olunur ki, İddiaçı tərəfindən “Ruslan Vəiyev və Partnyorları” VB hesabına 300 azn ödəniş edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 220.4-ci maddəsinə əsasən ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər İddia tələbinin 2200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı öz əmlakı olan avtomobili üzərində 2200 manat pul verməklə başqa avtomobillə dəyişdirməklə bağlı cavabdehlə razılığa gəlmiş, avtomobillər dəyişdirilmiş, iddiaçı da şifahi olaraq üzərinə götürdüyü öhdəliyi icra etməklə, avtomobillər arasında pul fərqi olaraq oğlu vasitəsilə cavabdehə 2200 manat pulu cavabdehə vermişdir. Sonradan yaranmış münasibətlər qarşılıqlı olaraq ləğv edilmiş, avtomobillər ilkin sahiblərinə qaytarılmış, lakin cavabdeh iddiaçıdan aldığı 2200 manatı geri ödəməmiş, müəyyən müddət ödəməyə söz versə də həmin pulu qaytarmamış, sonradan isə qaytarmaqdan ümumiyyətlə imtina etmişdir, beləliklə, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehdən 2200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini bildirərək, bu zərərin kompensasiyasını 500 manat kimi qiymətləndirsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, iddia ərizəsində mənəvi sarsıntı, iztirab keçirdiyini qeyd etməklə kifayətlənmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianın bu hissədə təminini məqsədəmüvafiq hesab etmir. İddia tələbinin hüquqi yardıma görə ödənilmiş pulun və dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi yardıma görə 300 manat pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin olunmalı, iddiaçının hüquqi yardıma görə düşdüyü məsrəfin əvəzi olaraq 100 manat pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi kimi 100 (bir yüz) manat, ümumilikdə 2300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar