Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5398/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, Cavabdeh2 17500 manat, həmçinin 143 manat dövlət rüsumunun müştərək qaydada hər iki cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ev almaq məqsədi ilə özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını satmaq qərarına gəlmiş, əvvəldən tanıdığı, gözəllik solununda işləyən Minayə adlı şəxsdən ona köməklik etməsini xahiş etmiş, Minayə isə Mətanət adlı müştərisinin qızıl həvəskarı olduğunu, ona kömək edə biləcəyini demişdir. Beləliklə, Minayə iddiaçını Mətanət adlı şəxslə tanış etmiş, bundan sonra iddiaçı təxminən 2018-ci ilin dekabr ayından Mətanətə özündə olan qızıl-zinət əşyalarını bir-bir, iki-iki nisyə verib 2-3 ay müddətinə pulunu almışdır. Bu üsulla o, Mətanətə ümumilikdə 16500 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Mətanət qızılların dəyərinin 8500 manatını iddiaçıya ödəmiş, 8000 manatını isə borclu qalmışdır. Bugünədək həmin 8000 manat ödənilməmişdir. İddiaçı dəfələrlə Cavabdeh1 zəng edərək ya qızılların pulunu, ya da həmin qızılları geri tələb etsə də, sonuncu onun tələblərinə əhəmiyyət verməmiş, qızılları və ya dəyərini qaytarmayacağını demişdir. Digər Cavabdeh2 da iddiaçı ilə məhz Cavabdeh1 tanış etmiş, Zülfiyəyə zamin olduğunu, onun iddiaçıya qızılları satmaqda kömək edə biləcəyinə inandırmışdır. Zülfiyə ümumilikdə 22500 manat dəyərində qızıl-zinət əşyalarını bir-bir, iki-iki olaraq özünə və rəfiqələrinə satmaq üçün iddiaçıdan götürmüş, götürdüyü qızılların dəyərindən 5000 manatını ödəsə də, 17500 manat ödənilməmiş qalmışdır. İddiaçı Zülfiyədən də ya qızıllarını, ya da onların dəyərini tələb etsə də, nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, iddiaçı cavabdehlərin hərəkətlərindən polisə şikayət vermiş, araşdırma zamanı izahatı alınan Cavabdeh1 güyə iddiaçıya cəmi 3870 manat borcunun qaldığını, Cavabdeh2 isə ümumiyyətlə borcunun qalmadığını göstərmişdir. Halbuki, Cavabdeh1 iddiaçıya 8000 manat, Cavabdeh2 isə 17500 manat borcu vardır. Bu məbləğlər tərəflər arasında qeydə alınan və məhkəməyə CD disklə təqdim edilmiş səs yazıları ilə öz təsdiqini tapır. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı da iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirib, nümayəndəsinin izahatına uyğun izahat verib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçının polisə şikayəti əsasında onun iddiaçıya olan borc araşdırılmış, araşdırma zamanı iddiaçının göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Habelə, hazırki məhkəmə iclasına onun iddiaçıya borcunun olmasına dair heç bir sübut təqdim edilməmişdir. Buna görə də, iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X4 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, həqiqətən də, iddiaçı ilə Cavabdeh2 arasında qızıl alışverişi münasibətləri olmuş, lakin, Cavabdeh2 götürdüyü bütün qızılların dəyərini tam olaraq iddiaçıya qaytarmışdır. İddiaçının polisə şikayəti nəticəsində bir neçə dəfə araşdırma aparılmış, yenə də Cavabdeh2 iddiaçıya borcunun olması halı müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş CD diskdəki səsyazmalarının tarixi təmxinən 3 il əvvələ təsadüf edir. Bundan sonra Cavabdeh2 tərəfindən dəfələrlə ödənişlər edilmişdir. Bu gün iddiaçı Cavabdeh2 ona 17500 manat borcu olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddianın heç bir əsası yoxdur. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçıya 3870 manat borcunun olduğunu, iddianı yalnız bu hissədə qəbul etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini göstərmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 05 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizə ilə polisə müraciət edərək 2020-ci ilin yanvar ayının 18-də Mətanət adlı şəxsə satmaq üçün 15000 manat, elə həmin tarixdən bir müddət sonra Zülfiyə adlı şəxsə 22000 manat dəyərində qızıl-zinət əşlayarı verdiyini, Mətanətin ona 8000 manat, Zülfiyənin isə 17500 manat borcu qaldığını, həmin şəxslərin borclarını qaytarmaqdan boyun qaçırdıqlarını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh1 bu günə kimi Cəmilədən götürdüyü qızıl-zinət əşlayarından bütün pulu ödədiyini, cəmi 3870 manat borcu qaldığını, Cavabdeh2 isə Cəmilədən müxtəlif vaxtlarda qızıl-zinət əşlayarı aldığını, sonradan pulu tam ödədiyini, Cəmiləyə borcunun qalmadığını, Cəmilənin ona hədə-qorxu gələrək ondan ödədiyi borcun üstündə özünün əlavə etdiyi pulları, yəni faizini istədiyini bildirmişdir. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. - 01 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 05 fevral 2022-ci il tarixli, yuxarıda göstərilən qərar 18 may 2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək, əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmiş, faktla bağlı araşdırma aparılmış və 06 iyun 2022-ci il tarixdə yenidən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar 15 avqust 2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. İzahatı alınmış Cavabdeh1 və X2 əvvəli izahatlarına uyğun izahat vermişlər. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Hazırki halda iddiaçı tərəf cavabdehlərin iddia tələbində göstərilən miqdarda borclarının olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Yalnız Cavabdeh1 həm polisə verdiyi izahatında, həm də məhkəməyə ünvanlandırdığı ərizədə iddiaçıya 3870 manat borcunun olduğunu etiraf etmişdir. Buna görə də, iddia yalnız ona münasibətdə qismən, 3870 manat hissədə təmin edilməlidir. İddiaçı tərəf məhkəməyə səs yazılarından ibarət CD disk təqdim etmiş, həmin diskdəki materialları aradırılmış, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olması öz təsdiqini tapsa da, səs yazılarının hansı tarixə aid olması müəyyən edilmədiyindən, məhkəmə hesba edir ki, həmin materiallar sübut əhəmiyyətli material kimi qəbul edilə bilməz. Həmçinin, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi qarşılıqlı yazışma mətnlərinə münasibətdə qeyd edir ki, həmin yazışmaların kimlər arasında, hansı tarixdə qeydə alınması müəyyən edilmədiyindən, onlar da sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1n 3870 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. İddianın təmin edilmiş hissəsi nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,7 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 3870 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58,7 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5398/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5398/2022
20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver