Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5190/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. “X5” MMC (podratçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı sifarişçiyə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexinin tikintisini öhdəsinə götürmüş, sifarişçi isə işlərin müqabilində ƏDV-siz 195000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “X5” MMC-nin (iddiaçı) "xxxx" MMC-yə (cavabdeh) qarşı “pulun və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçı “X5” MMC-yə ödənilməsi müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, eləcə də Azərbycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-313/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş şikayət təmin edilməmişdir.
3. İddiaçı 195000 (yüz doxsan beş min) manat borcun, habelə vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 485 (dörd yüz səksən beş) manatın Cavabdeh öz xeyrinə tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5” MMC (podratçı) ilə "xxxx" MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən podratçı sifarişçiyə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexinin tikintisini öhdəsinə götürmüş, sifarişçi isə işlərin müqabilində ƏDV-siz 195000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən Sifarişçi görüləcək işin 30%-ni əvvəlcədən, 30%-ni işin ortasında, 40%-ni isə işlər təhvil verildikdən sonra 5 gün müddətində ödəyir. Podratçı tərəfindən ƏDV-siz 195.000 manat pulun Sifarişçidən tutularaq ona ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Həmin məhkəmənin (hakim Zaur Pirverdiyev) xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3853/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Podratçıdan ƏDV-siz 195.000 manat tutularaq Sifarişçiyə ödənilməsi qət edilmişdir (qətnamə əlavə edilir). Qətnamə onunla əsaslandırılmışdır ki, Podratçı tərəfindən Müqavilə üzrə tikinti başa çatdırılmış və Sifarişçiyə təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı Regional Tikinti Müfəttişliyinin rəisi – Bəxtiyar Tağıyevin, Sifarişçinin nümayəndəsi X1 (bundan sonra- “İddiaçı”), Podratçının nümayəndəsi Cavabdeh Zeynal oğlu (bundan sonra- “Cavabdeh”) və Layihəçinin nümayəndəsi Elşad Əsədovun imzaları və adıçəkilən Müfəttişlik və müəssisələrin möhürləri ilə təsdiq olunan “Obyektin istismarına hazırlıq” Aktı ö/005931 Sifarişçiyə təhvil verilmişdir. Müqavilə qiyməti (ƏDV-siz195.000 manat) isə Sifarişçi tərəfindən ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən hakim Elnur Həsənov) xx.xx.2025-ci il tarixli 2-2(103)- 20/2025 nömrəli qətnaməsi və Ali Məhkəmənin Kommersiya Kollegiyasının (sədrlik edən hakim Bəhman Qəribov) 2-2(102)- 313/2025 nömrəli qərarı ilə qətnamələr dəyişdirilmədən saxlanmışdır (qətnamə və qərar əlavə edilir). Qeyd edilməlidir ki, Müqavilə qiyməti Sifarişçi şirkətin təsisçisi olan İddiaçı tərəfindən Cavabdeh şirkətin qanuni təmsilçisi olan Cavabdehə ödənilmişdir ki, Podratçı şirkətə ödəsin. Lakin Cavabdeh tərəfindən həmin pul təyinatı üzrə ödənilməmişdir. Pulun ödənilməsini şahidlər - X3, X9 və X4 təsdiq edilə bilər (şəxsiyyət vəsiqələrinin surəti əlavə edilir). Belə ki, həmin şəxslər Cavabdehə müxtəlif vaxtlarda cəmi 195.000 manatı çatdırmışlar. Bununla da Cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan pul əldə etmişdir, yəni əsassız varlanmışdır. Odur ki, 195.000 (yüz doxsan beş min) manat Cavabdehdən alınıb İddiaçıya qaytarılmalıdır.
Cavabdehin etirazları:
5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər, iddianın əsassızlığına görə rədd edilməli olmasını diqqətə çatdırırlar. Belə ki, İddiaçı qeyd edir ki, onun təsisçisi olduğu "xxxx" MMC ilə cavabdeh İddiaçı təsisçisi olduğu "X5" MMC arasında xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Podratçı Sifarişçiyə məxsus olan Bakı şəhəri Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexinin tikintisini öhdəsinə götürmüşdür. Sifarişçi isə işlərin müqabilində ƏDV-siz 195.000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaya görə, guya, həmin 195 min manat pulu İddiaçı Cavabdeh vermişdir. İddia ərizəsində də göstərildiyi, həmçinin, tərəfimizdən də təqdim olunmuş məhkəmə aktlarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli müqavilə üzrə "X5" ilə "xxxx" MMC arasında mübahisə yaranmış, həmin mübahisə məhkəmə tərəfindən həll edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-3853/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş; Cavabdeh "xxxx" MMC-dən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçı "X5" MMC-yə ödənilmesi qət edilmişdir. - Məhkəmə müəyyən etmişdir ki, iddiaçı "X5" MMC xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, sifariçinin təqdim etdiyi layihə əsasında obyekti tikib təhvil vermiş, müvafiq səlahiyyətli Dövlət orqanı (FHN) tərəfindən obyektin istismarına hazırlıq sənədi verilmişdir. Lakin cavabdeh "xxxx" MMC müqavilə və qanunla üzərinə düşən öhdəliyi icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-385312023 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3853/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. İddiaçının mövqeyində qeyri-müəyyənlik vardır. Belə ki, iddiaçı qeyd edir ki, məhz xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi üzrə "X5" MMC tərəfindən yerinə yetirilmiş işlərin əvəzində guya, "Cavabdeh pul ödəmişdir". Halbuki, qeyd etdiyimiz kimi xx.xx.2019-cu il tarixli müqavilə üzrə Sifarişçi olan "xxxx" MMC tərəfindən "X5" MMC-ə hər hansı vəsait ödənilmədiyi qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə birmənalı müəyyən olunmuş haldır. İşin bu halını yenidən mübahisələndirmək və ya başqa cür təqdim etmək mümkün deyildir. Eyni zamanda, İddiaçı "xxxx" MMC-nin təsisçisi olmaqla, MMC-nin bağladığı müqavilə üzrə yaranmış hüquq ve öhdəliklərə gorə hər hansı səlahiyyətə malik deyildir ve her hansı öhdəlik daşımır. Ona görə də guya, MMC-nin öhdəliyinə gorə ödənilmiş pulun tələb edilməsi üçün iddia qaldrrmağa onun subyektiv hüququ mövcud deyildir. Digər tərəfdən İddiaçı xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi üzrə guya, "pul ödədiyini" qeyd etməklə yanaşı, Cavabdeh qarşı irəli sürdüyü iddianın faktiki ve hüquqi əsasında "əsassız varlanmaya"ya istinad etmişdir. Həm müqaviləyə istinad etməklə, həm də “əsassız varlanmaya”ya istinad etməklə irəli sürülən tələb ziddiyyətlidir. İddiaçı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmadığı, iddianın əsassızlığına artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə birmənalı müəyyən olunması ilə yanaşı, iddiaçının mövqeyinə görə, "əsassız varlanma" tələbi irli sürülmüşdürsə, bu tələbə münasibətdə iddia müddətinin keçməsi nəzərə alınmalıdır. Qeyd etdiyimiz kimi, İddiaçı iddia ərizəsində iki huquqi şəxs arasındakı podrat müqaviləsinə istinad edərək, məhz həmin müqavilə üzrə təsisçisi olduğu hüquqi şəxsin “öhdəliyinin icrası məqsədilə pul verdiyini” iddia edir. Bu halda, onun müqaviləyə istinadı ilə “əsassız varlanma”ya istinadı arasında ziddiyyət yaranmışdır. Müqavilə münasibəti olduğu halda "əsassız varlanma"dan söhbət gedə bilməz. Digər tərəfdən xx.xx.2010-cu il tarixli müqavilə üzrə isə "xxxx" MMC tərəfindən hər hansı vəsait ödənilmədiyi artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuş haldır. İddiaçı özü də məhkəmə hazırlıq iclasında etiraf edir və iş materialları ilə də təsdiq olunur ki, “X5” MMC İddiaçı təsisçisi olduğu "xxxx" MMC-ə qarşı 2022-ci ilin sonlarından başlauaraq, Pretenziya, mediasiyaya müraciət göndərərək, xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi üzrə ödənilməli olan 195 min manat pulu tələb etmiş və nəhayət, 2023-cü ilin yayında iddia qaldırmışdır. Lakin "xxxx" MMC-nin məhkəmədə mövqeyi belə olmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə podratçı “X5” MMC tərəfindən heç bir iş görülmədiyinə görə, podratçıya pul ödənilməmişdir və ödənilməli deyil. Beləliklə, "xxxx" MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirdiyini özü deyən ,İsmayılov ona qarşı “X5” MMC tərəfindən Pretenziya verildiyi vaxtdan mübahisə barədə məlumatlı olmuş və bütövlükdə məhkəmə işinə də özü nəzarət etmişdir. Deməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ondan pul tələb olunduğunu bildiyi, “X5” MMC-nin iddiasına qarşı “müqavilə üzrə iş görülməmiş, pul verilməmişdir və pul verilməməlidir” mövqeyində olan İddiaçı, hazırki iddia tələbini irəli sürmək üçün qanunda müəyyənləşdirilmiş müddəti də ötürmüşdür. Yuxarıdakılara əsasən, iddianın əsassızlığı ilə yanaşı, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər.
Tərəflərin izahatları:
6. 12.09.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, o, pulu Vidadiyə, daha doğrusu Vidadinin dediyi şəxsə vermiş, özü "xxxx" MMC-nin təsisçisidir, pulu tikinti gedən zaman hissə-hissə vermiş, pulu iş gedən zaman vermiş, iki hüquqi şəxs arasındakı müqavilə tikinti ilə bağlı olmuş, tikintini “X5” MMC tikmiş, pulunu isə o, ödəmiş, Kommersiya Məhkəməsində olan işdə iştirak etməmiş, hüquqi şəxslər arasındakı müqavilədən xəbərdar olmamış, o, işi Vidadi ilə danışmış, bu günədək məhkəmədə iddia qaldırmamasını “X5” MMC tərəfindən "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində qaldırılmış və həmin mübahisə ilə bağlı Ali Məhkəmə tərəfindən qərarın qəbul edilməsini gözləmələri ilə əsaslandırmış, əgər həmin tələb təmin edilməsəydi hazırki tələblə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiklərini, pulu cavabdehə 2020-2021-ci illərdə verdiklərini, iddianı gec verməklərinin səbəbini Ali Məhkəmə tərəfindən “X5” MMC ilə "xxxx" MMC arasındakı məhkəmə mübahisəsi ilə bağlı yekun qərarın qəbul edilməsini gözlədikləri ilə əlaqədar olduğunu bildirmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiklərini, Bakı Kommersiya Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə “X5” MMC ilə "xxxx" MMC arasında olan məhkəmə mübahisələrində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili qismində çıxış edən, hazırda da iddiaçının vəkili və nümayəndəsi olan şəxsin cavabdehin direktoru olduğu “X5” MMC-nin onlar üçün hər hansı tikinti işlərini aparmadığını, aparılmış tikinti işlərinin "xxxx" MMC-nin öz hesabına həyata keçirildiyini, ona görə də iddiaçıya hər hansı pul ödəmək kimi öhdəliklərinin olmadığını bildirdiyini və yazılı şəkildə təqdim edilmiş şikayətlərdə qeyd etdiyini bildirmiş və ona əsasən bildirmişdir ki, əgər hazırki tələb üzrə iddiaçı tərəfindən cavabdehə aparılmış tikinti işlərinin qarşılığında hər hansı məbləğdə vəsait ödənilmişdirsə, o zaman bu məsələ digər məhkəmə mübahisələrində niyə ifadə edilməmiş və həmin məhkəmə işlərində ümumiyyətlə heç bir işin görülmədiyinə istinad edilərək pulun ödənilməli olmaması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən müəyyən edilir ki, tərəflər-“X5” MMC (podratçı) ilə "xxxx" MMC (sifarişçi) arasında tikinti münasibətlərini özündə əks etdirən podrat müqaviləsi bağlanmışdır.
10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan müəyyən edilir ki, “X5” MMC tərəfindən "xxxx" MMC-yə görülmüş işin dəyərinin ödənilməsinə dair məlumat (təklif) verilmişdir.
11. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, “X5” MMC-nin (iddiaçı) "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçı “X5” MMC-yə ödənilməsi qət edilmişdir.
12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək sözügedən qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir.
13. İş materiallarında olan AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-313/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyərək sözügedən qətnamənin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
14. İş materiallarında olan, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən müəyyən edilir ki, cavabdeh MMC-nin nümayəndəsi və vəkili qeyd edir ki: “İddiaçı öhdəlik götürdüyü işi görməmişdir. Belə ki, İddiaçı tərəfindən Obyektdə heç bir iş görülməmişdir və tikinti həyata keçirilməmişdir. İddiaçının özünün də elektron kabinetə əlavə etdiyi bir-biri ilə uzlaşan şəkillər və bünövrə planından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexi tikintisi mövcud deyildir. Belə ki, adından və sxemlərdən də göründüyü kimi, plan tikiliyə deyil, yalnız bünövrəyə aiddir, ərazidə də heç bir tikili inşa edilməmişdir. Bu isə İddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin icra edilmədiyini təsdiq edir. Belə olan halda isə, Cavabdeh tərəfindən İddiaçıya hər hansı bir məbləğdə pul ödənilməli deyil və iddia tələbi rədd edilməlidir”.
15. İş materiallarında olan, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, cavabdeh iddianın əsassızlığı ilə yanaşı, iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 ifadəsində bildirmişdir ki, o, əvvəllər “X5” MMC-də qaynaq işləri görmüş, iddiaçı və cavabdehlə əlaqələri olmuş, heç biri ilə ədavəti olmamış, iş yeri Zəngəzur restoranının arxasındakı obyekt olmuş, Əli müəllim obyektin sahibi olmuş, 2020-2022-ci illərdə Vidadi müəllimin şirkətində işləmiş, işə görə pullarını vaxtında ala bilməmiş, Vidadi müəllimdən pul almış, bəzən pulu ala bilməmişlər, o zaman da Vidadi müəllim Əli müəllimdən pulu ala bilmədiyini bildirmiş, iki hüquqi şəxs arasındakı mübahisədən məlumatı olmamış, Əli müəllimin Vidadi müəllimə nağd pul verib-verməməsi barədə məlumatlı olmamış, ərazidə zavod tikmişlər, tikintidə 8 qaynaqçı işləmişlər, tikinti başa çatdıqdan sonra işdən çıxmış, hələ də Vidadi müəllimdən alacaqları var, aylıq maaşı Vidadi müəllimdən almışlar, Vidadi müəllimdən pul ala bilmədikdə Əli müəllimdən pul almışlar.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdeh tərəfindən iddia ilə bağlı təqdim edilmiş etirazı, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı hazırki mübahisə hər hansı bir zərər vurmadan, eləcə də müqavilədən irəli gələn bir mübahisə deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında iddia tələbində irəli sürülən məbləğlə əlaqədar hər hansı bir müqavilə mövcud deyil, eləcə də cavabdehin iddiaçıya zərər vurmasına dair hər hansı bir sübut mülki işin materiallarında mövcud deyildir. Belə olduğu halda iddiaçı öz tələbini əsassız varlanma ilə əsaslandırmış və qeyd etmişdir ki, cavabdeh iddiaçıdan heç bir müqavilə və ya qanuni əsas olmadan 195000 manat məbləğində vəsait əldə etmiş, beləliklə də cavabdeh iddiçının hesabına əsassız varlanmışdır. Ona görə də cavabdehdən 195000 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər.
23. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.
25. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, iddiaçı öz tələbininin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.
26. Məhkəmə işin hallarını, eləcə də təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iddiaçı tərəfindən sübut edilə bilinmədiyindən, başqa sözlə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də tərəflərin təsisçi və direktor olduğu hüquqi şəxslər arasındakı məhkəmə mübahisələri ilə bağlı işə baxılarkən fərqli mövqedə çıxış etdiklərindən və həmin tələb üzrə qanuni qüvvəyə minmiş qətnamə və qərarlar mövcud olduğundan hazırki iddia rədd edilməlidir.
27. Belə ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda hissə-hissə olmaqla 195000 manat məbləğində vəsait verdiyini, həmin vəsaiti iddiaçının obyektində cavabdehin rəhbərlik etdiyi şirkətdən tərəfindən tikinti işlərinin aparılması ilə bağlı verildiyini qeyd etməsinə baxmayaraq, o, həmin vəsaitlərinin verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin də Bakı Kommersiya Məhkəməsində baxılan mübahisə zamanı cavabdehin direktoru olduğu şirkət tərəfindən iddiaçının təsisçisi olduğu şirkət üçün hər hansı işlər görülmədiyini qeyd etmiş və bu fikirlərini bütün instansiya məhkəmələrində müdafiə etmişlər. İddiaçı hazırki mübahisəyə baxılarkən verdiyi izahatında da qeyd etmişdir ki, əgər Bakı Kommersiya Məhkəməsi tərəfindən onun təsisçisi olduğu şirkətin əleyhinə qəbul edilmiş qətnamə Ali Məhkəmə tərəfindən ləğv edilsəydi, o zaman hazırki tələblə məhkəməyə müraciət etməyəcəkdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılmasının əsas səbəbi onun təsisçisi olduğu şirkətə qarşı qəbul edilmiş və qanuni qüvvəyə minərək icraya yönəldlmiş məhkəmə qərarının mövcudluğudur.
28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş hallar sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.
29. Məhkəmə cavabdehin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı təqdim etdiyi ərizəyə münasibətdə qeyd edir ki, iddianın əsaslılığı təsdiq edilmədiyindən, başqa sözlə iddia tələbi sübuta yetirilmədiyindən mövcud olmayan bir tələbə də iddia müddəti tətbiq edilə bilməz.
30. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Ona görə də məhkəmə qeyd edir ki, iddia müddəti mövcud tələblərin məhkəmə vasitəsilə müdafiəsi ilə bağlı müddət olub, iddia müddətinin keçməsi həmin tələblərin məhkəmə vasitəsilə müdafiəsi imkanını aradan qaldırır. İndiki halda iddiaçının tələbi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, mövcud olmayan tələbə münasibətdə iddia müddəti də tətbiq edilə bilməz.
31. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia rədd edildiyindən məhkəmə qeyd edir ki, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumu və vəkilə çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir.
32. Beləliklə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev