Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5121/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlikram oğlundan 1350 manat məbləğində pul və ödəmiş olduğu 34 manat dövlət rüsumun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin oktyabr ayında Sabirabad şəhəri, İslam Gözəlov küçəsi 8 №li evdə yaşayan Cavabdeh Əlikram oğlu (tel:***-***-**-**) Sabirabad şəhəri, H.Əliyev prospektində «X3» adlanan parkla üzbəüz sahədə dediyinə görə 70 kv.m sahədə yerləşən qeyri-yaşayış binasını (sahəsini) ona satmaqdan ötrü müvafiq sənədlər hazırlanmasına görə (yəni alqı-satqıya təqdim edilməsindən ötrü satıcının adına müvafiq sənədlər hazırlanmasına görə) 1350 manat nəqd formada pul almışdır. Ona satılması nəzərdə tutulan qeyri-yaşayış binasına baxış keçirilərkən məlum olmuşdur ki, həmin binanın sahibkarlıq məqsədi ilə istifadəsi qeyri-mümkündür, sahəsi 50 kv.metrdən də azdır. Maşın üçün giriş-çıxışı yoxdur. Sahibkarlıq məqsədi ilə istifadəsi mümkün deyildir. Bina qonşu həyətin evinə bitişikdir və ümumiyyətlə sənədləşməsi də mümkün deyildir. Həmin vaxtdan Cavabdeh ona verdiyi 1350 manatı qaytarmaq istəmir. Dediyinə görə həmin binanı nə vaxtsa kiməsə satsa onda onun pulunu geri qaytaracaq. Həmin binanın satılması mümkün deyil. Digər tərəfdən həmin binanın Cavabdeh aidiyyəti olmadığı halda binanı necə satması şübhə doğurur. Odur ki, Cavabdeh hərəkətlərinə qiymət verilməsi və tərəfindən ona verilmiş 1350 manatın qaytarılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdir ki, o, iddianı qəbul etmir. Belə ki, pulu ona Ələmdar yox, Yaşar verib. Bu səbəbdən də, o, pulu əmlak satıldıqdan sonra Yaşara qaytaracaq. Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, iddiaçı onun yeznəsidir. Həmin qeyri-yaşayış sahəsini Ələmdar almaq istəyirdi. Burada olmadığından Ələmdar 1300 manat məbləğində pulu hissə-hissə onun kartına göndərmiş, o isə pulu Təhmasibə vermişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən Azərbaycan Respublikası DİN Sabirabad Rayon Polis Şöbəsində verilmiş izahatından görünür ki, “bildirmişdir ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında İddiaçı ona Sabirabad rayonu ərazisindən bir neçə obyekt almaq istədiyini bildirmiş və həmin obyektin dəyəri 50000-60000 manat olması şərti ilə. İddiaçı bu işnən bağlı ona şəxsən özü pul verməmişdir. Belə ki, bu söhbətdən bir neçə vaxt keçdikdən sonra Ələmdarın qayını Quliyev Yaşar ona zəng edərək sözügedən obyektin sənədləşməsi ilə bağlı ilkin 500 və sonradan 350 manat vəsait vermişdir. Daha sonra isə Quliyev Yaşar ona 450 manat məbləğində pul vermişdir.” xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işin materiallarından və şahidin ifadəsindən görünür ki, iddiaçı Sabirabad şəhərində yerləşən qeyri-yaşayış sahəsi almaq üçün cavabdeh ilə razılaşmış, cavabdeh isə qeyri-yaşayış sahəsinin alınması üçün ona sənədləşmə işlərində köməklik edəcəyini öz öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı rayonda olmadığından qohumu olan Quliyev Yaşara Cavabdeh verilməsi üçün hissə-hissə 1300 manat vəsait göndərmiş, Quliyev Yaşar da öz növbəsində həmin vəsaiti cavabdehə vermişdir. Bu hal cavabdehin polis şöbəsində və məhkəmə iclasında verdiyi izahatlarla da öz təsdiqini tapır. Belə ki, cavabdeh verdiyi izahatlarda Quliyev Yaşardan 1300 manat pul vəsaiti götürdüyünü etiraf etmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin 1350 manat olmasını iddia etsə də, iddia tələbinin yalnız 1300 manat məbləğini ödəməsini sübuta yetirmişdir, qalan 50 manat sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq, iddia qismən təmin edilməli, Cavabdeh 1300 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 32 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat məbləğində pul vəsaiti və 32 (otuz iki) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5121/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5121/2024
23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver