Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5254/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X2 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “icra tapşırığının verilməsi və torpaq sahəsinin qalan hissəsinə dair reyestr qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X2 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “icra tapşırığının verilməsi və torpaq sahəsinin qalan hissəsinə dair reyestr qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi ilə iddiaçı 14487 manat kompensasiya ödənişinin ona düşən hissəsinin (0,246 ha torpaq sahəsinin dəyəri çıxılmaqla) bilavasitə ona ödənilməsi üçün "xxxx" ASC-nin Qazax Filialına müvafiq icra tapşırığının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə və bununla da 45,13 sot torpaq sahəsi (0,246 ha torpaq sahəsinin çıxılmaqla) üzərində mülkiyyət hüquqlarının dövlətin adından çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adına keçirilməsinin və torpaq sahəsinin qalan hissəsinə dair reyestr qeydiyyatının aparılması vəzifəsinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
4. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.
5. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı: - İnzibati orqanların təsnifatı: İİ. 31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər). V. Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. - Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. - Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. - Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı: “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 04 oktyabr 2012-ci il tarixli: - İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 nömrəli, 10 aprel 2015-ci il tarixli: - 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. - 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. - 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. - 7.1. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqan kimi müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X1”nin 1.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonraAgentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra– avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra- müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
11. Göründüyü kimi iş üzrə hər iki cavabdeh inzibati akt qəbul etmək səlahiyyətinə malik olan orqanlar olmaqla yanaşı, tərəflər arasında yaranan münasibətlər publik münasibətlər olmaqla onların həyata keçirdikləri fəaliyyət də publik hüququn nizamasalma predmetinə daxildir. Hazırki halda publik hakimiyyət daşıyıcısı olan cavabdehlər tərəfindən iddiaçıya münasibətdə həyata keçirilən fəaliyyət xüsusi hüququn subyekti kimi – mülki dövriyyənin iştirakçısı kimi həyata keçirilən fəaliyyət deyil, inzibati hüququn subyekti, yəni hakimiyyət səlahiyyətindən irəli gələn bir fəaliyyətdir. İddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə inzibati mübahisə olmaqla publik hüquqi xarakter daşıyır. Belə ki, qanunvericilik inzibati hüquq münasibətlərində iştirak edən şəxslərdən ən azı birinin inzibati orqan olmasını müəyyən edir ki, hazırda da iddia tələbinin yönəldiyi hər iki cavabdeh inzibati orqan statusundadırlar.
12. İşin şərh olunan hallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
13. Belə ki, yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
14. Beləliklə məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati orqanlarla fiziki şəxs arasında inzibati hüquq münasibətlərindən irəli gəldiyindən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.
15. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 134 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin bu qərardadın 8-ci bəndində istind edilmiş normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən ödənilmiş 134 manat məbləğində dövlət rüsumu da dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 153.2.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X2 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “icra tapşırığının verilməsi və torpaq sahəsinin qalan hissəsinə dair reyestr qeydiyyatının aparılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin.
2. İddiaçıya müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun.
3. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 134 manat məbləğində pul vəsaiti büdcədən İddiaçı qaytarılsın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev