Məhkəmə qərarları › İş №e-2(001)-541/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-541/2023

30.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-541/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 yanvar 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 797a nömrəli qərarı ilə Cavabdeh1 adına ayrılmış 600 kv.metr torpaq sahəsi üzərində ½ hissədə paylı ümumi mülkiyyət hüququnun müəyyənləşdirilməsi, qeyd olunan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı Cavabdeh2 ilə uzun müddət birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu zaman çoxsaylı daşınmaz əmlak və nəqliyyat vasitələri əldə etmişlər. Elxan ailə münasibətləri yaxşı olduğu üçün özünə məxsus olan əmlakları qardaşı İmranın və anası Cavabdeh1 adına rəsmiləşdirmişdir. Hazırda İmranla iddiaçının münasibətləri pisləşmişdir. İmran anaları Süsənə yalan və əsassız məlumatlar verərək, sonuncunun Elxanla münasibətlərinin pisləşməsinə səbəb olmuşdur. Hazırda cavabdehlər əlbir olaraq iddiaçıya məxsus əmlakları müxtəlif üsullarla digər şəxslərin adına özgəninkiləşdirmək yolu ilə Elxanın əmlakını və pulunu mənimsəməyə cəhd edirlər. Nəzərə alınmalıdır ki, Elxan qardaşı İmranla birdə sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən Biləcəri qəsəbəsi ərazisində 3 ədəd, hər biri 600 kv.metr olan torpaq sahəsi əldə etmişlər. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 797a, 789a, 791a nömrəli qərarları ilə torpaq sahələri Elxan, İmran və anaları Süsənin adına rəsmiləşdirilmişdir. Halbuki, anaları Süsənin adına rəsmiləşdirilmiş torpaq sahəsi Elxanın və İmranın maliyyə vəsaitləri hesabına əldə edilmiş, formal olaraq analarının adına rəsmiləşdirilmişdir. Odur ki, iddiaçının həmin torpaq sahəsində paylı mülkiyyət hüququ tanınmalıdır. Hazırda cavabdehlər Elxanın həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 214, 215 və 220-ci maddələrinə əsaslanaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin qərarları ilə tərəflərə ayrılmış torpaq sahələri 3 nəfərin adına sənədləşdirilsə də, faktiki olaraq ödəniş Cavabdeh2 tərəfindən şəxsi vəsait hesabına edilmişdir. Yəni, Elxan və Süsənin adına olan torpaq sahələri məhz İmrana məxsusdur. Eyni zamanda, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, güyə qardaşı İmran ilə uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar, halbuki sahibkarlıq fəaliyyətini quram Cavabdeh2 olmuş, Elxan isə sadəcə olaraq qardaşının işlətdiyi mağazalarda işçi kimi fəaliyyət göstərmişdir. Cavabdeh2 qurduğu biznesə Elxan tərəfindən pul vəsaiti yatırılmamış, aralarında nə müqavilə, nə də ortaqlıq sənədi mövcud deyildir. Hazırki iddianın qaldırılmasında məqsəd qardaşlar arasında yaranmış xoşagəlməz söz-söhbətdir və iddiaçının başlıca məqsədi özü tərəfindən Cavabdeh2 qarşı törədilmiş cinayətin örtbasdır edilməsidir. Belə ki, İmran və Süsən 06 sentyabr 2022-ci il tarixdə hüquq-mühafizə orqanlarına rəsmi şikayətlə müraciət edərək, Elxan tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh2 öldürəcəkləri və onun barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək, ondan pul, özünə məxsus dükanları, torpaq sahələrini və qərardadla üzərinə həbs qoyulmuş avtomobilini tələb edərək ələ keçirdiklərini bildirməklə, onların barələrində qanuni tədbir görülməsini xahiş etmişlər. Sumqayıt Şəhər prokuroru Müqəddəs Sultanov ilkin araşdırma apardıqdan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında 29 sentyabr 2022-ci il tarixli qərar qəbul edmiş, cinayət işi araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. İlkin istintaqla müəyyən edilmişdir ki, cinayət nəticəsində İmrana qardaşı Elxan və onunla əlbir olan digər şəxslərin qanunsuz əməllərin nəticəsində ******* manat məbləğində maddi ziyan vurulmuş, Cavabdeh2, anası Cavabdeh1 və arvadı Vüsalə