Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5114/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1700 manat pul vəsaitinin və 37 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “KİA CEED” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Azadlıq stansiya metrosu ərazisində **-PK-*** dövlət qeydiyyat nişanlı “Toyota prius” markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli qərar yazılmışdır. Toyota PRİUS markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1700 manat sığorta ödənişi verilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan işə baxlmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyoto prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA CEED minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. PAZ********** nömrəli icbari sığorta haqqında şəhadətnamə məlumatlarından görünür ki, X3 məxsus “KİA CEED minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03:55 radələrində Cavabdeh tərəfindən idarə olunan “KİA CEED minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyoto prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər vurulmuşdur; Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, Cavabdeh bədən xəsarəti alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Fərhad oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 327.1 və 332.1-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Qərarda müəyyən edilmişdir ki, “15 may 2022-ci il tarixdə təxminən saat 03:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində Cavabdeh X1 məxsus olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Kia Ceed» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olarkən dönmə əməliyyatının aparılması qaydasını pozaraq Azadlıq prospektində sağ tərəfində hərəkətdə olan X4 yol vərəqəsi əsasında idarə etdiyi «Toyota Prius» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Kia Ceed» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bədən xəsarəti almışdır. Belə olan halda, «Kia Ceed» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamə olmadan dönmə əməliyyatının aparılması qaydasını pozaraq özünün bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı üzrə əməlində cinayət tərkibli xüsusatların olmadığı müəyyən edilmişdir. Bununla belə «Kia Ceed» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamə olmadan dönmə əməliyyatının aparılması qaydasını pozaraq özünün bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikasının İXM-İn 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, «Kia Ceed» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan etibarnamə olmadan dönmə əməliyyatının aparılması qaydasını pozaraq özünün bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməli və qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-İn 327.1 və 332.1-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ- nin DYPŞ-yə göndərilməlidir.” xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Toyoto prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 1700 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, CML-3460/2022 nömrəli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş toqquşma hadisəsinə görə “Toyoto prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 1.700 manat məbləğində vəsaitin zərərçəkənin hesabına köçürüldüyü göstərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1700 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, sonuncudan 2 gün müddətində 1700 manat sığorta ödənişinin ödənilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022 saat 03:55 radələrində Azadlıq prospektində cavabdeh tərəfindən idarə olunan “KİA Ceed minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus “Toyoto prius” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobillərə zərər vurulmuşdur. İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 1700 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə, Azərbaycan Respublikasının İXM-İn 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Hazırda iddiaçı cavabdehdən ödənilmiş 1700 manat sığorta məbləğinin subroqasiya qaydasında tutulmasını və iddianın verilməsinə görə ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə “KİA Ceed minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən avtomobilin mülkiyyətçisi X2 iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5114/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5114/2024
04.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver