Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5182/2025 28.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 63109 manat məbləğində pul vermişdir.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh müxtəlif vaxtlarda borc olaraq verdiyi 63109 manat məbləğində pul vəsaitinin, həmçinin 280 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb öz xeyrinə ödənilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibət olan dövrdə Cavabdeh iddiaçıdan müxtəlif bəhanələr gətirərək təxminən 4 ay müddətində 8 mart 2025-ci il tarixinə kimi 32700 (otuz iki min yeddi yüz) manat məbləğində borc almış və aldığı borcu 9 mart 2025-ci il tarxində qaytaracağına dair söz vermişdir. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixdə yenidən iddiaçıdan öz yaşadığı evin kirayəsini ödəyə bilmədiyini əsas gətirərək borc istəyərək 900 (doqquz yüz manat) almışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh məxsus LeoBank kartına 150 (yüz əlli) manat məbləğində pul vəsaiti borc məqsədi ilə göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iş quracağını deyərək iddiaçıdan 3000 (üç min) manat və 1880 ( min səkkiz yüz səksən) manat borc almışdır. xx.xx.2025-ci il tarixdə eyni gün ərzində 2 dəfə 538 (beş yüz otuz səkkiz) manat olmaqla, ümumilikdə 1076 (bir min yetmiş altı) manat borc almışdır. xx.xx.2025-ci il tarixdə 397 ( üç yüz doxsan yeddi) manat, xx.xx.2025-ci il tarixdə 382 (üç yüz səksən iki) manat borc almışdır. Daha sonra iddiaçıdan iş quracağını deyərək sonuncuya məxsus 451762XXXXXX4684 nömrəli kartı istəyərək özünə pul lazım olduqca həmin kartdan pulu özü çəkməsini istəmiş və guya iddiaçını narahat etməmək məqsədi ilə etdiyini bildirmiş və ümumilikdə nə qədər pul çəkəcəksə hesablayıb geri qaytaracağını vəd etmişdir. xx.xx.2025-ci il tarixdə 3 dəfə 518 (beş yüz on səkkiz) manat, 2 dəfə 259 (iki yüz əlli doqquz) manat 2 dəfə 207 ( iki yüz yeddi) manat olmaqla, ümumilikdə xx.xx.2025-ci il tarixdə 2486 (iki min dörd yüz səksən altı) manat pul çəkmişdir. xx.xx.2025-ci il tarixdə 40 (qırx) manat xx.xx.2025-ci il tarixdə 518 ( beş yüz on səkkiz) manat və 467 ( dörd yüz altmış yeddi) manat çəkmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə iddiaçı ilə birlikdə banka gedərək özü avtomobildə əyləşmiş və 3000 (üç min) manat pulu kassadan götürərək gəlib Cavabdeh vermişdir. xx.xx.2025-ci il tarixdə Dubaydan avtomobil gətirəcək və bu adla iddiaçıya məxsus kartdan öz hesabına 13000 (on üç min) manat və 1190 ( min yüz doxsan) manat pul köçürmüşdür. Əlavə olaraq, Cavabdeh məxsus ***-***-**-** və ***-***- **-** nömrəsinə bağlı olan “M10” elektron pul kisəsinə ayrı ayrı vaxtlarda 1890 (min səkkiz yüz doxsan) manat borc məqsədi ilə pul göndərmişdir. xx.xx.2025-ci il tarixində evin kirayəsini ödəmək üçün iddiaçıdan 430 (dörd yüz otuz) manat borc istəmiş sonuncu isə Elvin Byaramova məxsus ABB kart hesabına göndərmişdir. Ümumilikdə iddiaçı cavbdehə 63109 (altmış üç min yüz doqquz) manat borc pul vermiş, lakin sonuncu borcunu geri qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
Cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə yazılı etiraz göndərilməmişdir.
Tərəflərin izahatları:
5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş İddiaçı xx.xx.2025xx.xx.2025-ci il tarixləri arasında maliyyə əməliyyatlarını özündə əks etdirən sonuncuya məxsus müxbir hesabdan çıxarışdan müəyyən edilir ki, sözügedən məbləğdəki pul vəsaiti hissə-hissə olmaqla müxtəlif vaxtlarda nağlaşdırılmış və ya digər kart hesabına köçürülmüşdür.
8. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş CD-R diskdəki səs yazılarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul verilmiş, cavabdeh isə həmin vəsaiti qaytaracağına söz vermişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. - Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. - Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. - Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. - Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. - Maddə 248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
12. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
13. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
14. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
15. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 63109 manat məbləğində pul vəsaiti əldə etmişdir.
16. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən ümumilikdə 63109 manat pul vəsaiti iddiaçıdan alınmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır.
17. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla 63109 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə həmçinin iddianın 280 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).
20. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 63109 manat məbləğində pul vəsaiti və iddia qaldırmaq üçün ödənilmiş 280 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
22. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 238, 241, 244, 248, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. 63109 (altmış üç min yüz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 280 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər.
5. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 10-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Rzayev