Qasımova mülki iddiaçı qismində tanınmışlar. Hazırda həmin cinayət işi üzrə istintaq aparılır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının sözügedən torpaq sahəsini hədə-qorxu ilə tələb etməsi həqiqət deyil. İddia ərizəsinə etirazda göstərilmiş cinayət işi hələ istintaq mərhələsindədir. İddiaçı ilə cavabdeh birgə işləyərək gəlir əldə etmişlər, iddiaçı əldə etdiyi gəlir hesabına iddia ərizəsində göstərilən 3 ədəd torpaq sahəsi almışlar, torpaq sahələrindən biri iddiaçının, biri qardaşı İmranın adına, digəri isə anaları Süsənin adına rəsmiləşdirilmişdir. Halbuki, Süsən həmin torpağın alınmasına heç bir vəsait xərcləməmişdir. Hazırda cavabdehlər iddiaçının həmin, Süsənə ayrılmış torpaqdan istifadə etməsinə imkan vermirlər. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Vəkil2 iddia ərizəsinə yazılı etirazda göstərilənləri təsdiq edib, iddianı qəbul etmədiklərini bildirərək, əlavə olaraq izahatında göstərmişdir ki, sözügedən torpaq sahələri 2006-cı ildə əldə olunmuşdur. Həmin vaxt iddiaçı ümumiyyətlə Azərbaycan Respublikasında olmamış, yalnız 2009-cu ildə bura gəlmişdir. Yəni, torpaq sahələri məhz Cavabdeh2 şəxsi vəsaiti hesabına əldə edilmişdir. Hazırda isə İddiaçı hədə-qorxu ilə zorla qardaşının, anasının mülkiyyətini mənimsəməyə cəhd edir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq edilən sübutlar: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 797a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə Cavabdeh1 ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 789a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə X2 ayrılmışdır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 791a saylı qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə X3 ayrılmışdır. Məhkəmə soğrusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 yanvar 2023-cü il tarixdə verilmiş müvafiq cavab məktubunda göstərilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən koordinatlarla verilmiş 579 kv.metr sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Həmçinin torpaq sahəsi dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, sözügedən əraziyə dair sənəd təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə: 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. İlk növbədə iddia tələbinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 03 noyabr 2006-cı il tarixli, 797a saylı qərarına əsasən Cavabdeh1 ayırılmış 600 kv.m. torpaq sahəsi üzərində iddiaçının ½ paylı mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin dispozisiya şərtlərində istər paylı mülkiyyətə istər də birgə mülkiyətə münasibətdə əşyanın hər şeydən öncə mülkiyyət hüququ ilə şəxsə (şəxslərə) aid olması şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşin müəyyən edilmiş halları ilə mübahisəli torpaq sahəsinin nə iddiaçının nədə cavabdehlərin mülkiyyətində olması öz təsdiqini tapmır. Əksinə məhkəmə araşdırılması ilə sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisinə aid olduğu müəyyən edilmişdir. Belə olan halda dövlət mülkiyyətində olan torpaq sahəsinə dair iddiaçının hər hansı mülkiyyət hüququnun tanınması üçün heç bir əsas olmadığından iddia tələbinin qeyd olunan hissəsi təmin edilə bilməz. Tələbin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlı məhkəmə qeyd edir ki, sübutetmə yükü baxımından mübahisəli torpaq sahəsindən istifadəyə iddiaçıya münasibətdə cavabdehərin yaratdıqları maneələrin mövcudluğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər İddiaçı mübahisəli torpaq sahəsində istifadəsinə cavabdehlər tərəfindən hansı maneələrin yaradılmasını, bu maneələrin konkret nədə ifadə olunmasını mötəbər sübutlarla təsdiq edə bilməmiş, tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsidə əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar