Məhkəmə qərarları › İş №e-2(001)-5166/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5166/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5166/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Paşayev X3 Zaur Vəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi kimi 20000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etsə də, cavabdehin nümayəndəsi Vəkil işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən, məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 252 saylı qərarına və xx.xx.2003-cü il tarixli alğı-satqı aktına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, cavabdeh heç bir hüququ olmadığı halda həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada iddiaçıya məxsus tikililəri sökməyə, həyətdəki daşınar əşyaları satmağa çalışır. Belə ki, 20 kv.metr sahəsi olan daş qarajda aparılmış söküntü işləri nəticəsində iddiaçıya 5000 manat, 30 kv.metr sahəsi olan 2 otaqlı təmirli yaşayış sahəsində aparılmış söküntü işlərinə görə isə 15000 manat, ümumilikdə 20000 manat maddi ziyan vurulmuşdur. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, hazırki iddiadan öndə İddiaçı “zəbt olunmuş torpaq sahəsinin boşaldılmasına dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən 300 kv.metr torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin və tikintinin əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia rədd edilmişdir. Bu barədə məhkəmə aktları qəbul edilərkən iddiaçının tələbi ilə bağlı subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Hazırki iddia tələbinin əsasları ilə birinci iddia tələbinin əsasları eynilik təşkil etsə də, iddianın predmeti başqadır. Bundan öncə verilmiş iddia ərizəsinə cavabdeh tərəfin etirazında da mübahisələndirilən torpaq sahəsində iddiaçı tərəfindən hər hansı bir tikinti işlərinin aparılmadığı və bu tikililərin ona heç bir aidiyyətinin olmadığı əsaslandırılmışdır. Cavabdeh həmin ünvanda 1979-cu ildən yaşayır, belə ki, həmin ünvandakı mənzil cavabdehin atasına “Binəqədinet” NQÇİ-si tərəfindən iş yerindən verilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonunda qeydiyyatdadır, həmin torpaq sahəsi ona ayrıla bilməzdi. Bu torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmamış onun üzərində olan tikili cavabdehin ailəsinin yaşadığı evin əvvəlki sakini X1 tərəfindən inşa edilmişdir. Göstərilən torpaq sahəsi baxımsız qalmış, zibilliyə çevrilmiş, həyətin darvazası çürümüş, çardaq kimi quraşdırılmış dəmir barmaqlıq və lövhələrlə üstü örtülmüş əşyalar cavabdehin, uşaqların səhhəti və həyatı üçün təhlükələr yaratmış, burada tez-tez tanımadıqları şəxslər toplaşaraq səs-küy yaratmış, ictimai qaydanı pozmuşlar.Buna görə də, ərazi üzrə sahə müvəkkilinin iştirakı ilə həmin yer cavabdehin nəzarətinə verilmişdir. Bundan sonra cavabdeh abadlıq işləri aparmağa başlamış, ərazini zibildən təmizləmiş, yararsız hala düşən darvazanı yenisi ilə əvəzləmiş, işıq çəkdirmiş, suvaq işləri görmüş, çardaq quraşdırılmış və s. işlərin görülməsinə 4000 manata qədər xərc çəkmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən də görünür ki, sözügedən torpaq sahəsi binada yaşayan sakinlərin ümumi istifadəsində olan sahədir, burada iddiaçı tərəfindən hər hansı tikinti işləri aparılmamış, ona cavabdeh tərəfindən heç bir maddi ziyan vurulmamışdır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İddiaçı tərəf məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri müdafiə etdiklərini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, doğulandan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsində, cavabdehlə qonşuluqda yaşayır. Cavabdehin ailəsi 1979-cu ildən həmin ünvana köçüblər. Həmin vaxtadək mübahisəli ərazi Kazakov Aleksandrın istifadəsində olmuşdur. Həmin əraziyə bitişik ərazi onun qohumunun olmuş, sonradan onun istifadəsinə verilmişdir. Mübahisələndirilən ərazi Kazakovdan sonra Cavabdeh istifadəsində olmuşdur. İddiaçı həmin ərazidə heç nə tikməmiş, əkməmişdir. 6,5 sotun yarısı Cavabdeh istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X6 digər şahid X5 ifadəsinə uyğun ifadə verdilər. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(001)-1182/2022 saylı qətnaməsindən görünür ki:

1. Paşayev X3 Zaur Vəli oğluna qarşı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsində yerləşən 300 kv.metr torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəldilmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı “İddiaçı istifadəsində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 16-da pasport qeydiyyatında olan, hazırda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi tikilidə yaşayan İddiaçı həmin tikilinin yerləşdiyi 300 kv.metr torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyanın xx.xx.2003-cü il tarixli rəyinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alğı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə hər kv.metr üçün 20800 AZM olmaqla ümumilikdə ******* AZM ödəmək şərti ilə verilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı tərəfindən tanıdılmış 300 kv.metr torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. İddiaçı tərəfindən tanıdılmış 300 kv.metr torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikinti işləri aparılmamışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6375 saylı rəyindən müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 252 saylı qərarı ilə satılan 300 kv.metr torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin iddiaçı tərəfindən tanıdılmış 300 kv.metr torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(001)- 1182/2022 saylı qətnaməsinə əsasən, İddiaçı iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(001)- 1182/2022 saylı qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi, yalnız iddiaçının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehə qarşı həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Bununla yanaşı iddiaçının subyektiv hüququnun olduğu güman edilsə də belə yenə iddia əsaslı sayıla bilməz. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən dəlillərə (torpaq sahəsinin zəbt edilməsi, orada olan tikililərin sökülməsi dair heç bir sübut təqdim etməməklə yanaşı bu dəlillərin mövcudluğu yuxarıda qeyd olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(001)-1182/2022 saylı qətnaməsi ilə əkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi kimi 20000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar